HEYDƏR ƏLİYEVİN SİYASİ KURSU MÜSTƏQİL AZƏRBAYCANIN DÖVLƏTÇİLİK İDEOLOGİYASIDIR
Siyasət

HEYDƏR ƏLİYEVİN SİYASİ KURSU MÜSTƏQİL AZƏRBAYCANIN DÖVLƏTÇİLİK İDEOLOGİYASIDIR

Müstəqil müasir Azərbaycanın qurucusu və banisi olan Heydər Əliyevin siyasi kursunun inkişafı sayəsində təşəkkül tapan milli dövlətçilik ideologiyası öz obyektiv amilləri və qanunauyğunluqları ilə şərtlənmiş və həyati, elmi, siyasi, fəlsəfi məzmunu ilə sosial mühitdə üzə çıxan çoxsaylı obyektiv hadisələrin təsiri nəticəsində səciyyələnmişdir.

Məhz elmi-nəzəri, fəlsəfi yöndən nəzər yetirsək, ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi bütün siyasi proseslərin strukturuna daxil olan subyektlər, yəni real hakimiyyət və ya onun daşıyıcıları prosesin əsas məqsədi kimi məhz Heydər Əliyev tərəfindən yaradılan və əldə edilən obyektlərə, dövlətçilik ideologiyasının fəal proseslərinə, onun vasitələrinə, metodlarına, resurslarına, icraçılarına aiddir. Bunlar siyasi proseslərin ideoloji və maddi-mənəvi tərəfləri və onun əsas fəal resursları kimi çıxış edir. Siyasi prosesin ideal və maddi-mənəvi tərəflərinə isə siyasi elm, intellektual bilik, dövlətçilik ideologiyası, habelə müasir texniki və maliyyə vasitələri, kütlələrin əhvali-ruhiyyəsi, prosesin iştirakçıları və onların arzu və məqsədləri, ictimai əhatə dairəsinin vəziyyəti və digər amillər daxildir. Bütün bunların fonunda həmin siyasətin daxili və xarici tərəflərinin harmoniyasını ustalıqla və böyük uzaqgörənliklə təşkil edən unudulmaz dövlət xadimi Heydər Əliyev Azərbaycanın güclü və suveren milli dövlət kimi qurulub yaradılmasında öz konsepsiyasını, yəni yeni diplomatiya məktəbini, yetkin və yenilməz siyasi-ideoloji, sosial-siyasi-mədəni və iqtisadi mexanizmini işləyib yaratdı. Məlumdur ki, sadaladığım proseslər heç nədən təşəkkül tapmır, o özünə aid olan ideyalar, nəzəriyyə və konsepsiyalar əsasında yaradılır, təşkil edilir. Nəzəriyyə və ya konsepsiyaların işlənib hazırlanması isə özündə siyasi məqsədlərin seçilməsini, ideallaşdırılmasını bariz şəkildə əks etdirir. Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə Azərbaycan siyasətində siyasi prosesə aid məqsədlər elə formalaşdırılır ki, mövcud prosesin ideya və konsepsiyalarına bütünlüklə və tam dolğun məzmunu, siyasi yetkinliyi ilə cavab verir. Əlbəttə, ideal məqsəd siyasətin meyarı kimi səciyyələnirsə, konkret məqsədlərin real surətdə həyata keçirilə bilməsi ilə fərqlənir.

Heydər Əliyevin dövlət və cəmiyyət quruculuğu sahəsindəki milli və ümumbəşəri ideyaları daim inkişaf edərək, bir mərhələdən digər uğurlu mərhələyə qədəm qoyaraq, siyasi gerçəkliyini sosial-tarixi proseslərin xüsusi bir növünə çevirir. Həmin gerçəkliklə bağlılıq, kəsb edilən siyasi fəaliyyətin iştirakçılarının məzmunlu, ardıcıl siyasi fəaliyyəti həm də onların vətəndaşlıq mənafeləri ilə əlaqədardır və nəticə etibarilə siyasi hakimiyyətin demokratik təməllər üzərində yetkinləşməsi və daim uğurla inkişaf etməsi ilə səciyyələnir. Heydər Əliyevin siyasi kursu müasir Azərbaycanın dövlətçilik ideologiyasında siyasi sistemin tərkibinin, fəaliyyət proqramının təkmilləşməsinə və davamlı milli inkişaf konsepsiyasına sürətlə istiqamətlənir. "Biz azərbaycanlıyıq. Hamımızın vətəni Azərbaycandır. Bu torpaq bizi xalq kimi, millət kimi, şəxsiyyət kimi böyütmüşdür. Ona görə də hər birimizin varlığında azərbaycançılıq ruhu yaşayır. Azərbaycançılıq ruhu, azərbaycançılıq ideologiyası bizi biri-birimizlə daha sıx bağlayan birliyə sövq edən amildir", - deyən böyük azərbaycanlı Heydər Əliyev ölkəsinin milli ideologiyasını məhz dövlətçilik ideologiyası və azərbaycançılıq ideyası ilə bağlayır, siyasi proseslərin inkişaf səbəblərinin çoxcəhətli və çoxşaxəli tərəflərini hüquqi, demokratik dünyəvi dövlət quruculuğu prinsipləri üzərində təkmilləşdirir, həmin ideologiyanı milli-mənəvi dəyərlərin vəhdətində, ideya sintezliyində görürdü. İqtisadiyyatda, sosial strukturda, mənəvi-siyasi dəyərlər sistemində baş verən müsbət dəyişikliklər, eləcə də Azərbaycan cəmiyyətinin siyasi sferasının özünün təkamülü nəticəsində yaranan mütərəqqi sosial siyasət modeli və onun ardıcıl olaraq davamlı inkişafı məhz Heydər Əliyev dühasının məhsulu idi.

