Cənubi Qafqaz regionunda güc sahibi olan Rusiya Ukrayna cəbhəsində sınağa çəkilərkən, Qərb dövlətləri də bu bölgədə güclənməyə çalışır. Brüssel və Vaşinqton formatlarında baş tutan ardıcıl görüşlər, eləcə də Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan və Ermənistanla bağlı bir-birinin ardınca verdiyi sərsəm bəyanatlar da bunun göstəricisidir. Avropa qitəsi və Birləşmiş Ştatlar yaşadığı enerji böhranına görə son çarəni Cənubi Qafqazda genişlənməkdə görür və regionun müharibə aparmış 2 dövləti ilə də balanslı əlaqələr yaratmaq istəyir. Amma bir Avropa ölkəsi var ki, o, bütün qitənin demokratik dəyərlərini heçə sayaraq ermənidən daha çox erməni kimi davranır. Bu "xoruzlar ölkəsi" Fransadan başqası deyil.
Fransa Cənubi Qafqazda ən destruktiv qüvvə kimi çıxış etməkdədir. Hətta İrəvanda revanşist qüvvələr belə prosesə Paris qədər əngəl yaratmır. Fransa Prezidenti Emmanuel Makron ümid edir ki, Ermənistanı öz təsir dairəsinə salmağa müvəffəq olacaq. Fransa indi özünün liderliyilə Avropanın müstəqil siyasətini nümayiş etdirmək, qərbin Vaşinqton mərkəzli siyasətinə Ermənistanın simasında alternativ təklif etmək istəyir. Bunun üçün də əvvəlcə İrəvanın maraqlarından çıxış edir. Təsadüfi deyil ki, Avropa ölkələrinin XİN başçılarının görüşünə paralel dövrdə Fransa Azərbaycan-Ermənistan şərti sərhədinə növbəti yük maşınları karvanı da göndərir. Bu kimi addımlar İrəvanı Parisin dostluğuna inandırmağa hesablanıb. Əslində isə Parisin istər Mərkəzi Asiya, istər Cənubi Qafqaz, istərsə də Avropa kimi dünyanın müxtəlif regionlarında təsirini saxlamağa kömək edəcək xarici tərəfdaşlara ehtiyacı var.
Digər tərəfdən, Fransa Ermənistanı müdafiə etməklə həm də daxili siyasətində dividendlər qazanmağı planlayır. Çünki Yelisey sarayı bilir ki, bu yolla erməni diasporu və millətçi qrupların dəstəyini ala bilər. Rəsmi Paris həm də Afrikadakı uğursuzluqları fonunda itirilən nüfuzunu Cənubi Qafqazda kompensasiya etmək istəyir. Lakin Yelisey Sarayında anlamırlar ki, ermənilər indiyə qədər onlara yardım edən heç bir dövlətə, xalqa sona qədər sadiq olmayıb. Günün birində ondan da imtina edəcək. Buna baxmayaraq, Fransa yenə öz ampluasındadır. Son dövrdə isə Yelisey Sarayı diplomatik və təşkilati səviyyədə bütün resurslarını xüsusi olaraq anti-Azərbaycan kampaniyası üçün cəmləşdirib. Hətta Emmanuel Makron başlatdığı çirkin kampaniyaya şəhər merlərindən tutmuş deputatlara kimi hər kəsi cəlb edir. Avqustun 28-də Fransa Prezidenti Emmanuel Makronun səfirlər konfransındakı çıxışı da buna sübutdur. O, nitqində "Laçın humanitar dəhlizi" kimi ifadələrə yer verib və bu istiqamətdə təzyiq dili ilə danışıb. Təbii ki, Azərbaycana qarşı 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq və təcavüz əməllərini qınamayan, işğal nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünün humanitar vəziyyətinə dair heç bir şərh verməyən Fransa tərəfinin indi Azərbaycanın BMT nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz torpaqlarının azad edilməsi ilə nəticələnən 2020-ci il 44 günlük Vətən müharibəsini qınaması, eləcə də bölgədə humanitar vəziyyətlə bağlı iddialara çıxışında xüsusi vurğu etməsi anlaşılan deyil. Elə bu səbəbdən də Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makronun Laçın dəhlizi ilə bağlı "humanitar dəhliz" ifadəsini işlətməsinə təcili münasibət bildirib. Qurumun mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Emmanuel Makronun regionda mövcud vəziyyətlə bağlı yanlış təəssürat formalaşdıran və Ermənistanı birtərəfli qaydada müdafiə edən qərəzli fikirləri sülh prosesinə xələl gətirir.
