Minaların təmizlənməsi və müharibənin təsirinə məruz qalmış ərazilərin yenidənqurulması və bərpası məqsədilə yaradılmış “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühnün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə 9-12 may tarixlərində Azərbaycanada olacaq.Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatında bildirilir ki, səfərin məqsədi ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina probleminin miqyası, bu problemin Böyük Qayıdışa və regionda sabitlik, davamlı sülhə yaratdığı maneələrin dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, “Minalardan üzümlüklərə” devizi altında minalarla çirklənmiş ərazilərin əkin sahələrinə çevrilməsinə dəstək göstərməkdir.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, BAMF-ın prezidenti Umud Mirzəyev və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmilərinin müşayiəti ilə 9 may tarixində Füzuli rayonunun işğaldan azad edilmiş ərazisinə xanım Heidi Kühnün səfəri başlayıb.
Füzuli rayounun Aşağı Əbdürrahmanlı kəndində müharibənin təsirinə məruz qalmış rayonlarda yaşayan analarla keçirilən görüşdə xanım Heidi Kühn dünya qadınlarına səslənərək, hər il dünya üzrə on minlərlə insanın mina və müharibənin mənfi təsirlərindən əziyyət çəkdiyini, hər mina partalayışından sonra bir ailənin və bir ananın həyatının ümidlərinin məhv olduğunu bildirib.
Əli SADIQOV,
Respublika”.