Azərbaycan Respublikasının dövlətçilik siyasətində xüsusi siyasi proseslərin inkişafında müxtəlif sosial subyektlərin öz tələbatını, mənafeyini uğurlu təzahür etdirməsi, siyasi və idarəetmə qərarlarını qəbul edən təsisatların, qrupların mənafeyini operativ və obyektiv olaraq daim nəzərə alması, qəbul edilən taleyüklü qərarların həyata keçirilməsi Heydər Əliyevin siyasi iradəsinin ifadəsi idi. Məhz dahi liderin siyasi iradəsinin idarəetmə və dövlətçilik fəaliyyəti vasitəsilə reallaşan hakimiyyətlə intellektin vəhdəti sayəsində yaranan dövlət və cəmiyyət quruculuğu və həmin vəhdətin ideyaları ölkəmizi sürətli sosial-iqtisadi, mədəni-mənəvi tərəqqiyə qovuşdurdu.

Burada subyektlərin siyasi davranışının müxtəlif formalarını da yada salmaq obyektiv olardı. Bu da nəticə etibarilə, dövlət hakimiyyətinin qəbul etdiyi siyasi qərara təsir etmək tələbatını ifadə edir. Bu mənada, siyasi prosesin mərkəzi problemi vətəndaşların müxtəlif mənafelərinin inteqrasiyasına istiqamətlənən siyasi qərarların qəbulu və həyata vəsiqə almasıdır.

Böyük düha və intellekt sahibi olan Heydər Əliyevin yetişdirdiyi Azərbaycan siyasi elitası milli dövlətçilik ideologiyasının bütün ideyalarına sadiq qalaraq, yerinə yetirdiyi funksiyalar məhz elə onun ərsəyə gətirdiyi siyasi elitanın funksiyalarına əsaslanır və müəyyənləşir. Azərbaycan siyasi elitasının Heydər Əliyevin rəhbərliyi altında yerinə yetirdiyi çoxsaylı funksiyalar sırasında strateji funksiya başlıca yer tutur. Bu funksiyanın məzmunu cəmiyyətin inkişaf strategiyasının və taktikasının işlənib hazırlanmasında, siyasi fəaliyyət proqramının müəyyənləşdirilməsində ifadə olunur. Heydər Əliyev kursunun dövlətçilik ideologiyasında özünə möhkəm yer tutan digər strateji funksiya yeni ideyaların əsaslandırılmasında, ictimai inkişafın strateji istiqamətinin müəyyənləşdirilməsində, vaxtı çatmış islahatlar konsepsiyasının işlənib hazırlanmasında ehtiva edir. Bu funksiyanın işlənib hazırlanması və yerinə yetirilməsi üçün siyasi elitanın yüksək səriştəlilik, qabiliyyət və peşəkarlığı məhz milli, bəşəri dəyərlərin təşəkkülü və vəhdətində özünü göstərirdi. "Biz Azərbaycanın dövlət dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən ulu öndər Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsinə, siyasi uzaqgörənliyinə əsaslanaraq strateji funksiyanın uğurla reallaşmasını, siyasi elitanın keyfiyyətli kadr tərkibi ilə müəyyən olunmasını, cəmiyyətdə qərarlaşan ictimai rəydə və qəbul edilən siyasi qərarda əks etdirilməsində görürdü.

