Bu amil Azərbaycanla əməkdaşlıq etmək niyyətində olan ölkələrin də sayının artması ilə daha aydın görünür
XX əsrin son onilliyinə real parçalanmaq təhlükəsi ilə daxil olan Azərbaycan ulu öndər Heydər Əliyevin dühası sayəsində XXI əsrin birinci onilliyinə artıq özünü təsdiq etmiş, gələcək inkişaf imkanları şübhə doğurmayan uğurlu dövlət kimi qədəm qoydu.
Növbəti onillikdə Azərbaycanın böyük yüksəliş iddiaları aydın görünməkdə idi. Bu milli iddiaların həyata keçirilməsi missiyası artıq 2003-cü ildə xalqın etimadını qazanmış Prezident İlham Əliyevin üzərinə düşürdü. Məhz bu baxımdan, Azərbaycanda yeni islahatlar obyektiv zərurətə çevrilmişdi. Cənab İlham Əliyevin yeni baxışlara əsaslanan islahatlar konsepsiyası həmin dövrün çağırışlarına cavab verməklə yanaşı, həm də ulu öndər Heydər Əliyev ideyalarına əsaslanırdı.
Prezident İlham Əliyevin islahatlar konsepsiyasının əsas hədəflərindən biri yeni iqtisadi inkişaf modelini hazırlamaqdan ibarət idi və bu vəzifə dövlət başçısının hakimiyyətinin ilk illərində sınaqdan uğurla çıxdı. Ölkənin inkişaf modeli iqtisadi faktor və reallıq kimi həm ölkə daxilində, həm də beynəlxalq qurumlar tərəfindən etiraf olundu. Dövlət başçısının titanik zəhməti, əməyi isə bu gün həyatın bütün sahələrində öz əksini tapır. Azərbaycanın ən sürətlə yeniləşən, dəyişən, müasirləşən ölkə statusu qazanması hər kəsdə qürur doğurur. Həqiqətən də paytaxt Bakı dünyanın ən müasir şəhərləri sırasında yer alıb, bölgələrimiz inkişaf edir, siması dəyişir. Bakı beynəlxalq miqyaslı mədəni, siyasi, intellektual, dialoq, idman, tolerantlıq mərkəzinə çevrilib. Bir sözlə, ölkəmiz İlham Əliyevin düşünülmüş islahatları sayəsində sıçrayış yolu keçərək ulu öndərin dediyi kimi, sanki dünyaya yenidən doğmuşdur.
Bu gün Azərbaycan postmüharibə dövrünü yaşayır və regional təhlükəsizliyin qarantı kimi çıxış edir, əzəli torpağı olan Qarabağı həmişə olduğu kimi, vətəndaşlarımızın ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşaması şəraitində özünün çiçəklənən, təhlükəsiz ərazisi olaraq görür. Azərbaycanın iradəsi ilə geosiyasi reallıqların dəyişməsi təkcə ölkəmizin deyil, bütün regionun siyasi vəziyyətinə təsir edib. Ermənistan da daxil olmaqla, indiyədək heç bir dövlətin "Dağlıq Qarabağ Respublikası"nı tanımaması da Azərbaycan liderinin siyasi iradəsinin nəticəsidir. Bu iradə göstərdi ki, bundan sonra regionda sülh məhz Azərbaycanın və Türkiyənin apardığı ədalətli siyasətlə tənzimlənəcək.
Beynəlxalq müstəvidə böyük rəğbət qazanmaq, eləcə də aparıcı dövlətlərlə ayrı-ayrılıqda bu dərəcədə sıx əlaqələr qurmaq, dostluq və qardaşlıq, strateji tərəfdaşlıq səviyyəsini reallaşdırmaq, ancaq güclü bir lider, böyük strateq - İlham Əliyevin müdrik siyasəti nəticəsində mümkün ola bilərdi. Azərbaycan tarixin heç bir dönəmində dünya çapında bu dərəcədə tanınmayıb və ya dövlətimiz indiki qədər inkişaf səviyyəsinə yüksəlməyib. Bu gün Azərbaycanın nəinki Avropada, şimaldan cənuba, şərqdən qərbə uzanan böyük arenada daim dəstəklənən humanist və güclü mövqeyi vardır.
