Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.
Millətimin kimliyini, xalqımın mənliyini özündə yaşadan üçrəngli Bayrağım! Azadlığımın, istiqlalımın fərmanı, dilimin, dinimin, türklüyümün nişanı, Vətənin keşiyində dayanan əsgərimin and yeri müqəddəs Bayrağım! Vətən uğrunda şəhid olan qəhrəman oğulların qanına boyandıqca, yağı düşməndən azad edilən hər kəndə, şəhərə sancıldıqca sən daha əzəmətlə dalğalandın. Daha möhtəşəm, daha qürurlu göründün. Dalğalan, hər zaman elə zirvələrdə dalğalan ki, düşmənin bağrı yarılsın. 30 illik erməni işğalına son qoyan İkinci Qarabağ müharibəsində dalğalandığın kimi... Öz gücü, öz qüdrəti ilə ərazi bütövlüyünü təmin edən Azərbaycan bütün dünyanın gözü qarşısında əzəli torpaqlarına sancanda düşmənə göz dağı oldu ay-ulduzlu bayrağımız. Çünki erməni də, onun havadarları da yaxşı bilir ki, o bayraq yüksəldiyi yerdən əsla bir daha enməyəcək. Odlar yurdunun başı üstündə əzəmətlə, qürurla daim dalğalanacaq, dünya durduqca, Azərbaycan var olduqca...
...Düşmənini hərb meydanında məğlub edən qəhrəman Azərbaycan oğlu idman arenasında da rəqiblərinə öz gücünü göstərib həmişə. Dünyanın dörd bir yanında keçirilən idman yarışlarında, beynəlxalq səviyyəli bilik yarışmalarında, olimpiadalarda qalibiyyət qazanan gənclərimiz öz hünərlərini, bilik və bacarıqlarını nümayiş etdirməklə dövlət himnimizi səsləndirib, bayrağımızı ucaldıblar. İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni dizayneri tərəfindən bayrağımızın yandırılmasına səbəb də idmançılarımızın mütləq şəkildə qələbə qazanacağı və Azərbaycan bayrağını öz əzəli torpağında dalğalandıracağı qorxusu idi. Çünki ermənilər Azərbaycan oğullarının gücünə də, mübarizliyinə də yaxşı bələddirlər. Ancaq onlar bircə şeyi unudurlar ki, Azərbaycan xalqı öz torpağı, bayrağı uğrunda ölümün gözünə dik baxan, bayrağının qərar tutduğu yüksəklikdən enməməsi üçün can fəda edən xalqdır.
Bayraq hər bir dövlətin, xalqın varlığının, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin, mənəvi dünyasının görüntüsüdür. Ulu öndər Heydər Əliyev deyirdi: "Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir". Bəli, xalqımız bu bayraq altında birləşərək öz azadlığını, müstəqilliyini bərpa etdi, Azərbaycan oğulları müqəddəs bayrağına sarılaraq öz torpaqlarını mənfur ermənilərdən geri aldı. Azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirərək öz qanı ilə boyadı üçrəngli bayrağını, amma əqidəsindən, amalından geri dönmədi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında düşməninə dərs verdi. Elə bir dərs ki, ermənilər bu rəzilliklərini tarix boyu unuda bilməyəcəklər. Mərd, cəsarətli, ölümündən belə qorxmayan qəhrəman Azərbaycan oğullarının qarşısında diz çökdüklərini, silahını atıb qaçdıqlarını yaddan çıxara bilməyəcəklər. Yaddan çıxarmırlar da... Məğlubiyyətinin, kapitulyasiyasının heyfini çıxmağın min bir fitnəsinə əl atır, alçaq niyyətini çirkin əməlləri ilə göstərir. Belə ki, bir neçə gün əvvəl Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında ermənilər Azərbaycanın Dövlət Bayrağını yandırmaqla öz mənfur xislətlərini bir daha bütün dünyaya nümayiş etdirdilər. Hünər meydanından baş götürüb qaçan, söz savaşında hər dəfə özünü biabır edən düşmən "gücünü" bu dəfə də belə göstərdi. Azərbaycan bayrağını məğlubiyyətindən od tutub yanan ürəyinin atəşi ilə yandırmaqla. Lakin bununla da onların ürəyi soyumayacaq, elə yanacaq ki, tüstüsünə özləri kor olacaqlar. Çünki bu il aprel ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsi zamanı demişdir: "...Amma onlar unutmamalıdırlar ki, bu gün Azərbaycan bayrağı harada dalğalanır. Bu gün Azərba