Oljas Süleymenovu nəinki Qazaxıstanda, Orta Asiyada, postsovet məkanında, Rusiyada, hətta Avropada, Asiyada, Şimali və Cənubi Amerikada, Afrikada, Avstraliyada - bir sözlə, bütün dünyada tanımayan yoxdur.
Yaradıcılığının ilk dövrlərindən başlayaraq onun əsərləri (xüsusən "Yer, insana əyil", "Az i Ya", "Arqamaklar", "Günəşli gecələr", "Gil kitab", "Yazının dili", "Tanrının təbəssümü", "Kəsişən paralellər", "Türklər tarixə qədər" və s.) oxucular və tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Haqqında A.Voznesenski, R.Kazakova və Lev Anniski kimi şairlər, tanınmış tənqidçilər dəyərli fikirlər söyləmişlər. O, hələ gənclik dövründən Sorbonn və Kolumbiya kimi dünyaşöhrətli universitetlərin auditoriyalarında məruzələrlə çıxışlar etmişdir. Bəlkə də bu barədə oxucuların xeyli hissəsi məlumatsızdır. Lakin biz, heç şübhəsiz ki, burada bütün bunlardan bəhs etmək fikrində deyilik. Burada biz Oljas Süleymenovun Heydər Əliyevlə bağlı fikirlərini diqqət mərkəzinə çəkmək istərdik.
Bəri başdan deyək ki, Oljas Süleymenov Azərbaycanı qəlbən sevən böyük şəxsiyyətlərdən və nəhəng söz sərraflarından biridir. Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman" kitabına yazdığı ön sözdə böyük qazax yazıçısı bunları dilə gətirmişdi: "Azərbaycanda olarkən gördüklərimi dünyadakı inkişaf standartlarını ötüb keçən rəqəmlərlə tutuşduraraq əmin oluram ki, Ustadın vəsiyyəti İlham Əliyev komandası tərəfindən ardıcıllıqla yerinə yetirilir... Heydər Əliyevin özü ilə birbaşa bağlı isə o, yazırdı ki, iyirminci əsrin heç bir görkəmli şəxsiyyətinə iyirmi birinci yüzillikdə də böyüklük mərtəbəsində qalmaq qismət olmamışdır.
Bu, yalnız o şəxsiyyətlərə nəsib olmuşdur ki, vaxtilə müxtəlif orqanları vahid orqanizmdə birləşdirən sinir, qan damarları kimi xalqlar arasında ilgilər, "keçid dövrü"ndə qırılan çağlarda zəka ucalığını, iradə, xarakter qüdrətini saxlamış və faciəvi şəkildə parçalanan məkan və zamanların "yarımçıqlarını" birləşdirməyə çalışmışlar. Avrasiyada belə şəxsiyyətlər çox az idi. Odur ki, birincilər sırasında Heydər Əliyevin - zəmanəmizin qəhrəmanının adını çəkməyə haqqımız var. ...SSRİ dağılandan sonra inqilabi dəyişikliklər baş vermiş respublikalarda kapitan kürsüsündə və sükan arxasında tərcübəli başçılar əvəzinə siyasi "yunqa"lar yer tutduqları halda Gürcüstan, Moldova, Tacikistan və Azərbaycanda dağılma reaksiyası davam etdi. 1993-cü ildə isə xalq tərcübəli Heydər Əliyevi çağırmasaydı, hər şey daha dəhşətli sonluqla nəticələnə bilərdi.
Oljas Süleymenov daha sonra söyləmişdi ki, onun onillik pezidentliyi dövründə Azərbaycan ayağa qalxdı, iqtisadi baxımdan möhkəmləndi. Dünyada gənc dövlətin çətinliklərini anlamış tərəfdarlarını qazandı... Böyük siyasətçi və ictimai xadim Heydər Əliyevi ata qədər sevmiş, fəaliyyətini həmişə qiymətləndirmişəm.
Heydər Əliyev fərqli şəxsiyyətdir. XX əsrdə Avrasiyada yalnız bir neçə nəfərin adını çəkmək olar ki, onların sırasında dövlət ideyalarını inkişaf etdirən bu nadir şəxsiyyət əlaqələrimizi nəinki Azərbaycanla, həm də türk dünyası ilə bağlayan görkəmli siyasətçilərdən idi. Onun həyat və dünyagörüşü xalqlarımızın mənəvi dünyasını zənginləşdirirdi.
Azərbaycanın hazırkı vəziyyəti Heydər Əliyevin ideyalarına görə düşdüyü bütün çətinliklərdən alnıaçıq, üzüağ çıxacağına inanıram.