Ulu öndər dövlətçilik konsepsiyasında və onun ideologiyasında siyasi elitanın fəaliyyəti ilə bağlı olan funksiyalardan digərini də - kommunikativ, əlaqələndirici funksiyasını da önə çəkirdi. Məlumdur ki, bu funksiya siyasi proqramlarda əhalinin müxtəlif sosial qrupları və təbəqələrinin mənafe və tələbatının əks etdirilməsini və bunların praktiki fəaliyyətdə reallaşmasını nəzərdə tutur. Kommunikativ funksiya özündə müxtəlif sosial birliklərin əhvali-ruhiyyəsinin xüsusiyyətlərini üzə çıxarmağı, ən mühüm müxtəlif məsələlərə dair ictimai rəydə baş verən dəyişikliklərə dərhal və düzgün münasibət bildirməyi səciyyələndirir. Bu funksiya, eləcə də sosial məqsədlərin, ideya və dəyərlərin müdafiə olunmasını nəzərdə tutur.

Müdriklər öz zamanlarında yaxşı demişlər ki, dünya, bəşəriyyət çox nadir hallarda xalqlara, millətlərə onların taleyinə təsir edəcək böyük insanlar bəxş edə bilir. Bizim xalqımızın da bəxtinə, taleyinə düşən böyük şəxsiyyət - Heydər Əliyev həm qüdrətli dövlət xadimi, iradəli lider, həm də istedadlı ictimai-siyasi filosof idi. Ona görə də, mən bu yazımda Heydər Əliyevin çox zəngin, çoxşaxəli, çoxistiqamətli ictimai-siyasi irsinin məhz elmi-fəlsəfi tərəflərini tədqiq etməyi qarşıma məqsəd kimi qoymuşam.

Heydər Əliyevin dövlətçilik sahəsindəki əhəmiyyətli istiqamətlərdən biri də cəmiyyətdə sabitliyin təmin edilməsinə nail olmaq idi. Bu məqsədlə, 1990-1992-ci illərdə ölkə daxilində münaqişələrin tənzimlənməsi, ictimai sistemin daxili əlaqələrinin yeni, dinc müstəvidə qurulub həyata keçirilməsi kimi zəruri bir fəaliyyət proqramını dərin, siyasi məharətlə həyata keçirdi. Belə fəaliyyətin zəruriliyi həm də onunla şərtlənirdi ki, sabitliyin təmin olunma dərəcəsi bilavasitə hakimiyyətin legitimliyindən, yəni xalqın hakimiyyəti tanımasından, ona arxalanmasından asılıdır. Xalqın, dövlətin inkişaf yolunu modernləşmədə və firavan sosial rifah prosesində görən Heydər Əliyevin dövlətçilik kursu, öz siyasi iradəsi ilə formalaşdırdığı hakimiyyət nəinki legitimdir və eləcə də rasionaldır, əbədi və uzunömürlüdür. Tarix bunu artıq etiraf etmişdir. Rəsmi hakimiyyətin qanuniliyinin cəmiyyət tərəfindən etiraf olunması siyasi hakimiyyətin fundamental xarakteristikasıdır. Ölkəmizdə qərarlaşan, möhkəmlənən sabitlik, sosial gərginliyin tamamilə və birdəfəlik aradan qaldırılması Heydər Əliyevin dövlətçilik iradəsi və rəhbərini sevən xalqın inamı ilə təşəkkül tapan legitim hakimiyyətin məqsədyönlü, səmərəli və düzgün siyasətinin aydın ifadəsidir.

Qeyd etmək lazımdır ki, siyasi fəaliyyət məhz siyasətin özünün mövcudluğunun xüsusi formalarından biridir. Bu baxımdan, o cəmiyyətin digər sferalarından fərqlənir. Nəzəri siyasi fəaliyyət siyasətin daşıyıcılarında siyasi şüur, təfəkkür, mentalitet, peşəkarlıq və digər dəyərli keyfiyyətlərin formalaşdırılmasını təmin edir. Siyasi fəaliyyət özündə bəzi yaradıcılıq istiqamətlərini birləşdirir. İncəsənət, intiusiya, emosional vəziyyət, nəzəri layihələşdirmə və digər aspektlər də bu qəbildəndir. Nəzəri siyasi fəaliyyətdə bütün həlledici məsələlər, arzuedilən və real surətdə mümkün ola bilən böyük həqiqət düzgün və məqsədyönlü qiymətləndirilir.

