Hər bir xalqın və dövlətin inkişafında liderlərin əvəzsiz rolu vardır. Cəmiyyətin bütün təbəqələrini öz ətrafında birləşdirməyi bacaran uzaqgörən, qətiyyətli lideri olan dövlətlər zamanın bütün sınaqlarından şərəflə çıxaraq mühüm tarixi nailiyyətlər qazanmışlar.
Belə şəxsiyyətlər arasında müstəqil, demokratik Azərbaycan dövlətinin qurucusu və banisi, ümummilli lider Heydər Əliyevin adını hər bir azərbaycanlı böyük fəxarətlə, qürur hissi ilə çəkir. Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və azərbaycançılıq məfkurəsinin mövcudluğu üçün xalqımız Heydər Əliyevə borcludur. Ulu öndərin Vətən və xalq qarşısındakı xidmətləri misilsiz və ölçüyəgəlməzdir. Ölkəmizin dinamik inkişafı, beynəlxalq aləmdə böyük nüfuz qazanması, regionun aparıcı respublikasına çevrilməsi məhz Heydər Əliyevin titanik fəaliyyətinin nəticəsidir.
Ömrünü doğma xalqına həsr etmiş dahi öndərin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan olunmuşdur. Azərbaycan tarixinə adı qızıl hərflərlə həkk edilmiş dahi şəxsiyyəti hər birimiz böyük ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edirik.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovetlər birliyindən miras qalmış hüquq sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması və hüquqi dövlət quruculuğunun həyata keçirilməsi qarşıda duran əsas vəzifələrdən biri idi. Bu sahədə atılan konkret və qətiyyətli addımlar, tələb olunan islahatlar yalnız 1993-cü ilin iyununda Heydər Əliyevin növbəti dəfə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir.
Ulu öndər gözəl bilirdi ki, keçmiş hüquq sistemi insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsinin tam səviyyədə təmin olunmasına imkan vermir və yeni dövrün tələbləri ilə ayaqlaşmır. Həmçinin mövcud hüquq sistemi Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına, bazar iqtisadiyyatının və sahibkarlığın inkişaf etdirilməsinə imkan yarada bilmirdi.
Ölkəmizdə sözün əsl mənasında demokratik dəyərlərə əsaslanan hüquq sisteminin yaradılmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə, müstəqil ədalət mühakiməsinin bərqərar olunmasına yönəlmiş məhkəmə-hüquq islahatlarının aparılmasına ehtiyac var idi. Məhz buna görə, ulu öndərin bilavasitə rəhbərliyi ilə genişmiqyaslı məhkəmə-hüquq islahatlarına başlanıldı və hüquqi dövlət quruculuğu yeni inkişaf mərhələsinə qədəm qoydu.
Bu sahədə ilk addım yeni milli Konstitusiyanın qəbul edilməsi oldu. Sovet dönəmində 1921, 1927, 1937 və 1978-ci illərdə Azərbaycanda dövrün ideologiyasına uyğun Konstitusiyalar qəbul olunmuşdu. Müstəqil Azərbaycanın ilk milli, demokratik Konstitusiyasının hazırlanıb qəbul edilməsi isə ulu öndərin adı ilə bağlıdır.
1994-cü ilin iyul ayında Milli Məclisin iclasında ölkə Prezidenti Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyanın fəaliyyətə başlaması qərara alındı. Komissiyanın birinci iclasında ulu öndər Əsas Qanunun parametrlərini müəyyən edərək demişdir: "Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yeni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etmək və Azərbaycan Respublikasının özünəməxsus tarixi-milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir. Bir sözlə, biz elan etmişik və mən bir daha bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi sivilizasiyalı dünyəvi dövlət qururuq".
Beləliklə, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə (referendumla) qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar üçün möhkəm hüquqi baza yaratdı. Əsas Qanunda demokratik, dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu əsasında dövlətimizin formalaşması, o cümlədən hüquqi dövlətin bütün prinsipləri-qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi. Konstitusiyanın III fəslində 158 maddədən 48-i insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edildi. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının başlıca vəzifəsi elan olundu.
Ölkəmizdə demokratik proseslərin sürətləndirilməsi, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi, qanunların beynəlxalq normalara uyğun hazırlanması məqsədilə 1996-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Prezident yanında Hüquqi İslahatlar Komissiyası yaradıldı.
"Ədalətsizliklə ədaləti bərpa etmək olmaz'' tələbini irəli sürən ulu öndərin humanizm prinsiplərinə sadiqliyi, insanpərvərliyi, vətəndaşların hüquq və azadlıqlarının təmini ilə bağlı qətiyyətli mövqeyi Azərbaycanda demokratik cəmiyyətin formalaşmasının çox mühüm amili olmuşdur. Hüquqi islahatlar beynəlxalq təcrübə və milli ənənələr nəzərə alınmaqla işlənib hazırlanmış və həyata keçirilmişdir. Humanizm prinsipləri əsas tutularaq 1993-cü ildə MDB məkanında ilk dəfə Azərbaycanda ölüm cəzasının tətbiqinə moratorium qoyulmuş, 1998-ci il fevralın 10-da isə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzası ləğv edilmişdir. Bu qətiyyətli addım beynəlxalq aləmdə dövlətimizin demokratik dəyərlərə sədaqətinin bariz nümunəsi kimi yüksək qiymətləndirilmişdir.