Oljas Süleymenov daha sonra xatırlayırdı: "Heydər Əliyevlə bizim ilk görüşümüz 1975-ci ildə həmin dövrlərdə ən nadir siyasi xadim kimi mədəniyyətə yüksək dəyər verməsi ilə yaddaşımda özünə yer almışdı. O vaxtlar Sovet Ədəbiyyatı Günləri Azərbaycanda keçirilirdi. Və biz Azərbaycanın ən görməli yerlərinə Qarabağ və s. kimi bölgələrə gedir, çıxışlar edirdik. Bundan sonra Heydər Əliyev bizləri bir yerə yığıb bütün günü bizimlə birgə keçirib, bizə psixoloji enerji verirdi. O, bizə, bizim beynimizə yeridirdi ki, siz, ədəbiyyat və mədəniyyət xadimləri kimi insanlara çox gərəklisiniz. Mən çox məmnunam ki, onun qoyduğu ənənələr bu gün də uğurla davam etməkdədir. Bundan bir müddət əvvəl Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə də Heydər Əliyevin xidmətləri ilə bağlıdır.
Bizimlə münasibətlərində rəsmi dövlət adamının qeyri-rəsmi, dostcasına ünsiyyəti çox xoşumuza gəlirdi. Mənə sonralar da Füzulinin, Nizaminin və başqalarının müxtəlif yubiley tədbirləri ilə bağlı Azərbaycana gələrkən Heydər Əliyevlə görüşmək nəsib olmuşdur. O, ədəbiyyatı çox sevir və dahi Azərbaycan şairləri ilə fəxr edirdi. "Az i Ya" araşdırmamın birmənalı rezonans doğurmadığı bir zamanda Heydər Əliyevin bəzi sovet akademikləri kimi yox, onu başqa cür qəbul etməsi xoşbəxtliyim idi. Yaxşı yadımdadır, biz süfrə arxasında Azərbaycan və digər xalqların yazıçıları ilə birgə əyləşərkən o, mənə masa arxasından "qalx" işarəsi verib demişdi: "Oljas, sən nəinki mənə, nəinki bizə, nəinki qazaxlara lazımsan. Sən bütün insanlara lazımsan. Gəlin, badələrimizi bu şərəfə qaldıraq!". Bu mənə çox böyük qol-qanad verdi, çünki həmin vaxtlar mənim üçün heç də adi bir dövr deyildi. Həmin vaxtlar sovet ideologiyasının bütün aparıcı qüvvələri - Sov. İKP MK-nın katibi Suslovun və başqalarının göstərişi ilə mənə qarşı çevrilmişdilər.
Mən görürdüm ki, Heydər Əliyevin mənə isti yanaşması bütün Azərbaycan xalqının mənim yaradıcılığıma olan münasibətini ifadə edirdi. Ümumiyyətlə, deyim ki, mən bu xalqı sevir, onun bütün sevinc və kədərini özümünkü kimi qəbul edir, hiss edirəm.
80-ci illərin sonu - 90-cı illərin əvvəllərində mən SSRİ Ali Sovetinin deputatı idim. 1990-cı ilin 20 Yanvar faciəsi günlərində mən Moskvadakı "Moskva" mehmanxanasında 39 dərəcə temperaturla yatırdım. Gecə saat 3-də yaradıcılığına çox hörmətlə yanaşdığım Bəxtiyar Vahabzadə mənə zəng etdi. O, çox narahat idi. Xeyli danışdı. Nəhayət, onun danışığından başa düşdüm ki, Bakıda nə isə, hansısa xoşagəlməz bir hadisə baş verib. O, dedi: "Buraya gəl, bizdə tanklardır...". Mən indi də sevinirəm ki, ona xəstəliyim barədə heç nə demədim. Desəydim, düz olmazdı... o, məni düzgün başa düşməzdi. "Azərbaycanın xeyli dostlarına" zəng etdim, hadisəylə bağlı bildirdim, onlar gəlmədilər. Mən yığışıb aeroporta getdim. Onda mülki təyyarələrin Bakıya uçuşuna icazə vermirdilər. Öz deputat mandatımdan istifadə etməklə yarıhərbi təyinatlı təyyarə ilə Bakıya uçdum".
