Əfsanələri reallığa çevirən LİDER
Digər xəbərlər

Əfsanələri reallığa çevirən LİDER

Düz 20 il bundan öncə Azərbaycandakı sosial, siyasi, psixoloji şəraitin diktə etdiyi və insanların həyat tərzinə ciddi təsir göstərən amillər ölkə ictimaiyyətinin düşüncəsinə hakim kəsilmişdi. 2003-cü ilin ortalarından başlayaraq həyəcan içində hər kəsin diqqəti Ümummilli Lider Heydər Əliyevin ağır xəstəlikdən müalicə olunduğu uzaq ABŞ-ın Klivlend klinikasına yönəlmişdi. Proseslər həm də qarşıdan gələn və YAP-ın əsas namizədi kimi Heydər Əliyevin favorit sayıldığı növbəti prezident seçkilərinin taleyi ilə bağlı qeyri-müəyyənliklə müşayiət olunurdu. Belə ki, mütərəqqi düşüncəli elektorat Azərbaycan xalqı xilaskarı və ölkəni dinamik inkişaf yoluna çıxarmış Ulu Öndərin tezliklə sağalaraq Vətənə dönəcəyini səbirsizliklə gözləyirdi. Heydər Əliyevin bu seçkilərdə qələbə qazanacağı şübhəsiz idi. Bədxahlar isə bu vəziyyəti fürsət bilərək məkrli planlar qurmağa başlamışdılar. Sözün əsl mənasında, milli xəyanəti özlərinin həyat amalına çevirmiş, istənilən vasitə ilə hakimiyyəti ələ keçirmək xülyasında olan və xaricdən maliyyələşən radikal müxalifət Azərbaycanda yeni qarşıdurmanın konturlarını cızırdı. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyev həyat və fəaliyyəti boyunca bəlkə də ən güclü iradə nümunəsi kimi qətiyyətli siyasi addımını atdı. Dahi şəxsiyyət "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyərək 2003-cü il oktyabrın 1-də xalqa tarixi müraciətində öz namizədliyini cənab İlham Əliyevin xeyrinə geri götürməklə onu özünün siyasi varisi olduğunu bəyan etdi.

Bundan sonrakı tarixi proseslər bu qərarın Azərbaycan xalqının gələcək taleyini müəyyənləşdirən necə müdrik addım və mühüm dönüş nöqtəsi olduğunu sübut etdi. Başqa sözlə, cənab İlham Əliyevin 2003-cü il 15 oktyabr Prezident seçkilərində çoxsaylı rəqiblərini böyük fərqlə geridə qoyaraq inamlı qələbə qazanması siyasi məntiqə əsaslanan tarixi qanunauyğunluq idi. O, inauqurasiya mərasimindəki çıxışında Heydər Əliyev ideyalarını daim inkişaf etdirəcəyini bəyan edərək çox çətin və məsuliyyətli tarixi missiyanı öz üzərinə götürmüş oldu. Xalqın etimadını tamamilə itirmiş radikal müxalifət seçkilərdən sonra aranı qarışdırmağa və bununla nəyəsə nail olmağa çalışsa da, onların küçə çağırışları ictimai dəstək qazanmadı və biabırçı sonluqla bitdi. Sonrakı seçkilərin heç birində də onlar ictimaiyyətin rəğbətini qazana bilmədilər və bu günədək formal fəaliyyət nümayiş etdirməklə yalnız görüntü yaradırlar. "Xalq-Heydər Əliyev, Heydər Əliyev-Xalq" düsturunun bariz nümunəsi kimi bu hadisələr ilk növbədə onun təzahürüdür ki, demokratik dəyərlərə malik müdrik Azərbaycan xalqı Heydər Əliyev yoluna və ideyalarına sadiqdir və hər zaman öz seçimi arxasında möhkəm dayanıb və bundan sonra da dayanacaq.

