XX əsrdə xalqımızın başına gələn çoxsaylı müsibətlər kimi, 1990-cı il yanvarın 20-də paytaxt Bakı və ətraf rayonlarda azərbaycanlılar növbəti qırğına məruz qaldılar.
SSRİ rəhbəri Mixail Qorbaçov və onun qaniçən silahdaşlarının əlləri ilə törədilən bu cinayət xalqımızın istiqlaliyyət əzmini boğmağa yönəlmiş bir addım olsa da bu, əks-təsir effekti verdi. Ümumxalq Hüzn Günü kimi tarixə düşən Qanlı Yanvar faciəsi Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrildi. 34 il öncə Sovet İttifaqının xüsusi təyinatlı dəstələrinin ölkəmizə daxil olması Bakıda misli görünməmiş vəhşilik və bir o qədər də qəddarlıqla müşayiət edildi. Canını hürriyyət yolunda qurban verən Vətənimizin oğul və qızları eyni əsrdə ikinci dəfə müstəqil dövlət qurmağa nail oldular.
20 Yanvar faciəsi səbəbsiz yerə baş vermədi. Buna aparan yolda da tarix boyu qəlbində azərbaycanlılara qarşı nifrət hissi daşıyan ermənilərin xüsusi rolu oldu. Həmin ərəfədə həmvətənlilərimizin həm Qərbi Azərbaycan torpaqlarından kütləvi deportasiyası ilə bərabər, həm də ermənilər tərəfindən keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün geniş kampaniya başladılmışdı. Bütün bunlara etiraz olaraq meydanlara toplaşan azərbaycanlılar hakimiyyətdən bu ədalətsizliyin qarşısının alınmasını tələb edirdilər. Amma Sovet rəhbərliyi Azərbaycan xalqının bu istəklərinin əksinə olaraq, Qarabağ və Ermənistandakı gərginliyi aradan qaldırmadı. Artan gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqını gülləbaran etməyi üstün tutdu. Moskvanın Bakıya olan qəzəbi bununla da bitmədi. 20 Yanvar faciəsindən sonra dinc əhali arasında kütləvi həbslər başladı.
Hadisələrin 1987-ci ildən sonra başlanması heç də təsadüfi olmadı. Məhz həmin tarixdən etibarən xalqımız demək olar ki, başsız qalmışdı. O vaxta kimi Azərbaycanı İttifaq daxilində layiqincə təmsil edən Heydər Əliyev həm ölkəmizin inkişafına, həm də ərazi bütövlüyünün qorunmasına xüsusi diqqət göstərirdi. Bu da ilk növbədə, erməni şovinistlərinin Qarabağ üzərində qurduğu planlara böyük maneələr törədirdi. Məhz Heydər Əliyevin sayıqlığı və vətənpərvərliyi nəticəsində bu dövrdə erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı qətiyyətlə alınmışdı. Onun gördüyü işlər Qarabağın erməniləşdirilməsinin qarşısına sipər çəkmişdi. Məsələn, 1977-ci ildə SSRİ Konstitusiyası və 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul edilərkən ermənilər bunu qəbul etmək istəmirdilər. Onların etirazı bununla da kifayətlənmirdi. Keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı iddialar irəli sürür, imperiyanın paytaxtına, eləcə də mərkəzi orqanlara saysız-hesabsız ərizələrlə müraciət edirdilər. 1977-ci il noyabrın 23-də keçmiş SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin iclasında Ermənistan SSR rəhbərliyinin təkidi ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi müzakirə olunmuş və bununla bağlı təklif irəli sürülmüşdü. Ulu öndər dərhal ermənilərin bu cəhdlərinin qarşısını almaq üçün ciddi tədbirlər görməyə başlamışdı. Heydər Əliyevin əmri ilə elmi arayış hazırlanmış, sonra bu sənəd Azərbaycan KP MK Siyasi Bürosunda müzakirə edilərək, Ermənistan SSR rəhbərliyinin iddialarının əsassız olması haqqında qərar qəbul edilmiş və həmin qərar keçmiş SSRİ rəhbəri L.Brejnevə təqdim olunmuşdu.
Heydər Əliyev bir ciddi məsələni də həll etməyə nail olmuşdu. Bu həmin illərdə keçmiş Dağlıq Qarabağda azərbaycanlıların bölgəni tərk etməsinin qarşısının alınması idi. Heydər Əliyevin səyləri nəticəsində Xankəndidə Pedaqoji İnstitut açıldı və orada Azərbaycan bölməsi yaradıldı. Bu addım azərbaycanlı ziyalı təbəqəsinin daimi iş yeri ilə təmin olunmasında böyük rol oynadı. Azərbaycanlılar artıq öz doğma yurdlarında ali təhsil alır və el-obalarına daha sıx bağlanırdılar. Bundan başqa, Heydər Əliyev Xankəndi və ətraf ərazilərin iqtisadiyyatının artmasına da xüsusi fikir verirdi. Çünki ermənilər məzh bu ərazilərin sosial-iqtisadi geriliyini bəhanə edib Azərbaycandan qopmağa çalışırdılar.
Təbii ki, Böyük Azərbaycanlının bu cür uğurlu fəaliyyəti Moskvanın nəzərlərindən yan keçmirdi. Heydər Əliyevi gözü götürməyən M.Qorbaçov 1987-ci ildə ulu öndərin istefaya göndərilməsinə nail olur. Bununla da Azərbaycan xalqının qara günləri başlayır, ermənilərin Qarabağda separatist əhvali-ruhiyyələri geniş vüsət alır. 1990-cı ildə baş verən 20 Yanvar hadisəsi də həmin tarixin bir parçası idi.
Heydər Əliyev yenidən öz xalqının mənafeyini canından üstün tutduğunu yanvarın 21-də nümayiş etdirmişdi. O, faciədən bir gün sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək bu faciəni törədənləri kəskin tənqid edib, blokadada olan ölkəmizin səsinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayıb.
Musa BAĞIRLI,
"Respublika".