Məlumdur ki, nəzəri-idraki fəaliyyət siyasi varlığın mənəvi-ideal formasını təşkil edir. Bu da fəaliyyətin zəminini, əsasını, siyasi praktikasını, habelə təşkilatçılıq və nəzarət, rəhbərlik, kadrların seçilməsi və yerləşdirilməsi, onların hazırlanması, təhsili, qərarların müzakirəsi və qəbulu, informasiya mübadiləsi, hakimiyyət orqanlarının təşkili və fəaliyyəti də formalaşdırır. Siyasətin rasionallığı onun özündən çox, yarandığı və reallaşdığı sosial gerçəkliklə, mövcud ictimai həyatın vəziyyəti, xalqın əhvali-ruhiyyəsi, mənafeyi və hakimiyyətlə münasibətlərindən asılıdır.

Uğurlu siyasətin mövcudluğunun hər iki forması - ideal və maddi formalar boyunca obyektivləşir, konkret xarakter daşıyır, reallaşır və cəmiyyət tərəfindən dərk olunur və qəbul edilir. Siyasətin bu cür üzə çıxması və obyektivləşməsi iki başlıca istiqamətdə baş verir və davam edir, yəni bir tərəfdən şüurun müxtəlif hadisələrində - ideyalarda, təsəvvürlərdə, nəzəriyyələrdə, inamlarda, eləcə də mənəvi-maddi, hiss olunan, gözəçarpan bütün zəruri formalarda fəaliyyət sahəsində təşəkkül tapır.

Azərbaycanı qloballaşan dünyanın bərabərhüquqlu subyektinə çevirən və ölkələr içində tanıdan Heydər Əliyevin müdrik dövlətçilik fəaliyyətini şərtləndirən amillərdən biri də sosial ədalət prinsipləri ilə dolğunlaşan onun siyasi və milli mənafeyidir. Siyasi münasibətlərin əsas forması kimi milli dövlətçilik mənafeyi ictimai həyatın müstəqilliyə malik sferası kimi səciyyələnir. Siyasi mənafelər öz mahiyyəti etibarilə sosial-iqtisadi mənafelərin təmərküzləşmiş ifadəsidir. Siyasi mənafelərin məzmunu ilk öncə, Vətənin, xalqın, dövlətin ictimai-siyasi, sosial-iqtisadi tələbatının siyasətdə ümumiləşmiş ifadəsindən ibarətdir. Siyasi mənafe təkcə liderlərin deyil, həm də fərdlərin, sosial təbəqə və qrupların müxtəlif dərəcədə və başqa-başqa səviyyədə dərk və qəbul edilmiş mənafeyidir. Həmin mənafe müəyyən siyasət vasitəsilə həyata keçirilir. Müasir dövlətçiliyimizin yaranması və möhkəmlənməsi ilə bağlı siyasi mənafeyi ümummilli lider Heydər Əliyev cəmiyyət üzvlərinin hakimiyyətə, dövlətə, milli-mənəvi dəyərlərə özünün yaratdığı innovativ siyasi gerçəkliyin münasibəti ilə mükəmməlləşdirirdi.

Ümumiyyətlə, siyasi mənafeyin təşəkkülü insanın ictimai cəhətdən faydalı fəaliyyətə tələbatından doğur. Mahir strateq olan Heydər Əliyevin siyasi irsinin tərkib hissəsinin biri kimi xarakterizə olunun siyasi mənafeyin intellektualizmini və strateji təfəkkürünü bir daha öyrənərkən ümummilli liderimizin dövlətçilik kursunu inkişaf edən cəmiyyətdə tətbiq etdiyi müasir modellərin konseptual yanaşmalarından aydın görünür ki, Heydər Əliyevin müasir, yeni Azərbaycan Respublikası ilə bağlı siyasi mənafeyi ölkəmizin gələcək tərəqqisi üçün uzunmüddətli perspektivlə birbaşa bağlı olmuşdur. Təsadüfi deyil ki, tədqiqatçılar tam haqlı olaraq Heydər Əliyevin dövlətçilik sahəsindəki siyasi mənafeyini daim fəaliyyətdə olan başlıca və ümumi dövlətçilik mənafeyi kimi yüksək dəyərləndirirlər.

Azərbaycan tarixinin 44 günlük şanlı Zəfər salnaməsinin yaradıcısı və müzəffər qəhrəmanı olan ölkə Prezidenti cənab İlham Əliyevin ulu öndərin siyasi-ideoloji, dövlətçilik mənafeyini uğurla davam etdirməsi bir daha bütün dünyaya göstərir ki, Heydər Əliyevin uzaqgörən siyasəti yaşayır, yaşadır və ölkəmizi parlaq, aydın gələcəyə inamla aparır.

Tahir MƏMMƏDOV,

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü,

siyasi elmlər üzrə fəlsəfə doktoru.