Cənab İlham Əliyevin siyasətçi məharətinin mühüm göstəricilərindən biri onun uzaqgörənliyi, hədəflərin dəqiq müəyyənləşdirilməsi, uzunmüddətli dövrü əhatə edən planların işlənib hazırlanmasıdır. Dövlət başçısının yüksək liderlik məharəti eyni dərəcədə xarici siyasət sahəsində də özünü büruzə verir. Onun xarici siyasət doktrinası beynəlxalq əlaqələrin gücləndirilməsi, Azərbaycana yeni dostlar qazandırılması, diplomatiyada hücum taktikasına üstünlük verilməsi və s. kimi amillərdən ibarətdir. Diplomatiya liderin siyasi məharətini aşkara çıxaran və ölkəyə böyük dividendlər gətirən ən incə fəaliyyət formasıdır. Qlobal meyillərin güclənməsi, ölkələrin siyasi-iqtisadi və s. sahələrdə qarşılıqlı əlaqələrinin genişlənməsi, uğurlu xarici siyasət hər bir lideri önə çıxaran amillərdir. Müasir qloballaşma və informasiya texnologiyaları dövründə liderlər milli hüdudlardan çıxır, beynəlxalq birliyə daha intensiv şəkildə təqdim olunur. Beləliklə, milli lider ölkənin beynəlxalq imicindən tutmuş onun dünya birliyində mövqeyinə qədər çeşidli parametrlərin formalaşmasında əhəmiyyətli rol oynayır. Liderə təmsil etdiyi ölkəyə görə hörmət və ehtiram bəslənildiyi kimi, ölkəyə onu təmsil edən liderə görə qiymət verilməsinin təcrübədə geniş yayıldığı da sirr deyil. Sadalanan bu müddəalar isə Prezident İlham Əliyevin xarici siyasət sahəsində liderlik məharətini və onun əməli nəticələrini dəyərləndirmək baxımından əsas rol oynayır. Dövlət başçısının xarici siyasət fəaliyyətinin sadalanan prinsipləri isə Azərbaycana müstəsna dividendlər gətirib. Ölkəmizin 2012-ci ildə dünyanın ən mötəbər beynəlxalq təşkilatı - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, 2019-cu ildən isə dünyanın ikinci ən çoxtərkibli beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına rəhbərlik etməsi gənc dövlətin beynəlxalq iştirakçılıq sahəsində yüksək fəallığının təkzibedilməz sübutudur.
Bu gün Azərbaycanın diplomatik əlaqələrində yeni keyfiyyətlər özünü büruzə verir. Bu isə ilk növbədə, ölkəmizlə əməkdaşlıq etmək niyyətində olan ölkələrin sayının artmasında aydın görünür. Son vaxtlar Azərbaycan-Serbiya münasibətlərinin daha da inkişaf etməsi göz önündədir. Əslində isə bu iki ölkə arasında 44 günlük müharibəyə qədər münasibətlər çox zəif olub. Hətta həmin dövrdə Serbiyanın Ermənistana beynəlxalq təşkilatlarda dəstək verməsi faktı da mövcuddur. Ancaq Azərbaycanın xarici siyasətindəki uzaqgörənlik və rasionallıq ondan ibarətdir ki, qarşımızda olan və yaxud bölgə ilə bağlı tam olaraq siyasətinin formalaşmadığı dövlətlərlə də əlaqələr yaratmaq üçün əlimizdən gələni edirik. Azərbaycan və Serbiya münasibətləri bu gün qarşılıqlı dostluq və qardaşlıq, tərəfdaşlıq baxımından nümunədir. Əlbəttə, bunu Rumıniya ilə münasibətlərdədə görmək mümkündür. Belə ki, Azərbaycan qazı Avropaya məhz Rumıniya vasitəsilə çatdırılacaq.
Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı dostlarından biridir. Macarıstanın baş naziri Viktor Orban Prezident İlham Əliyevin güclü bir siyasətçi olduğunu və ölkəyə yaxşı rəhbərlik etmək üçün Azərbaycan Prezidentindən çox şey öyrəndiyini deyir. Serbiya Prezidenti Aleksandar Vuçiç də dövlətimizin başçısından çox şey öyrəndiyini vurğulayıb Bu, onu göstərir ki, məhz buna görə də bu gün Prezident İlham Əliyevin güclü siyasəti, bacarıqlı diplomatiyası sayəsində Azərbaycan dünya üçün önəmli bir ölkəyə çevrilib.
Dövlət başçısı öz şəxsi keyfiyyətləri, iqtisadiyyatı dərindən bilmək bacarığı, xarizmatik diplomatik fəaliyyətilə beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Azərbaycanın qazandığı uğurlar təkcə ölkəmizin zəngin yeraltı sərvətləri ilə deyil, həm də ölkə Prezidentinin hərtərəfli yüksək şəxsi keyfiyyətləri ilə də səciyyələnir.
Zümrüd QURBANQIZI,
"Respublika".