Beləliklə, 2003-cü il prezident seçkiləri ölkəmizin yeni intibah dövrünün və xalqın azad, xoşbəxt, firavan gələcəyinin XXI əsrdə yeni keyfiyyətdə davamı kimi təqvimə həkk olundu. Cənab İlham Əliyev ölkə başçısı olaraq fəaliyyətə başladığı ilk mərhələdə islahatçı lider kimi ölkənin yeni inkişaf konsepsiyasını ortaya qoydu. Müstəqil Azərbaycanın dünyada layiqli yer tutması, söz sahibi olması, daim artan nüfuzu məhz ölkə başçımızın yorulmaz fəaliyyətinin nəticəsidir. Bu tarixi mərhələdə ölkəmiz yeni nəsil müstəqil dövlət modelini dünyaya təqdim etməkdədir. İndi Cənubi Qafqazın lider dövləti olan Azərbaycan beynəlxalq səviyyədə vacib aktor rolunu oynayır, mütərəqqi təşəbbüslərlə çıxış edir. 2019-cu ildən başlayaraq ölkəmiz 120 dövlətin birləşdiyi Qoşulmama Hərəkatına uğurla sədrlik edir, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox nüfuzlu mövqe sahibidir. Azərbaycan beynəlxalq tədbirlərin məkanına çevrilmişdir. Bütün sahələr üzrə həyata keçirilən və ilk növbədə insan amilinə söykənən tarixi islahatlar və genişmiqyaslı Dövlət proqramları müstəqilliyimizin əsaslarını möhkəmləndirən amil kimi ölkəmizin dinamik inkişafını hədəfləyir.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etmişdirsə, Prezident, Ali Baş Komandan İlham Əliyev ölkənin ərazi bütövlüyünü bərqərar etdi, tarixi ədaləti bərpa edərək xalqımızın qürurunu özünə qaytardı. Ötən ay isə Qarabağda cəmi 24 saat ərzində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağın bütün ərazisində Konstitusiya quruluşu bərpa edildi.

Bir çox neft ölkələrindən fərqli olaraq "qara qızıl"ın insan kapitalına çevrilməsi, bu sahədə şəffaflığın təmin olunması, ölkə iqtisadiyyatının, o cümlədən neft gəlirlərinin optimal şəkildə, mütərəqqi və səmərəli üsullarla idarə edilməsi, ordu quruculuğunun müasir formada inkişaf etdirilməsi bu islahatların əsasını təşkil etmişdir. Ağıllı enerji siyasətinin reallaşdırılması Azərbaycanın həm də beynəlxalq birliyin tamhüquqlu üzvü, vacib aktoru və etibarlı tərəfdaşı olaraq Cənubi Qafqaz bölgəsində lider dövlət kimi qəbul edilməsini, beynəlxalq arenada yüksək nüfuz sahibi olmasını şərtləndirən əsas amillərdəndir.

Ulu Öndərin başladığı quruculuq, inkişaf, beynəlxalq birliyə inteqrasiya, ümummilli hədəflər naminə cəmiyyətin bütün sosial və siyasi kəsimlərini əhatə edən həmrəylik kursu son 20 il ərzində Prezident İlham Əliyev tərəfindən yeni keyfiyyətdə davam etdirilir. İlk gündən özünü xalqın xidmətçisi elan etmiş dövlətimizin başçısı milli birlik və həmrəyliyə əsaslanan yeni siyasi konfiqurasiyanın müəllifidir.

Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bir tərəfdən müasirləşmə, infrastruktur yenilənməsi baş verib, digər tərəfdən isə dövlət aparatı yeni standartlara uyğunlaşdırılıb. Bütün fəaliyyət sahələrini əhatə edən sistem xarakterli fundamental islahatlar, Dövlət proqramları icra olunub və yeniləri uğurla icra olunmaqdadır. Bu gün hakimiyyətin bütün qollarında - qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin fəaliyyətlərində müsbət yeniliklər öz əksini tapır, müasir çağırışlara uyğun hüquqi aktlar qəbul edilir.

Ölkənin ictimai-siyasi həyatının mənzərəsini müsbət mənada dəyişdirən bu siyasi-hüquqi, institusional və kadr islahatları 2018-ci il növbədənkənar prezident seçkilərindən sonra daha da intensivləşmişdir. 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərində bütün siyasi qüvvələrin, siyasi partiyaların maneəsiz iştirakına şərait yaradılması sayəsində Milli Məclisin yeni tərkibdə, çoxpartiyalılığa əsaslanmaqla yenidən formalaşması bu islahatlara böyük dəstəkdir.

Bu illər ərzində həyata keçirilən siyasi kursun əsas hədəfi dövlətimizin müstəqilliyinin etibarlı şəkildə qorunması və ən əsası isə ərazi bütövlüyünün təmin edilməsi olmuşdur. 2020-ci ilin sonlarında 30 il ərzində Ermənistanın işğal altında saxladığı Qarabağ torpaqları müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş "Dəmir yumruq" əməliyyatı nəticəsində və hərbi-siyasi yolla işğaldan azad edildi. Xalq-Prezident-Ordu birliyinin təcəssümü olan 44 günlük Vətən müharibəsində qazandığımız böyük tarixi Qələbə sayəsində dövlətçiliyin ən vacib elementlərindən biri olan ərazi bütövlüyümüz bərpa olundu. Beləliklə, Azərbaycan özünün son 200 illik tarixində bənzəri olmayan bir nailiyyətə imza atmış oldu. Vətənə və dövlətə xidmətin, xalqa sədaqətin, siyasi varisliyin ən gözəl uğur nümunəsi də məhz budur: əgər Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etmişdirsə, Prezident, Ali Baş Komandan İlham Əliyev ölkənin ərazi bütövlüyünü bərqərar etdi, tarixi ədaləti bərpa edərək xalqımızın qürurunu özünə qaytardı. Ötən ay isə Qarabağda cəmi 24 saat ərzində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağın bütün ərazisində Konstitusiya quruluşu bərpa edildi.

