Məlum olduğu kimi, sonuncu Brüssel görüşü bir sıra vacib məqamlarla yadda qalıb. Bunlardan biri də Azərbaycanın Qarabağda yaşayan ermənilərə ərzaq tədarükünün Ağdam yolu üzərindən həyata keçirilməsi ilə bağlı idi. Ölkəmizin bu təklifi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən dəstəklənsə də, Ermənistan sülhə maraqlı olmadığını, hər vəchlə sabitliyə əngəl törətmək niyyətini bir daha göstərdi.
Millət vəkili Elman Nəsirov “Respublika”-ya açıqlamasında bildirib ki, Ermənistan yenə öz köhnə ampulasındadır:
“Bu nöqteyi-nəzərdən, Paşinyan hakimiyyəti heç də Köçəryan və Sarkisyan idarəçiliyindən fərqlənmir. Onlar da həll edici məqamlarda siyasi hoqqabazlığa, hərbi aventüraya əl atmaqla fundamental addımların qarşısını alırdılar. Paşinyan da eyni oyunu oynayır. Artıq Brüsseldə, Moskvada, Vaşinqtonda, Kişineuda intensiv danışıqlar gedir. Bundan başqa, sülh müqaviləsinin razılaşdırılması ilə bağlı da proseslər davam edir. Azərbaycanın 5 baza prinsipi qəbul edilib. Vaxtilə “Qarabağ Ermənistandır” deyən Paşinyan, indi “Qarabağ Azərbaycandır” deyir, ərazi bütövlüyümüzü tanıdığını bildirir. Amma bütün bu reallıqlar fonunda deyilənlərə zidd olan addımlar atılır ki, sülh müqaviləsi imzalanmasın. Ermənistan bu məqsədlə indi də Laçın sərhəd-buraxılış məntəqəsində bir şou yaradıb. Ermənistan fon yaradır ki, guya Azərbaycan Qarabağda yaşayan ermənilərə qarşı humanitar fəlakət siyasəti həyata keçirir, təzyiq metodlarını işə salır. Bu isə ağ yalandır. Buna Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri də şahiddirlər ki, Laçındakı sərhəd-buraxılış məntəqəsindən yüzlərlə nəqliyyat vasitələri ərazidən keçirdilər. Bəs, ermənilər indi niyə hay-küy qoparır? Çünki daha Ermənistandan Qarabağa silah-sursat, hərbi texnika, minalar, canlı qüvvələrin keçirilməsi mümkün deyil”.
Elman Nəsirov həmçinin, Ermənistanın yalanlarını dünyaya yaymaqla beynəlxalq ictimaiyyətin gözünə kül üflədiyini qeyd edib:
“Halbuki, son Brüssel görüşündə Azərbaycan yüklərin Ağdam yolu ilə daşınmasını təklif etmişdi. Məsələ ondadır ki, bu yol standartlara uyğundur, logistik imkanları genişdir. Amma Ermənistana bu lazım deyil. Onları narahat edən silah-sursat və minaların daşınmasının qarşısının alınmasıdır. Təəssüflər olsun ki, bu gün bir çox Qərb ölkələrinin səfirləri də Ermənistanın qurduğu oyunun iştirakçısına çevrilib. Mən bilmirəm, onlar bu oyunda rejissor kimi, yoxsa tamaşaçı kimi iştirak edir. Hətta iş o yerə çatıb ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel də bu məsələyə qatılıb, Azərbaycana qarşı mövqe ortaya qoyub. Əslində Cozef Borelin bu addımı ağacda oturub öz budağını kəsməkdən başqa bir şey deyil. Avropa İttifaqının qlobal maraqları bir yana, onun yüksək rütbəli məmuru da erməni maraqlarına xidmət edən mövqe ortaya qoyur”.
Deputat Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatındakı müstəsna rolunu da xatırladıb:
“Bu gün Azərbaycan qaz təchizatını iki dəfə artıqmaq kimi bir öhdəlik boynuna götürüb. Buna görə ki, Avropa İttifaqı ölkələrinin liderləri həm Brüsseldə, həm Bakıda Prezident İlham Əliyevdən dəfələrlə bunu xahiş ediblər. Trans Adriatik Boru kəmərinin (TAP) ötürücülük qabiliyyəti 10 milyard kubmetrdir, biz onu 20 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. Trans Anadolu qaz boru kəmərinin (TANAP) ötürücülük qabiliyyəti isə 16 milyard kubmetrdir, biz onu 32 milyard kubmetrə çatdırmağı proqnozlaşdırmışıq. Bunların hər biri Avropa İttifaqının xahişi ilə yerinə yetirilir. Azərbaycanın işi haqq işidir. Biz ədalətin tərəfdarıyıq, güclü dövlətik. Azərbaycanla heç kim diktə dili ilə danışa bilməz. Şərtləri biz müəyyən edirik. Ən böyük gücümüz isə ölkədə xalq-hakimiyyət birliyinin olmasıdır. Xalq öz Prezidentinə arxalanır, ölkə başçımız isə xalqının milli mənafeyinə xidmət edən siyasət yürüdür. O siyasət ki, xalqın təhlükəsizliyini və rifahını təmin edir”.
Nəzrin ELDARQIZI,
“Respublika”.