İndi Azərbaycan böyük bir yolun başlanğıcında, işıqlı, daha geniş üfüqlər açılan səhərlərin astanasındadır. Ölkəmiz son dövrün iqtisadi inkişafı fonunda özünün yüksəliş dövrünü yaşayır. İstər beynəlxalq aləmdə, istərsə də ölkə daxilində həyata keçirilən irimiqyaslı layihələr çərçivəsində Azərbaycan özünü dünyaya layiqincə təqdim edə bilib. Qoşulduğu bütün layihələrdə etibarlı tərəfdaş kimi özünü təsdiq edib. Hər zaman sülhsevər ölkə kimi qonşu, yaxın dövlətlərlə sülh şəraitində yaşamağa cəhd göstərib.
Onu da xüsusilə qeyd edək ki, Azərbaycana qarşı münasibət İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra fərqli məcrada dəyişib. Çünki ölkəmiz haqq savaşında qələbə qazanmaqla ərazi bütövlüyünü bərpa edib. İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə qarşı qərəzli mövqe tutan ölkələr də oldu. Qonşu, müsəlman dövləti olan İranın da bizə qarşı qərəzli mövqeyi təəssüf doğurur.
Son zamanlar İranın ölkəmizə qarşı təxribatçı hərəkətləri bir sıra suallar yaradır. Niyə həmişə İran hakimiyyətində Azərbaycana qarşı qısqanclıq olub? Anti-Azərbaycan təbliğatına meyil edən bu ölkə regionda gərginlik yaratmağa çalışıb. İranın bizimlə münasibətləri gərginləşdirmək cəhdləri düşmən dəyirmanına su tökməkdir. Əslində, bu, ölkədə yaşayan 35 milyon azərbaycanlıya qarşı biganəlik, soyuqqanlıllıqdır. Bu insanlar hakimiyyət tərəfindən zülm, işgəncə və ayrı-seçkilik görürlər. Amma İran ölkəsində yaşayan 2 milyon erməniyə isti qucaq açır, onları bütün lazımi şəraitlə təmin edir. Həm də Ermənistana arxa, dayaq olmağa çalışır, silah, yanacaq və ərzaqla təmin edir.
İranın qərəzi İkinci Qarabağ müharibəsindəki qələbəmizdən sonra daha da alovlandı. Ölkəmizə qarşı əks-təbliğata, açıq təhdidlərə və sərhəddə irimiqyaslı hərbi təlimlər keçirməyə başladı. Bu yolla Ermənistana dəstək olduğunu göstərməyə çalışdı. Əslində, İran bütün yaxın qonşuları ilə münasibətlərini tənzimləyə bilməyib. Belə ki, İraq, ərəb ölkələri, Pakistan, Əfqanıstan, Türkmənistan və başqa dövlətlərlə ciddi qarşıdurma yaşayıb, yalnız Ermənistana qarşı dost münasibəti göstərir. Çünki burada İranın öz maraqları var. Ermənistan isə həmin maraqların kölgəsində qalır. İranın ölkəmizə qarşı xain münasibətindən biri də Azərbaycanla Ermənistan arasında dövlət sərhədləri müəyyənləşmədən Qafanda konsulluq açmasıdır. İranın bu addımı Ermənistana dost münasibəti göstərmək yox, ilk növbədə Azərbaycana xəyanətidir. İran Azərbaycanın atdığı bütün addımlara və irəli sürdüyü təşəbbüslərə mane olmağa, əngəl törətməyə çalışır. Buna misal olaraq, Zəngəzur dəhlizini göstərə bilərik. İran çox gözəl bilir ki, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan regionda bir daha üstünlüyünü təsdiq edəcək. Bu isə İranın maraq və prinsiplərinə uyğun gəlmir. Azərbaycan isə öz prinsiplərinə daim sadiqdir. Biz bütün qonşu dövlətlərlə sülh və dostluq şəraitində yaşamağı təbliğ etmişik, həmçinin də İranla. Lakin Azərbaycan bütün zamanlarda İranın xəyanəti ilə üzləşib.