Əlamətdardır ki, dövlət suverenliyinin bütün ölkə ərazisində təmin olunması və Qarabağda 200 illik erməni layihəsinin darmadağın edilməsi məhz "Heydər Əliyev İli"nə təsadüf edir və bu, rəmzi məna daşıyır. Bu tarixi nailiyyət anadan olmasının 100 illik yubileyini təntənəli şəkildə qeyd etdiyimiz Ulu Öndərin əziz xatirəsinə ən dəyərli töhfədir. Hər kəs əmindir ki, cənab İlham Əliyevin "Qarabağ - Azərbaycandır!" şüarı Ulu Öndər Heydər Əliyevin ən ümdə vəsiyyətinə sədaqət andı kimi bundan sonra əbədi olaraq qürurla səslənəcəkdir.

Şübhə yoxdur ki, bütün bu uğurların altında "nəyi nə vaxt və necə etməyi" zərgər dəqiqliyi ilə ölçə bilən, "sözü də imzası qədər dəyərli" olan və xalqın inamından güc alan Prezident İlham Əliyevin imzası vardır. Onun praqmatik düşüncə üzərindən nümayiş etdirdiyi güclü iradə və qətiyyətli diplomatik addımlarla müşayiət olunan daxili və xarici siyasət taleyüklü məsələlərdə həlledici amil rolunu oynamışdır. "Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək", - söyləyən ölkə rəhbərinin dövlətçilik düşüncəsinin mahiyyəti və siyasi fəaliyyətinin əsası məhz bu mövqe üzərində təşəkkül tapır.

44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış reallıqlar növbəti hədəfləri dəf etmək üçün yeni imkanlar açmışdır. İndi işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən bərpa-quruculuq işləri ildən-ilə daha geniş vüsət almaqdadır. Növbəti mərhələdə isə ən vacib məsələlərdən biri məcburi köçkünlərin azad Qarabağa yerləşdirilməsi ilə yanaşı, 1987-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın ölkə Prezidentinin rəhbərliyi ilə işlənib hazırlanmış Qayıdış Konsepsiyası əsasında doğma yurdlarına qayıdışının təmin edilməsidir. Bu gün bu istiqamətdə nümayiş etdirilən gərgin və məhsuldar fəaliyyətin ruhu da məhz belə bir inama köklənir ki, dövlətimizin prioritetləri sırasında olan bu məsələ də gec-tez öz həllini tapacaqdır.

 Son illər ərzində bölgəmizdə baş verən hadisələri qlobal müstəvidə təhlil etsək, əmin olarıq ki, Prezident İlham Əliyevin dönmədən həyata keçirdiyi siyasi kurs və xüsusilə, xarici siyasət nəinki Azərbaycanın, həmçinin bütövlükdə regionun yeni geosiyasi və tarixi inkişaf yolunun yeni mərhələsinin və istiqamətinin müəyyənləşməsində həlledici rola malikdir. İndi biz yeni tarixin başlanğıcındayıq və yeni eraya qədəm qoymuşuq. Belə ki, məhz Azərbaycan Prezidenti Cənubi Qafqazı böyük imperiyaların sərvət və geosiyasi maraqları uğrunda yüz illərlə davam edən mübarizə meydanından bölgə xalqlarının birgəyaşayışı, əmin-amanlığı və sülh məkanına çevirmişdir. Bu gün Cənubi Qafqaz Azərbaycanın Müzəffər Ali Baş Komandanı sayəsində öz tarixi, coğrafi sərhədlərinə qayıtmaqdadır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasəti yeni mərhələdə uğurla davam etdirən Prezident İlham Əliyevin sülh konsepsiyası Avrasiya məkanında etibarlı əməkdaşlığın əsasının formalaşması üçün ən mühüm töhfədir.

Əli HÜSEYNLİ,

Milli Məclis sədrinin birinci müavini,

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu

komitəsinin sədri.