QARABAĞ AZƏRBAYCANDIR!
Siyasət

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1, 2, 3, 5, 67, 891012,131415,1617, 19202122232426, 27282930 və 31 oktyabr tarixli saylarımızda)

2 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın "La Repubblika" qəzetinə müsahibə verib. Müxbirin: "Üç həftə bundan qabaq görüşdüyüm baş nazir Paşinyana cavabınız nə olar? O dedi ki, Dağlıq Qarabağda yeni soyqırımının olmasından qorxur" - sualına cavab verərkən deyib: "Tamamilə yalandır. Onların bütün tarixi yalandır. Bunun heç bir əlaməti yoxdur. Mən dedim ki, Azərbaycanda minlərlə erməni yaşayır. Ermənistanda və ya Dağlıq Qarabağda yaşayan heç bir azərbaycanlı yoxdur. Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir... Azərbaycan multietnik, çoxkonfessiyalı ölkədir... Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin olunacaq".

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifatı, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramovu və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyevi qəbul edib. Müharibənin ilk günlərindən qardaş və dost ölkələrin göstərdikləri dəstəyə görə minnətdarlığını bildirən dövlət başçısı deyib: "... Sizin bugünkü toplantınıza mən xüsusi önəm verirəm. Əminəm ki, bütün Azərbaycan xalqı bunu layiqincə qiymətləndirəcəkdir".

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib: "Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çapand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının keçmiş Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı deyib: "... Türkiyə hər zaman Azərbaycanın yanındadır və Azərbaycan tək deyil. Bu, çox önəmli bəyanatlar idi və bizə əlavə mənəvi dəstəyin göstərilməsi bir daha Türkiyə-Azərbaycan birliyinin təzahürüdür... Sizə bir daha təşəkkürümü bildirirəm. Bilirəm ki, sizin səfəriniz bizə həmrəylik, dəstək göstərmək mənasını daşıyır. Buna görə də çox minnətdaram".

Binəli Yıldırım səmimi qəbula görə təşəkkürünü bildirib: "Təbii ki, Türkiyə olaraq biz Azərbaycanın bu haqlı mübarizəsində əvvəldən bəri daim onun yanındayıq" - deyib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı məsələlər, döyüş bölgəsində vəziyyət müzakirə edilib.

***

Müdafiə Nazirliyi mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov Hərbi İnformasiya Mərkəzində brifinq keçirib. Mətbuat katibi deyib ki, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının bir neçə kəndi işğaldan azad edilib. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi ilə yanaşı, 8 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi, 10 ədəd müxtəlif tipli topu, 3 ədəd sursatla dolu yük maşını, 5 ədəd digər avtomobil texnikası və mövqelərimizə hücum edən "Su-25" tipli döyüş təyyarəsi məhv edilib. Hazırda ordumuza qarşı döyüşən hərbi qruplaşmalarda silah-sursat, ərzaq və hərbi texnika üçün ehtiyat hissələrinin çatışmazlığı müşahidə olunur.

(davamı növbəti saylarımızda)