Qardaş ölkənin müstəqillik günü
Siyasət

Qardaş ölkənin müstəqillik günü

Pakistan geosiyası və strateji baxımdan Azərbaycana Türkiyədən sonra ikinci ən yaxın olan ölkədir. Tarixə nəzər salsaq ötən əsrin əvvəllərində bir yandan müstəmləkəçilik, bir yandan yoluxucu xəstəliklərin Pakistanı zəiflətdiyini görərik. Əhalinin problemlərlə üzləşdiyi bir vaxtda azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyev müsəlman qardaşlarının köməyinə yetmiş, şəxsi vəsaiti ilə 300 min ampul peyvənd alıb Pakistana göndərmişdir. Bununla da, pandemiyanın qarşısı alınmışdır. Pakistan xalqı bu yardımı unutmamış, hər zaman azərbaycanlı qardaşlarının yanında olmuşdur.

Pakistan 1947-ci il avqustun 14-də Britaniya Hindistanının süqutundan sonra suveren dövlət elan olundu və dövlətin müstəqillik əldə etdiyi bu gün bayram kimi qeyd edilməyə başlandı.

Müstəqillik günü münasibətilə əsas mərasim İslamabadda keçirilir. Dövlət himni səsləndirilir və rəhbərlərin televiziya ilə canlı çıxışları olur. Bayram tədbirlərinə bayrağın qaldırılması mərasimi, paradlar, mədəni tədbirlər və vətənpərvərlik mahnılarının oxunması daxildir. Mükafatlandırma mərasimlərinin çoxu bu gündə baş tutur.

Ölkəmiz Cənub-Şərqi Asiyanın nəhəng dövlətlərindən biri olan Pakistan ilə olduqca sıx münasibətlər qurmuşdur. Dövlətlərarası həmrəylik münasibətləri qardaşlıq səviyyəsinə yüksəltmişdir. Bununla yanaşı, hər iki ölkə başçılarının səfərləri və görüşlər əlaqələri daha da möhkəmləndirir. Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri də Pakistan İslam Respublikasıdır. Pakistan 12 dekabr 1991-ci ildə rəsmi olaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımışdır. 9 iyun 1992-ci il tarixində Azərbaycanla diplomatik əlaqələrin yaradılması haqqında qərar qəbul etmiş, 12 mart 1993-cü ildə Bakıda səfirliyini açmışdır.

İki dövlət arasında münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Hazırda əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə uğurla davam etdirilir. Qardaş ölkə Qarabağ münaqişəsinin həlli istiqamətində də öz dəstəyini əsirgəməyib. Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı faciəsini soyqırımı kimi tanımışdır. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə yaddaqalan məqamlardan biri də ölkə boyu hər yerdə - küçələrdə, binalarda, müxtəlif tədbirlərdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, Pakistanın da bayrağının dalğalanması idi.

İyunun 15-də Prezident İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə həm təkbətək, həm geniş tərkibdə görüşü keçirildi. Mətbuata bəyanatında Məhəmməd Şahbaz Azərbaycan-Ermənistan arasındakı gərginliyə toxunaraq ölkəmizi dəstəklədiyini bir daha bütün dünyaya bəyan etdi: "Bildiyiniz kimi, Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biridir və bu, bizim mənəvi öhdəliyimizdir. Siz yalnız Ermənistanla sülh sazişini imzalayandan sonra bizə bir mesaj versəniz, bu məsələyə yenidən baxa bilərik. Bu məsələdə də biz birmənalı olaraq Azərbaycanı dəstəkləyirik". Bu ifadələr əsl qardaşlıq və həmrəylik nümunəsidir və iki ölkə arasındakı əlaqələrin inkişafını da bariz şəkildə göstərir. Prezident İlham Əliyev də öz çıxışında Azərbaycan-Pakistan əlaqələrini yüksək qiymətləndirərək iki ölkə arasındakı doğmalığı ifadə etdi: "Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi". Bununla yanaşı, ölkə başçısı öz çıxışında Azərbaycan ilə Pakistan arasında ticarət və sərmayə, enerji və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi barədə ilkin razılığın əldə olunduğunu bildirib.

Enerji sahəsində böyük perspektivlərin olması qardaş ölkələr arasındakı səmərəli əməkdaşlığın əhatə dairəsini genişləndirir. Müdafiə sənayesi sahəsi də ən vacib istiqamətlərdən biridir. Bu xüsusda, cənab Prezident İlham Əliyev bəyan etdi ki, birgə hərbi təlimlərin sayının artırılması məsələsi müzakirə edilib və buna ehtiyac var.

Prezident cənab İlham Əliyev Kəşmir məsələsinə də toxunaraq bildirdi ki, Azərbaycan Kəşmir məsələsində Pakistanı hər zaman dəstəkləyib və bu dəstək davam edəcək. Bu dəstəyin bütün beynəlxalq təşkilatlarda davam etdirildiyini söyləyən dövlətimizin başçısı vurğulayıb ki, qarşılıqlı dəstək xalqlarımızı daha da yaxınlaşdırır. Beləliklə, Azərbaycan ilə Pakistanın hər zaman birgə addımlaması, iki dost dövlət arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi ölkələrimizin inkişafına, xalqlarımızın rifahına böyük töhfələr verəcək, eləcə də regionda və dünyada sülhün və təhlükəsizliyin güclənməsinə xidmət edəcək.

Nurlan ABDALOV,

 "Respublika".