"Ramanalı məşhurlar" kitabını vərəqləyərkən
Dünya və insan. Həyatın son dərəcə rəngarəng mənzərəsini də elə bu iki qütb arasındakı münasibətlər müəyyənləşdirir. Bu münasibətlərdə hər iki tərəf öz tarixini yaradır. İnsanın yaratdığı tarix bir ömrün hüdudlarından kənara çıxaraq bütövlükdə xalq və dövlətçilik tarixinin, həm də dünya tarixinin mühüm bir hissəsinə çevrilir. Tarix əslində şəxsiyyət yaradıcılığının nəticəsidir və şəxsiyyətdən kənarda tarix yoxdur.
"Dildan" Dil və Mədəniyyət Mərkəzi tərəfindən çapa hazırlanan "Ramanalı məşhurlar" kitabı Bakının Ramana kəndinin mədəni, elmi və tarixi irsinə, ölkə və dünya səviyyəsində tanınmış şəxsiyyətlərinə həsr olunmuşdur. Kitabda tanınmış insanların həyat və fəaliyyətləri, elm, incəsənət, mədəniyyət və s. sahələrdə əldə etdikləri nailiyyətlər öz əksini tapmışdır.
Oxuculara təqdim edilən bioqrafik yazılar sadəcə bir-birinə calanmır, hər bir epizodun, hadisənin, faktın mahiyyəti açıqlanır, məmləkətimizin bir bölgəsi barədə ensiklopedik bilik aşılayır. Beləliklə, gəlin, özündə tarix yaşadan kitabı birlikdə vərəqləyək!..
Kitabın "Dövlət xadimləri" bölməsində Ramanada doğulub böyüyən, dövlət idarələrində çalışan Qalib Ağayev, Baba Babazadə, Əflatun Quliyev, Əmir Bağırov, Oktay Balayev, Sərdar Balayev, Rafael Eyvazov və digərlərinin maraqlı həyat tarixçələrindən söhbət açılır.
1937-1939-cu illərdə Kəlbəcər Rayon Partiya Komitəsinin birinci katibi işləmiş Əflatun Quliyev 1906-cı ildə dünyaya gəlib, 1932-ci ildə Tiflis şəhərində yerləşən Qırmızı Professorlar İnstitutunda oxumağa göndərilib, 1937-ci ildə Azərbaycanın ən ucqar rayonlarından biri olan Kəlbəcərin birinci katibi vəzifəsinə təyin olunub. İkinci Dünya müharibəsində iştirak edib, şərəfli döyüş yolu keçib. 1968-ci ildə dünyasını dəyişib. Onun Kəlbəcərin inkişafı, əhalinin güzəranının yaxşılaşdırılması üçün etdiklərini kəlbəcərlilər indi də minnətdarlıq hissi ilə xatırlayırlar.
"Elm xadimləri" bölməsində yazıçı, tərcüməçi, jurnalist Ağabala Ağayev, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü Eynulla Ağayev, görkəmli kimyaçı Abgül Babayev, dünyaşöhrətli seysmoloq, professor Oktay Babazadə, texnika elmləri namizədi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrasının dosenti Xədicə Cavadova və başqalarının həyat yoluna işıq salınır, tənqidçi, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Rəhim Əliyevin ədəbi, elmi fəaliyyətindən bəhs edilir.
Görkəmli elm xadimi, coğrafiya elmləri namizədi, Azərbaycan atlasının müəllifi, Azərbaycanın kartoqraf geodeziya mühəndisliyi üzrə ilk mütəxəssis Şirbəy Əliyev 1907-ci il martın 22-də anadan olub, 1975-ci il fevralın 25-də dünyasını dəyişib. İkinci Dünya müharibəsinin iştirakçısı olub, 1945-ci ildən ömrünün sonuna kimi Coğrafiya İnstitutunun kartoqrafiya şöbəsində müdir vəzifəsində çalışıb. Doğma kəndinin ictimai işlərində fəal iştirak edib. "Meydan" deyilən yerdə 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə qoyulmuş "Ana abidəsi"nin açılmasında böyük rolu olub.
Filoloq, muzeyşünas, bir çox məqalə və kitabın müəllifi, "Tərəqqi" medallı Fatma Əliyeva da Ramananın yetirməsidir. Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsini bitirdikdən sonra Nizami adına Ədəbiyyat Muzeyində işə düzəlib, 60 il burada çalışıb.
Bu torpağın daha bir yetirməsi Moskvada V.A.Engelqart adına İnstitutun direktoru, "Qırmızı Əmək Bayrağı" ordenli alim, akademik Tofiq Mirzəbəyov 2002-ci ildə "New York Times" qəzetinin araşdırmalarına görə XXI əsrdə yüksək texnologiyaların inkişafında ən çox xidməti olan elm adamları siyahısında III yerə layiq görülüb.
Şərqşünas, ərəb dilinin gözəl bilicisi Sürəyya Zərgərli, uzun illər pedaqoji sahədə çalışan şərqşünas Bəhriyyə Ağazadə, təcrübəli pedaqoqlar Məsumə İsmayılova, Sürəyya Quliyeva, Elmira Nərimanova və başqalarının həyat və fəaliyyəti də gənc nəslə gözəl nümunədir.
Bəli, hər yazılan əsər, kitab bir tarixdir, o tarixi yaradan da, yaşadan da bizik.
Zümrüd QURBANQIZI,
"Respublika".