Heydər Əliyev ideyalarının bəhrəsi
Siyasət

Heydər Əliyev ideyalarının bəhrəsi

Azərbaycanın incisi, mədəniyyət paytaxtı Şuşa bu il Türk dünyasının mədəniyyət paytaxtı kimi bir çox tədbirlərə evsahibliyi edəcək. Bu tədbirlər işğaldan azad olunmuş Şuşada keçiriləcək.

Azad Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı kimi rəngarəng tədbirlərə evsahibliyi etdiyi 2023-cü il həm də Azərbaycanda "Heydər Əliyev İli"dir. Biz çox xoşbəxtik ki, müasir, müstəqil Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü məhz torpaqları işğaldan azad edilmiş qalib Azərbaycanda qeyd edirik. Bu qalibiyyət ulu öndərin ruhunu şad edir.

Bəli, bu gün ulu öndərin ruhu şaddır. Çünki məhz onun ikinci dəfə hakimiyyətə gəlişindən sonra əsasını qoyduğu quruculuq, sabitlik, inkişaf, ordu quruculuğu, uğurlu daxili və xarici siyasət bizi addım-addım torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi ilə nəticələnən tarixi Zəfərə doğru apardı.

Biz tarixə qısa ekskurs etsək bu qələbənin əsas memarının məhz ulu öndər Heydər Əliyev olduğunu bir daha görərik. Əslində, ulu öndər 1993-cü ildə xalqın təkidli xahişi ilə yenidən siyasi hakimiyyətə gələndən sonra atdığı ilk addımlarla bu qələbənin əsasını qoymuşdu. Mən hətta deyərdim ki, hakimiyyətə gəlməzdən öncə. Bunu niyə deyirəm?

Məsələ burasındadır ki, müstəqil Azərbaycanda ulu öndərin rəhbərliyi ilə əldə edilən uğurların əsası ölkədə siyasi sabitliyə nail olunması ilə qoyuldu. Siyasi sabitlikdən danışarkən isə heç şübhəsiz, diqqətimiz ilk olaraq ulu öndərin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyasına (YAP) yönəlir. Çünki YAP həmin vaxt, müstəqilliyimizin ilk illərində xaos və anarxiya girdabında boğulan Azərbaycana hava, su kimi lazım olan siyasi mədəniyyət gətirdi. YAP əsl müxalifətin necə olduğunu nümayiş etdirdi, təkcə siyasi anarxiyaya, xaosa son qoyulmasına təkan vermədi, eyni zamanda, hakimiyyətə silahlı çevrilişlə deyil, seçki yolu ilə gəlməyin nümunəsini ortaya qoydu.

Qeyd etdiyimiz kimi, müstəqilliyimizin ilk illərində səriştəsiz siyasətçilərin idarəçiliyi nəticəsində ölkəmiz dağılmaq və müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz bunu görən xalqımızın ziyalı oğul və qızları, vətənpərvər aydınları artıq dərk edirdilər ki, ölkəni idarə etmək, xalqı fəlakətdən qurtarmaq üçün yeni siyasi liderə və siyasi idarəetməyə ehtiyac var. Həmçinin o dövrdə belə bir yekdil fikir var idi ki, Azərbaycanı bu müsibətlərdən yalnız Heydər Əliyev xilas edə bilər. Ona görə də 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi.

Qeyd edək ki, Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olan həmin sənəd, əslində bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Çünki Azərbaycana yeni siyasi partiya və ulu öndər kimi uzaqgörən bir siyasətçi lazım idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Hər zaman xalqının yanında olan ulu öndər bu dəfə də xalqın səsinə səs verdi. Ölkənin bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi ilə keçirildi.

Beləliklə, 31 il öncə, 1992-ci il noyabrın 21-i Azərbaycanın tarixində mühüm rol oynayan, demək olar ki, ölkənin müqəddəratını həll edən günlərdən biri kimi tarixin yaddaşlarına həkk olundu. Həmin gün Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi ilə sanki ulu tanrı Azərbaycan xalqına gələcək müsibətlərdən xilas olmaq üçün yeni bir yol, cığır açdı.