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Azərbaycan tərəfi Laçın yoluna alternativ təklif edib. Hətta Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu bir yük avtomobili Ağdam-Əsgəran yolu vasitəsilə Xankəndi şəhərinə çatdırılması üçün sentyabrın 9-da Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, "Samur" sərhəd-buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib. Avtomobil bu gün səhər saatlarında Ağdam-Xankəndi yolundan keçərək Xankəndiyə çatıb. Rusiya Qızıl Xaç Komitəsinin humanitar yükünün Ağdamdan Xankəndiyə aparılması adi hadisə deyil. Bu göstərir ki, Xankəndiyə humanitar yükün aparılması Azərbaycanın bir bölgəsindən digər bölgəsinə yük daşınması kimi sıradan hadisəyə çevriləcək. Erməni separatçılar bunu bilməli və birmənalı şəkildə qəbul etməlidirlər.
Amma onu da qeyd etmək lazımdır ki, reallıqları separatçılar dərk etsələr belə, Fransa bütün həqiqətləri inkar edir. Elə bu səbəbdən də Emmanuel Makron tez-tez yalnışlara yol verir. Amma düşünsək ki, Makronun yeganə səhv yanaşması Cənubi Qafqazla bağlıdır, o zaman yanılarıq. Çünki Yelisey rəhbəri səfirlərin iclasında Afrikadakı proseslər haqqında çıxış edərkən "Biz axmaqlar arasında yaşamağa məhkumuq!" deyib. Amma aydın məsələdir ki, Fransa liderinin "qara qitə" haqqındakı nitqlərində təbliğat və reallıq arasında olduqca böyük fərq var. Nigerdəki hərbi çevrilişdən sonra ortada tamamilə tənha qalan Fransa özünü "demokratiyanın müdafiəçisi" kimi təqdim etməkdən başqa yol tapmır. Amma onun bu gedişləri heç ölkəsində də müsbət qarşılanmır. Belə ki, ölkənin "Le Monde" nəşri yazıb ki, Fransa Prezidenti Emmanuel Makron Afrika qitəsi haqqında danışarkən elə ifadələrdən və təhqiredici fikirlərdən istifadə edir ki, onları ancaq özünə nəzarət edə bilməyən insanlar dilə gətirər.
Makronun özünənəzarəti itirməsi fonunda onun reytinqinin müəyyən edilməsi üzrə keçirilən sorğuların nəticələri də fransız liderin vəziyyətinin bərbad olduğunu üzə çıxarıb. Nəticələrə görə, onun reytinqi 30 faizə kimi enib. Bu isə Fransa prezidentinin idarəçiliyi dövründə ən ciddi fiasko kimi dəyərləndirilir. Prezidentliyinin ilk müddətində tək ölkəsində deyil, Avropada potensial lider kimi nəzərdən keçirilən Makron artıq Fransanı ən acınacaqlı duruma gətirib çıxarıb. Buna səbəb onun siyasət kitablarından, tarix dərsliklərindən xəbəri olmaması kimi qiymətləndirilə bilər. Amma ciddi mənbələri oxuyub dərk edə biləcəyi şübhə doğuran Makron bir el məsəlini bilsə, ona bəsdir: "Vaxtsız banlayan xoruzun başını kəsərlər".
Jalə QASIMZADƏ,
"Respublika".