İranda Azərbaycan səfirliyində baş verən terror hadisəsi bütün dünya tərəfindən qınaq, müzakirə obyektinə çevrildi. Eyni zamanda bu, İranın bizə qarşı qərəzli və xain münasibətinin nəticəsidir. Çünki ötən il avqust ayının 4-də də Londondakı səfirliyimizə hücum hadisəsi olmuşdur. O vaxtlar hadisənin “Mehdinin xidmətçiləri" adlı radikal qruplaşmanın üzvləri tərəfindən törədildiyini bəhanə gətirdilər.
Bu dəfə isə İran məsələyə ailə-məişət zəminində baş vermiş hadisə kimi don geyindirməyə çalışdı. Lakin böyük ehtimalla hadisə İran hakimiyyətinin xüsusi xidmət orqanları tərəfindən əvvəlcədən planlaşdırılmışdır. Hətta mülahizələrə görə, hadisədə səfirliyin bütün üzvlərinin öldürülməsi nəzərdə tutulubmuş. Səfirliyimizə silahlı hücum edən şəxs Yasin Hüseynzadə İran vətəndaşıdır. Molla rejimi buna da başqa ad vermək istədi. Terrorçunun guya erməni əsilli olduğunu və hadisənin də məhz Ermənistan-Azərbaycan münaqişəsi fonunda baş verdiyini bildirdi. Sirr deyil ki, İran hər zaman regionda güc sahibi olmağa çalışıb. Və son dövr Azərbaycanın artan nüfuzu, dünyada söz sahibi olması molla rejiminin qısqanclığına, kəskin aqressiyasına səbəb olub. Yəni bu dövlət Azərbaycanın Cənubi Qafqazda qüdrətli dövlət olmasını həzm edə bilmir. O səbəbdən də İran hər vəchlə ölkəmizin regiondakı inkişafına xələl gətirmək niyyətindədir. Əlbəttə ki, İranın süni erməni sevgisi də ötəridir. Çünki Ermənistan farslara öz niyyətlərini, narkobiznes ticarətlərini həyata keçirmək və bu ölkədən tranzit yol kimi istifadə etmək üçün lazımdır. Məlum məsələdir ki, Azərbaycanın müharibədə qələbə qazanması mollaların heç də işinə yaramadı. O üzdən qələbədən sonrakı dövrdə də anti-Azərbaycan planlarını davam etdirdi.
İran hələ ki, Azərbaycan səfirliyində baş verən hadisə ilə bağlı heç bir ciddi açıqlama verməyib. Nə də ki hansısa bir tədbir görülməyib. Məlum olduğu kimi, bu ölkə hər zaman səfirlik və konsulluqlara hücumu ilə seçilib. Buna sübut kimi, Səudiyyə Ərəbistanının və ABŞ-ın konsulluğuna hücumlarını göstərmək olar. Nəticədə o qənaətə gəlmək olur ki, İran hökuməti səfirlik və diplomatik nümayəndəliklərin toxunulmazlığına zəmanət verə bilmir. Hətta son zamanlar ölkədə baş verən çaxnaşma və qarşıdurmalar səbəbindən isə xarici ölkə vətəndaşlarının təhlükəsizliyi də şübhə altındadır.
Azərbaycan tərəfi hadisə ilə bağlı obyektiv araşdırma tələb edir. Lakin görünən odur ki, hadisə törədən şəxs artıq hökumət tərəfindən qeyri-obyektiv şəraitdə “zərərsizləşdirilib". Belə ki, hadisə törədən şəxs psixoloji xəstə kimi xəstəxanaya yerləşdirilib. Bu isə İran hökumətinin hadisədən diqqəti yayındırıb, özünü məsuliyyətdən çəkindirməsidir.
Hadisənin baş vermə anına diqqətlə baxanda görürük ki, İran Azərbaycan səfirliyində təhlükəsizlik tədbirlərini çox zəif təşkil edib. Silahlı şəxslə mühafizə işçisi arasında olan qarşıdurma bir neçə dəqiqə davam etsə də, qapıda dayanan və ya əraziyə gələn polis heç bir müdaxilə etməyərək hadisə yerindən uzaqlaşır. Bu isə onu deməyə əsas verir ki, baş verənlər İran molla rejiminin düşünülmüş şəkildə təşkil etdiyi prosesdir. İran dövləti Azərbaycanla son dövr münasibətlərdə yaranmış soyuqluğu aradan qaldırmaq əvəzinə, əksinə, bu yolla bizdən qisas almağa çalışır, öz məkrli, xain məqsədini həyata keçirir.
Vətən müharibəsində qələbəmizi həzm edə bilməyən dövlətlərdən biri də İrandır. Əlbəttə ki, İran qonşuluqda Azərbaycanın qüdrətli və qüdrətli dövlət olmasını heç cür qəbullana bilməzdi. Çünki ölkəmizin regionda söz sahibi olaraq öz sərhədlərini möhkəmləndirməsi bir sıra dövlətlər kimi, İranın da işinə yaramırdı. Biznes imkanları əlindən çıxan fars-molla rejimi öz maraqları naminə din qardaşını erməni sevdasına qurban verməyə hazır olduğunu bir daha əməlləri ilə sübut etdi. Hətta tələm-tələsik Qafanda konsulluq açmaqla islam dininin, müsəlmanın qatı düşməni olan Ermənistana bir az da sevgisini artırdı.
Ramidə YAQUBQIZI,
“Respublika”.