YAP-ın yaranması xalqın həyatında dönüş nöqtəsi oldu. Çünki artıq xalq Yeni Azərbaycan Partiyasını iqtidarda görmək istəyirdi. Yarandığı vaxtdan az sonra hakimiyyətə gələn partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdi. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş YAP böyük, şərəfli və uğurlu yol keçmişdir.

Bu məqamda yenidən girişdə toxunduğumuz məsələyə - Vətən müharibəsindəki tarixi qələbəyə aparan yola nəzər salmağımız vacibdir. Çünki yuxarıda qeyd etdiyimiz kimi, ulu öndər 1993-cü ildə xalqın təkidli xahişi ilə yenidən siyasi hakimiyyətə gələndən sonra atdığı ilk addımlarla bu qələbənin əsasını qoymuşdu. Əslində, ulu öndərin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı işlərin hamısını sadalasaq buna günlər lazım olar. Lakin bu yazımızda həmin işləri ümumiləşdirərək, qeyd edə bilərik ki, ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri Azərbaycanda demokratik, müstəqil, dünyəvi və hüquqi dövlət qurmasıdır.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirən Prezident İlham Əliyev isə inkişafın Azərbaycan modelini yaradıb. Bu model beynəlxalq aləmdə böyük maraq doğurub və bir çox ölkə üçün örnəyə çevrilib. Milli inkişaf modelinin uğurlu tətbiqi və qarşıya qoyulan hədəflərə nail olunması, sosial-iqtisadi islahatların ardıcıl surətdə həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, hüquqi dövlət quruculuğu yolunda atılan qətiyyətli addımlar Azərbaycanın dinamik inkişafını təmin edən əsas amillərdir.

Bir sözlə, müstəqil dövlətimizin sürətli inkişafı ulu öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin real nəticələridir. Heydər Əliyev ideyalarına əsaslanan inkişafın Azərbaycan modeli özündə bir sıra mühüm prioritetləri birləşdirir. Bu prioritetlərə ilk növbədə, ictimai-siyasi sabitlik və təhlükəsizlik, praqmatik, milli maraqlara əsaslanan xarici və daxili siyasət, hüquqi dövlət quruculuğu, çevik idarəetmə mexanizminin tətbiqi, vətəndaş cəmiyyətinin inkişafı daxildir.

Ötən illərin nəticələri bir daha sübut edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğurlu strategiya milli tərəqqini təmin edib.

Cənab Prezidentin uzaqgörən xarici siyasət strategiyası nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib. 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbə isə Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirir və bu qələbə sayəsində Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb. Burada vacib bir haşiyə çıxmaq olduqca zəruridir. Bu da uğurla reallaşdırılan Ordu quruculuğu və vətənpərvər gənc nəslin yetişdirilməsi ilə bağlıdır ki, hər iki məsələdə də bünövrə məhz ulu öndər tərəfindən qoyulub.

Beləliklə, bu gün tərəddüd etmədən deyə bilərik ki, yaşadığımız müasir dövr, müstəqil Azərbaycan, parlaq səhifələri yazılan və yazılmaqda davam edən ən yeni tariximiz yeni Azərbaycanın qurucusu olan ümummilli liderimiz Heydər Əliyev ideyalarının bəhrəsidir. Azərbaycana daim uğur, xoşbəxtlik gətirən bu parlaq ideyalar, ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kurs, dövrə uyğun yeni çalarlarla zənginləşdirilən islahatlar strategiyası gələcəkdə də dəyişməz olaraq qalacaq. Çünki bu siyasətin və strategiyanın alternativi yoxdur.

Son olaraq qeyd etmək istəyirik ki, necə ki bu gün müasir ABŞ Corc Vaşinqtona, Fransa Şarl De Qola, Almaniya Konrad Adenauerə, Türkiyə Mustafa Kamal Atatürkə borcludur, Azərbaycan xalqı və dövləti də ümummilli lider Heydər Əliyevə borcludur. Çünki o, böyük insan, böyük azərbaycanlı bütün ruhunda, cismində, fikrində, ideyasında bir Azərbaycan daşıyırdı. Buna görə də Heydər Əliyevin adı həmişə Azərbaycanla qoşa səslənəcək.

Vüqar İSKƏNDƏROV,

Milli Məclisin deputatı.