Həmin vaxtlar soyuq qış günlərində SSRİ rəhbərliyi vətəndaşların sülh şəraitində keçirdikləri nümayişi gülləbaran edib, tankların tırtılları altında qoymaqla onların mübarizlik əzmini qırıb, gözünü qorxutmağı qarşısına məqsəd qoymuşdu. SSRİ rəhbərliyi buna nail ola bilməsə də, yüzlərlə heç bir günahı olmayan vətəndaşları qanına qəltan edə bilmişdi. Azərbaycanın şair, yazıçı və alimləri həmin dəhşətli hadisəylə bağlı SSRİ Ali Sovetinin deputatlarına Azərbaycan xalqına qarşı törədilən bu vəhşiliklə bağlı müraciət ünvanladığı zaman Oljas Süleymenov bu müraciətnaməni birinci imzalayanlar arasında idi. Bakıda Oljas Süleymenovun təkidi ilə Azərbaycan hakimiyyəti nümayəndələrinin iştirakı ilə növbədənkənar yığıncaq keçirilmişdir. O, mərkəzi televiziyanın operatoru və yerli müxbir qarşısında çıxış etmişdir. Bunu, hər şeydən öncə, həm də O.Süleymenovun açdığı canlı yayım da adlandırmaq olardı. Mixail Qorbaçova imzaladığı nitqində o, çəkinmədən onun ünvanına aşağıdakıları söyləmişdi: "Axıdılmış qan sizin vicdanınızın üzərindədir".
Bizə belə gəlir ki, Oljas Süleymenovun qeyd etdiyimiz fəaliyyəti SSRİ rəhbərliyinə həmin vaxtlar müəyyən təsir göstərdiyindən rus ordusunun təcavüzü bir qədər səngimişdi. Odur ki, qazax xalqının bu böyük oğlunun Azərbaycana və xalqımıza olan sönməz məhəbbətini zaman yaddan çıxarmır, onun şəxsiyyətinə daim böyük hörmətlə yanaşırıq...
Oljas Süleymenov qeyd edirdi ki, 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində Heydər Əliyev Azərbaycana rəhbərlik etsəydi, Azərbaycan bu qədər bədbəxtliklərlə üz-üzə qalmazdı. "Mən inanıram ki, əgər iyun ayında xalq Heydər Əliyevi çağırmasaydı, ölkə öz həyatının və ərazilərinin xeyli hissəsini itirə bilərdi...
Heydər Əliyev müharibəni dayandırdı... O, keçən illər ərzində bu regiona yaxın ərazilərdə iri və kiçik xalqlarla, Qərbin və Şərqin güclü dövlətləri ilə münasibətləri normallaşdırdı". 2003-cü ildə Azərbaycana rəhbərliyinin 10 illiyində Heydər Əliyevin sağlığı dövründə Oljas Süleymenov ona müraciət edərək "Yaşa, Ustad! Yaşa, Azərbaycan!", - deyə onu öymüşdü.
Oljas Süleymenov Azərbaycan və qazax xalqlarının tarixi, etno-psixoloji, fəlsəfi-estetik dünyagörüşünə toxunarkən bu xalqların vahid mənəvi-mədəni məkanı birləşdirdiyini söyləmişdi.
Onu da qeyd edək ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə beş türkdilli dövlət - Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın birgə iştirakı ilə Azərbaycan mədəniyyətinin əvəzsiz incisi "Kitabi-Dədə Qorqud" eposunun 1300 illiyi qeyd olunmuşdu. Yubiley tədbirlərində digər tanınmış mədəniyyət, ədəbiyyat, elm və incəsənət xadimləri ilə yanaşı, Qazaxıstanın UNESCO-da daimi nümayəndəliyinin üzvü Oljas Süleymenov da bu məclisdə bütün yaradıcılığını türk xalqlarının qədim abidələri və onların tarixinin öyrənilməsinə həsr etmiş böyük bir vətənpərvər kimi iştirak etmişdir.
Elə buradaca onu da bildirək ki, ondan daha öncə 1993-cü ildə Bakıda "Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyəti" də təsis edilmişdi ki, onun da əsasını məhz Heydər Əliyev qoymuşdu. 1999-cu ildə bu cəmiyyət tərəfindən türk xalqlarının birliyinin inkişafına töhfə verənlər üçün ən yüksək səviyyəli Beynəlxalq "Dədə Qorqud - Böyük Yol" adlı mükafat təsis edilmişdir. Əgər ilk dəfə bu yüksək mükafata Heydər Əliyev layiq görülmüşdürsə, 2000-ci ildə həmin mükafat Oljas Süleymenov və Anara təqdim olunmuşdur.
Nizami MƏMMƏDOV TAĞISOY,
professor, ədəbiyyatşünas-tənqidçi.