Azərbaycan Ermənistanla sülh prosesini təşviq edir və bu çərçivədə beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplərə əsaslanan 5 şərtdən ibarət təkliflərini Ermənistana təqdim edib. Lakin ötən dövr ərzində İrəvan sülhdən yayınmağa, danışıqları pozmağa, Azərbaycan ərazisində mövcudluğunu qorumuş separatizmin davamlılığını və özünün Qarabağdakı ordu hissələrinin rıçaq kimi saxlanmasını təmin etməyə çalışırdı. Ermənistan beynəlxalq hüququn normalarına birbaşa yox deməmək üçün danışıqları özünün havadarları vasitəsilə pozurdu. Bu prosesdə Fransanın davamlı aktivliyinə şahidlik edirdik. Təsadüfi deyil ki, ilk dövrlər nisbi effektiv görünən Brüssel prosesi məhz Fransanın dağıdıcı fəaliyyəti nəticəsində fiaskoya uğradı.
Prezident İlham Əliyevin iraqlı həmkarı ilə birgə mətbuata bəyanatında da ifadə etdiyi kimi, "Ermənistan hökuməti bizə qulaq asmadı, Qərbdəki məsləhətçilərinə qulaq asdı. O məsləhətçilər isə onlara yaxşı məsləhət vermədilər. Əfsuslar ki, onların məsləhəti hərbi kontingenti bizim ərazimizdə mümkün qədər çox saxlamaqdan ibarət oldu".
Lakin Azərbaycanın antiterror tədbirləri nəticəsində Ermənistanın ordu hissələrinin Qarabağdan çıxarılması, separatizmin aradan qaldırılması ilə davam etməkdə olan reallıq köklü surətdə dəyişdi.
Azərbaycan davamlı şəkildə Ermənistanı birbaşa təmaslara, yaxud region dövlətlərinin vasitəçiliyilə sülh prosesinə dəvət edir. İrəvan təmaslardan yayınmaqla vaxt qazandığını düşünsə də, dövlət başçısı İlham Əliyev proseslərdə təşəbbüsü əlində saxlamaqla revanşist niyyətlərə və Ermənistanın havadarlarına meydan vermir. Beləliklə, bu gün faktiki olaraq Ermənistanın Azərbaycanla sülh bağlamaqdan başqa yolu qalmayıb.
Bir qədər əvvəl xarici işlər nazirlərinin 3+2 formatında İranda baş tutan görüşdə noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya üzrə komissiya formatında iclasın keçirilməsi barədə razılıq əldə edilib. Ermənistana sərhəddə görüş keçirməyi Azərbaycan XİN-i təklif edib və bu ilk sərhəd təması deyil. Bu ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın rayonu istiqamətində analoji görüş baş tutmuş və hətta Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yaymışdı ki, təmaslardan sonra "vəziyyət xeyli yaxşılaşıb".
Əlbəttə, delimitasiya və demarkasiya özlüyündə mürəkkəb prosesdir və hətta Azərbaycanın mehriban qonşuluq münasibətləri olan Gürcüstanla Rusiya arasında bu proses az qala 20 ilə yaxın davam edib. Təbii ki, bu mənada 30 noyabr görüşündən xüsusi nəticə gözləmək sadəlövhlükdür. Lakin görüşün özünün baş tutması özlüyündə önəmlidir. Çünki Ermənistan havadarlarının əks təşviqinə və təzyiqlərinə baxmayaraq, birbaşa təmaslara keçməklə ümumi sülh dinamikasına müsbət təsir etmiş olacaq. Azərbaycan bütün istiqamətlərdə əməliyyat şəraitinə nəzarət edir və delimitasiya olunmamış sərhədlərin haradan keçdiyi barədə razılaşma olmayana qədər sərhəd xəttini təkbaşına müəyyən etmək gücünə və hüquqa malikdir. Belə olan halda Ermənistan sülh prosesində, bu prosesin tərkib hissəsi kimi sərhədlərin delimitasiya və demarkasiyasında daha maraqlı olmalı, Azərbaycan Prezidentinin sülh təşəbbüslərinə tarixi fürsət kimi yanaşmalıdır.
Bəhruz MƏHƏRRƏMOV,
Milli Məclisin deputatı.