20 Yanvar faciəsinə ilk kəskin etiraz
1990-cı ilin 20 Yanvarı Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı şəhərə sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib. 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən ümummilli lider Heydər Əliyev olmuşdur. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib. 7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev 20 Yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh edib: "...1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür". Heydər Əliyev qatillərin aşkarlanması məsələsini yenidən qaldırıb, 20 Yanvar faciəsinə Ali Sovetin sessiyasının qiymət verməli olduğunu vurğulayıb.
1980-ci illərdə SSRİ üçün həm iqtisadi, həm də siyasi çətinliklər başlamışdı. Mixail Qorbaçovun başçılığı ilə aparılan bir sıra islahat tədbirləri bu çətinliklərə çarə olmamışdı. Bu şərait isə zəngin təbii sərvətləri olan Azərbaycanın talan edilməsinə yol açmışdı. Azərbaycan xalqına göz görə-görə ermənilər tərəfindən edilən haqsızlıqlara həm Ümumittifaq, həm də Azərbaycan Kommunist Partiyasının səssiz qalması azərbaycanlıları hərəkətə gətirmişdir. Xalq uzun müddətdən bəri davam edən təzyiqdən yorulmuş, meydanlarda "Azadlıq!" şüarlarını səsləndirməyə başlamışdı. Ermənilərin tarixi Azərbaycan torpaqlarında, Qarabağda və sərhəd bölgələrində Azərbaycan xalqına qarşı tətbiq etdiyi qəddarlıqlar nəticəsində məcburi köçlər olmuşdur. Belə bir şəraitdə Moskvanın da ermənilər lehinə mövqeyi vəziyyəti daha da gərginləşdirmişdi. Rus ordusu Bakının ardınca Naxçıvana, Lənkərana və bəzi digər bölgələrə də daxil oldu. Qorbaçov Azərbaycan ərazilərinə ordu göndərərkən Gəncə ətrafında və Xanlar rayonunda hücuma keçən ermənilərə qarşı heç bir silahlı hərbi müdaxilə etməmişdir. Qorbaçovun bu siyasəti digər müsəlman dövlətlərə tətbiq olunan siyasətin əsasını təşkil edirdi. Xristian Qərb dünyasının diqqətini çəkmək istəməyən Moskva ermənilərin hərəkətlərinə müdaxilə etməmiş, lakin məsələyə ikili standartlardan yanaşaraq, eyni mövqeyi Azərbaycana qarşı göstərməmişdir.
34 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verənlər tək faciə yox, həm də xalqımızın tarixinin şərəfli səhifələrindən biri, milli azadlıq hərəkatımızın yüksəliş zirvəsi idi. Biz 20 Yanvar hadisələri ilə özümüzü millət olaraq tanıdıq, dərk etdik. Həmin gün Bakı qırmızı rəngə boyandı, açılan 20 yanvar səhəri şəhid oğul və qızlarımızın qanından rəng aldı, xalqımızın azadlıq harayı sovet tanklarının tırtılları altında boğuldu. Bu hadisə nəinki Azərbaycanı, bütün dünyanı lərzəyə gətirsə də, o zaman yerli hakimiyyət orqanları baş verənlərin üzərindən sükutla keçməyə üstünlük verdi, xalqın milli faciəsinə laqeyd münasibətlərini ortaya qoyaraq Kremlin qəzəbinə tuş gəlmək istəmədi. O ağır və faciəli günlərdə Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini ilk olaraq cəsarətlə bütün dünyaya bəyan edən Ümummilli Lider Heydər Əliyev oldu. Heydər Əliyev vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə etdi. Baş verən hadisələri hüquqa, demokratiya prinsiplərinə zidd hesab edən Heydər Əliyev yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandıraraq hadisəyə siyasi qiymət verilməsini tələb etdi.
1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, faktiki olaraq heç bir tədbir görülmədi. 1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoydu və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirmədi. Ali Sovetin Yanvar hadisələrini tədqiq etmək üçün yaratdığı komissiyanın da işi başa çatdırılmamış qaldı. 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Heydər Əliyev hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən millətinin hüquqlarını müdafiə etməkdən qorxmadığını sübut etdi. Sənəddə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edildi.
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyətin tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın "Azadlıq" meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Şəhidlər Xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etdi. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırıldı və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edildi, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etmədilər.
Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. 1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verdi. Milli Məclisin həmin qərarında deyilir: "Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin".
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.
Mustafa KAMAL,
"Respublika".