Bir müddət öncə Qarabağda süquta uğrayan separatçı rejimin "dövlət naziri" olmuş Ruben Vardanyan məşhur media qurumu BBC-nin gündəminə gəlib. "Konformist milyarderdən əlverişsiz siyasətçiyə qədər. Ruben Vardanyan Azərbaycanda necə həbsxanaya düşdü?" adlı məqalədə qeyd olunur ki, əslində R.Vardanyanın "xeyriyyəçi" və "uzaqgörən" obrazının arxasında hiyləgər bir adam gizlənib.
BBC jurnalistləri, həmçinin, onu 90-cı illərdən qara pullarla varlanan, çirkli pulların yuyulmasında iştirak edən şəxs kimi göstəriblər.
Öncə onu bildirmək lazımdır ki, olduqca böyük nüfuza malik olan bir media qurumunun yaydığı bu məlumat elə Qərb və Ermənistan üçün ən yaxşı cavab olub. Çünki keçən ilin sentyabr ayında Qarabağda baş tutan antiterror tədbirlərindən sonra həbs edilən qondarma rejimin başçılarını İrəvanda və Qərbin bəzi ölkələrində siyasi məhbus kimi adlandıranlar olub və onların azadlığa çıxarılmaları ilə bağlı ölkəmizə təzyiqlər edilib.
Təbii ki, Azərbaycan dövləti ilk gündən etibarən belə əsassız çağırışlara əhəmiyyət verməyib və onların cinayətkar olduqlarını bildirib. Lakin geniş oxucu auditoriyasına sahib BBC-nin Vardanyanı fırıldaqçı adlandırması elə həmin siyasi mərkəzlərin də əsl üzünü ifşa edir.
Ötən il separatçı "naziri" "Hard Talk"da nokaut edən BBC Vardanyanın yalanlarının ayaq tutub yeriməsinə imkan verməmişdi. Həmin müsahibədə maraq doğuran məqamlardan biri Vardanyanın tez-tez Qarabağı "artsax" adlandırmasına cavab olaraq aparıcının ona etiraz etməsi olmuşdu. Verilişin aparıcısı Stiven Sakur Vardanyanın Qarabağı "artsax" adlandırmasına etiraz edərək bildirmişdi ki, dünya bu ərazini Qarabağ kimi tanıyır.
Həmin müsahibədən heç bir il keçməmiş erməniəsilli fırıldaqçını xatırlayan BBC onun haqqında olduqca maraqlı faktları yayımlayıb. Diqqətə çatdırılıb ki, onun yaratdığı "Troyka dialoq" və bütöv şirkətlər sisteminin çirkli maxenasiyaları təqdim edilir, onların vasitəsilə nüfuzlu adamların pulları gizli şəkildə xaricə ötürülür. BBC keçmiş separatçı qurumun "dövlət naziri" olmuş Vardanyanın Rusiya vətəndaşlığından dərhal və "necə" rahatlıqla çıxa bilməsinə də toxunub. Vaxtilə rəsmi Bakının səsləndirdiyi fikirlərin eynisi BBC-nin şərhində də yer alıb. Qarabağa köçərək separatçı rejimdə "vəzifə"yə gəlməsindən, eləcə də Azərbaycanın bu oyunu necə pozduğundan, Ruben Vardanyanın Azərbaycanın təzyiqi ilə separatçı rejimdə vəzifəsini itirməsi, aradan çıxmasına isə imkan verilməməsindən danışılır.
BBC R.Vardanyanın gizli işlərini də üzə çıxarıb: "Vardanyan Rusiya ordusu üçün yük maşınları və zirehli maşınlar istehsal edən KAMAZ şirkəti ilə bağlıdır. 2021-ci ilə qədər KAMAZ-ın 24 faizi "Avtoinvest" şirkətinə məxsus idi və Vardanyan hələ də bu şirkətin ortaq sahibidir. O, həm də KAMAZ-ın İdarə Heyətindədir". "Transparency International" təşkilatından İlya Şumanov BBC-yə bildirib ki, o, pul çıxarmaqla məşğul olan və korrupsionerlərlə ortaqlıq edən bir şəxs kimi yox, xeyriyyəçi kimi görünməyə çalışır. Buna görə də BBC yazır ki, R.Vardanyan Qarabağa getmək qərarına gələndə onun səmimiliyinə heç də hamı inanmadı.
Sonda BBC jurnalisti erməni politoloq Qriqoryandan Vardanyanın planında səhv olub-olmadığını soruşanda qeyd edib ki, o, demək olar ki, ümidsiz bir vəzifə götürdü və gözlənildiyi kimi, "möcüzə baş vermədi". İndi R.Vardanyanın himayədarları möcüzə gözləyirlər: fırıldaqçı "filantrop" həbsdən nə zaman çıxacaq? Azərbaycan qanunlarına görə, iş adamı terrorçuluğu maliyyələşdirməkdə, silahlı birləşmələrin yaradılmasında iştirakda və sərhədi qanunsuz keçməkdə ittiham olunur. Bu isə o deməkdir ki, R.Vardanyanın dostları möcüzəni başqa yerdə axtarmalıdılar. Qarabağın sərvətlərini talayan və Azərbaycana hörmətsizlik edən fırıldaqçı "xeyriyyəçi" ədalətli cəzasını çəkməlidir.
Musa BAĞIRLI,
"Respublika".