Bu il yanvar ayının 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum oldu. Səfirliyin mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərov faciəli şəkildə qətlə yetirildi, iki nəfər isə ağır yaralandı. İranın bu əməli açıq-aydın xüsusi xidmət orqanları tərəfindən əvvəlcədən planlaşdırılan terror hadisəsidir. Bu qanlı terror hadisəsinə məişət donu geyindirməsi və yaxud da hadisəni törədənin dəli damğası ilə dəlixanaya salınması, terror hadisəsini min bir cəhdlə ört-basdır etməyə çalışması İran hökumətinin bu cinayətdə əli olduğunu bir daha təsdiq edir. Səfirliyə silahlı basqın edən Yasin Hüseynzadə İranın xüsusi xidmət orqanları, əsasən də SEPAH-la əlaqəli olduğu haqqında əsaslı dəlillər var.
Ümumiyyətlə, yaxın tarixə nəzər salanda görərik ki, İran rejiminin xarici ölkələrin səfirlik və konsulluqlarına hücum etməklə bağlı "zəngin ənənəsi" var. Bundan öncə ABŞ səfirliyi, Səudiyyə Ərəbistanı konsulluğuna başqa ölkələrdə olan səfirlik və nümayəndəliyə də hücumlar təşkil ediblər. ABŞ-ın İraqdakı konsulluğuna və İsrailin Argentinadakı nümayəndəliyinə olan silahlı basqınları da misal çəkə bilərik.
İran rejimi son dövrlər anti-Azərbaycan təbliğatını və siyasətini guya yumşaltmağa çalışsa da bunun qeyri-rəsmi olduğu davranışlarında özünü büruzə verir. Anlaşılan odur ki, Azərbaycanın hazırda yaratdığı siyasi reallıqlar molla rejimini narahat edir. Bununla da İran dövləti nəinki, Azərbaycana qarşı qərəzli mövqe tutur, hətta özlərinin məkrli, xain planlarını həyata keçirmək üçün ölkəmizin daxilindən də havadarlar tapmaqdan çəkinmirlər. Belə ki, İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış bir qrup Azərbaycan vətəndaşı ölkə ərazisində sabitliyin pozulması məqsədilə təxribatlar hazırlamışdır. Ölkə ərazisində silahlı iğtişaşlar törətməklə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə "Kərimə dövləti"nin yaradılması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı qurulmuşdur. Dəstə üzvləri xaricdən göndərilən pul vəsaitlərini Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətinin maliyyələşdirilməsinə sərf edərək, iğtişaşlar törətməkdə maraqlı olublar. Nəzərdə tutulan planların Azərbaycanda həyata keçirilməsini və yeni "Kərimə dövləti"nin qurulmasını hazırlayan isə təəssüf ki, İrandır. Əlbəttə ki, İranın din pərdəsi altında öz məkrli planlarını həyata keçirmək cəhdləri Azərbaycanda tamamilə darmadağın edildi.
Terroru təbliğ edən İran əslində öz mövqeyini hələ illər əvvəl, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalda saxlanıldığı zamanlarda göstərmişdir. Qarabağ torpaqlarında ermənilər tərəfindən onlarla məscidlərimizin dağıdılaraq yerlə-yeksan edildiyi bir vaxtda İran müsəlman ölkəsi olaraq heç bir reaksiya vermədi. İşğal altında olan ərazilərimizdə "əkin-biçinlə" məşğul olan molla rejimi əksinə, ermənilərə dəstək, arxa oldu. "Kərimə dövləti" xülyası ilə ölkəmizə qarşı qərəzli mövqeyini həyata keçirməyə çalışdı. Lakin Azərbaycanın yaratdığı yeni siyasi reallıqlar regionun inkişafında yeni mərhələ olmaqla yanaşı, bizə düşmən mövqedə duranlara da tutarlı cavab oldu.
Ramidə YAQUBQIZI,
"Respublika".