"44 günlük Vətən müharibəsindən sonra imzalanmış 2020-ci il 10 noyabr Bəyanatından irəli gələn öhdəlikləri Ermənistan yerinə yetirmədi". Bu fikri Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edərkən bildirib.
Dövlət başçısı qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını əbədiləşdirməyə çalışırdı. İşğal dövründə həyata keçirilmiş vasitəçilik missiyaları tamamilə uğursuz olmuş, işğal və təcavüzün nəticələrini aradan qaldırmamışdır. Ermənistan nəinki Qarabağdakı silahlı qüvvələrini ərazidən çıxarmayıb, hətta həmin ərazidən hərbi texnikanın, silahlı qüvvələrin şəxsi heyətinin və minaların daşınması üçün məqsədyönlü şəkildə istifadə edirdi. Həmçinin Ermənistan Şərqi Zəngəzurla Naxçıvan arasında əlaqənin yaradılması ilə bağlı öz öhdəliklərini də yerinə yetirmədi. Artıq bu məsələlər keçmişdə qalıb. Azərbaycan hazırda birgəyaşayış və geriqayıtma hüququ ilə əlaqədar aydın və şəffaf proqram təqdim etsə də, azərbaycanlıların geriqayıtma hüququnu Ermənistan inkar edir və bununla əlaqədar olaraq hər hansı bir baxış ortaya qoymayıb.
10 noyabr üçtərəfli Bəyanatı imzalandıqdan sonra cərəyan edən hadisələr göstərir ki, Bakı anlaşmanın yerinə yetirilməsi üçün həqiqətən əlindən gələni edir. Ölkəmiz bunu əməkdaşlıq prinsiplərinə əsaslanan davranışları ilə açıq şəkildə göstərir. Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi niyyəti və sülh quruculuğu təşəbbüsləri qarşılığında Ermənistanın öz öhdəliklərinə zidd olaraq destruktiv fəaliyyəti davam etdirməsi bölgədə sülhün bərpasına xidmət etməməklə yanaşı, ilk növbədə onun özünün əleyhinədir. Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proses qlobal miqyasda diqqət mərkəzindədir. Bunu danışıqlar prosesinə olan maraq, eyni zamanda vasitəçilik cəhdləri və bu istiqamətdə açıqlamalar da təsdiqləyir. Üçtərəfli Bəyanata görə Ermənistanın Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etmək öhdəliyi var. Burada söhbət Laçın dəhlizində olduğu kimi, yolun hərbi deyil, yalnız mülki məqsədlərlə istifadəsindən gedir. Bu əlaqənin təmin olunması istər iqtisadi və kommunikasiya, istərsə də bölgədə dayanıqlı sülhün təmin olunması baxımından əhəmiyyətlidir. Vətən müharibəsinin başa çatmasından sonra Ermənistanla sülh müqaviləsinin imzalanması məhz Azərbaycanın təşəbbüsüdür.
Azərbaycana səfəri çərçivəsində ATƏT PA prezidenti Pia Kauma və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksenlə Ermənistanla tam nizamlamaya nail olunması məsələsi müzakirə edilib. Azərbaycanın Ermənistanla sülh sazişinin yekunlaşdırılması istiqamətindəki səyləri yüksək dəyərləndirilib. Bu barədə ATƏT PA-nın bəyanatında bildirilib. Bəyanatda Qarabağın Azərbaycan regionu olduğu vurğulanıb. Qeyd edilib ki, rəsmi Bakının indi davamlı sülhün bərqərar olması naminə əsl liderlik nümayiş etdirmək imkanı var. Azərbaycanın ATƏT PA-da fəal iştirakı regionda çoxtərəfli diplomatiya və dialoq üçün müsbət amildir.
"Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır". Bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, tərəflər arasında etimadın olmaması İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına əngəl törədir, dialoqu ləngidir. Paşinyan bununla belə sənədin əsas prinsiplərinin razılaşdırıldığını bildirib. Qeyd edək ki, Ermənistan sülh prosesində iştirakını imitasiya etməyi dayandıracağı halda regionda sülh və əmin-amanlığa nail olmaq olar. Eyni zamanda, Azərbaycanın təqdim etdiyi və beynəlxalq hüququn beş əsas prinsipinə əsaslanan sülh sazişi layihəsi üzərində konstruktiv iş bərpa edilməlidir. Danışıqların müsbət nəticələnməməsi təəssüf ki, bu gün ikili yanaşmaya sadiq qalan Ermənistan hakimiyyətinin qeyri-səmimiliyindən qaynaqlanır. Belə ki, onlar bir tərəfdən sülh sazişi üzərində işi başa çatdırmaq istəyindən danışır, digər tərəfdən isə Azərbaycana qarşı diplomatik müharibə aparırlar. Ermənistanın sülh müqaviləsini belə rahat imitasiyası, sonradan Azərbaycanı onu pozmaqda ittiham etməsi ona son vaxtların bütün razılaşmalarını ləğv etmək üçün lazımdır.
Mustafa KAMAL,
"Respublika".