Ümummilli liderin təşəbbüsü ilə 1995-ci ildən əfv və amnistiya təsisatlarının bərpasına, cəzaların icrası sisteminin yenilənməsinə, cəzaçəkmə müəssisələrində mövcud şəraitin beynəlxalq tələblərə uyğunlaşdırılmasına başlanıldı. Eyni zamanda, Avropa təsisatlarına inteqrasiya məqsədilə 1996-cı il iyunun 8-də Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramı, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının müddəaları nəzərə alınmaqla bir sıra yeni qanunlar qəbul olundu.
Görkəmli dövlət xadimi Heydər Əliyev yaxşı bilirdi ki, müstəqil məhkəmə hakimiyyəti olmadan hüquqi dövlət quruculuğunun, insan hüquq və azadlıqlarının müdafiəsinin tam səviyyədə təmini mümkün deyildir. Müəllifi ümummilli lider olan müstəqil Azərbaycanın Konstitusiyasında ilk dəfə olaraq "məhkəmə hakimiyyəti" anlayışı öz əksini tapdı. Bu baxımdan, məhkəmə hakimiyyəti, onun hüquqi dövlətdə rolu və yeri ilə bağlı əsas ideyalar Konstitusiyada təsbit olundu. "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında" qanunlar məhkəmə-hüquq islahatları sahəsində atılan ilk və çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin formalaşması və fəaliyyət göstərməsi üçün geniş imkanlar açdı. Konstitusiya nəzarəti ideyası qəbul olundu.
Ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan islahatlar nəticəsində birinci instansiya, apellyasiya və kassasiya instansiyalarından ibarət yeni üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır. Yeni məhkəmə quruluşu işlərə birinci instansiya məhkəmələrində baxılmasına, verilmiş apellyasiya şikayətləri və protestləri əsasında işə apellyasiya qaydasında yenidən baxılmasına, daha sonra isə məhkəmə qərarlarının kassasiya qaydasında yoxlanılmasına imkan yaratmışdır.
Beləliklə, ümummilli liderin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları nəticəsində ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuş, beynəlxalq prinsiplərə və normalara uyğun mütərəqqi qanunlar və məcəllələr qəbul edilmişdir. Demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni üçpilləli məhkəmə sistemi, konstitusiya nəzarəti, hüquq-mühafizə fəaliyyəti təkmilləşdirilmiş, insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri formalaşdırılmışdır.
Ulu öndərin hüquqi dövlət quruculuğu strategiyasını uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı imzalanmış 19 yanvar 2006-cı il və 15 iyul 2010-cu il tarixli fərmanlar, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli fərman məhkəmə fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə keçməsini şərtləndirmişdir. Fərmanların uğurla icrası nəticəsində vətəndaşların məhkəmələrə əlçatanlığı artmış, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi genişləndirilmiş, məhkəmə icraatında çevikliyin və şəffaflığın təmin edilməsi üzrə qanunvericiliyə mühüm dəyişikliklər edilmişdir.
Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" məhkəmə işlərinin, xüsusilə kommersiya mübahisələrinin həllində müasir İKT-lərin tətbiqi, mübahisələrin alternativ həlli vasitələrinin genişləndirilməsi, mediasiyanın təşviqi ilə əlaqədar qarşıda mühüm vəzifələr qoymuşdur.
Tarixi əraziləri işğaldan azad etməklə yeni qlobal reallıqlar fonunda dinamik inkişaf, yüksəliş dövrünü yaşayan respublikamızın hərtərəfli tərəqqisinə uyğun olaraq məhkəmə-hüquq sistemində də zəruri islahatlar davam etdirilir.
"Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə söykənən inkişaf strategiyasının reallaşması yaxın gələcəkdə mühüm dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacaq, xüsusilə prioritet sahələrdə artım templəri sürətlənəcək, iqtisadi inkişafın dayanıqlılığı daha da güclənəcəkdir.
Bu gün müstəqil Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq inamla işıqlı gələcəyə doğru addımlayır. Ölkəmiz məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, insan hüquq və azadlıqlarının təmini, demokratikləşmə sahəsində yeni uğurlara imza atır. Dövlətimizin başçısının məhkəmə-hüquq sisteminin inkişafına göstərdiyi misilsiz qayğıya cavab olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə, birinci instansiya məhkəmələrinin qərarlarından daxil olmuş şikayətlərin obyektiv surətdə araşdırılıb ədalətin təmin olunmasına var qüvvəmizlə çalışırıq.
Orxan İSMAYILOV,
Şirvan Apellyasiya Məhkəməsinin hakimi.