Azərbaycan ədalətli mövqe nümayiş etdirir
Digər xəbərlər

Azərbaycan ədalətli mövqe nümayiş etdirir

Prezident İlham Əliyev iyulun 22-də Şuşada "Euronews" televiziyasına müsahibə verib. Müsahibə zamanı ölkə başçımız bir sıra vacib məqamlara toxunub. Məsələ ilə bağlı danışan millət vəkili Vüqar Bayramov qeyd edib ki, dövlətimizin başçısının da vurğuladığı kimi, 10 noyabrda imzalanan sənəd Bəyanatdır, sülh müqaviləsi deyil. Azərbaycan sülh müqaviləsinin bağlanmasında maraqlı olan tərəfdir.

Məlumdur ki, ölkəmiz 5 prinsipdən ibarət olan sülh paketini Ermənistana təqdim edib. Sülh müqaviləsi ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində reallaşmalıdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, 30 illik işğal nəticəsində Qarabağ və Şərqi Zəngəzurda olan yaşayış məntəqələri demək olar ki, tamamilə dağıdılıb. Ağdam, Füzuli yerlə-yeksan edilib, xarabalığa çevrilib. Bu gün Azərbaycan işğaldan azad edilmiş əraziləri öz daxili vəsaiti hesabına yenidən qurur və bərpa edir.

Prezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibəsində həm Qərbə, həm də beynəlxalq təşkilatlara ünvanlanan bir sıra mühüm mesajlar da yer alır. Azərbaycan, həmçinin Avropa İttifaqı ilə Ermənistanla sülh müqaviləsinin imzalanması barədə danışıqları davam etdirir. Şübhəsiz, Azərbaycan separatizmə qarşı Qərbin Ukraynaya olan dəstəyinin məhz Cənubi Qafqazda da reallaşmasını istəyir. Çünki bir tərəfdən Avropa İttifaqı, Qərb, eləcə də aparıcı dövlətlər Ukrayna məsələsində vahid mövqe nümayiş etdirdilər. Azərbaycan da uzun müddət torpaqları işğala məruz qalan ölkələrdən biri olub və burada hələ də separatizm meyilləri mövcuddur. Bu ölkələrin Qarabağ məsələsində də oxşar mövqe nümayiş etdirməsi çox vacib idi və indi də vacibdir.

Təbii ki, Azərbaycan Prezidenti bu məsələni bir daha diqqətə çatdırdı. Eyni zamanda, ölkə başçımız müsahibəsində açıq şəkildə bəyan etdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı olaraq Konstitusiyamıza uyğun şəkildə ölkəmizdə yaşayan bütün xalqların istifadə etdiyi və faydalandığı hüquqlardan yararlana bilərlər. Əks halda, onlar ölkəni tərk etməlidirlər. Daha dəqiq desək, Qarabağda yaşayan ermənilərin iki yolu var. Təbii ki, Azərbaycan öz Konstitusiyası çərçivəsində bütün xalqların, vətəndaşların hüquqlarını qoruyur və buna təminat verir. Ona görə də bu məsələ bir daha Prezident İlham Əliyevin müsahibəsində xüsusilə qeyd olundu. Laçın yolu ilə bağlı məsələlərdə Azərbaycanın mövqeyi bir daha dünya ictimaiyyətinə çatdırıldı. Azərbaycanın regiondakı dəyişikliklərlə, o cümlədən Ermənistanla bağlı mövqeyi açıq şəkildə bəyan edildi.

N.BEYDİYEVA,

"Respublika".