Heydər Əliyev - 100
Dünyada mənsub olduğu xalqın tarixində əbədi yaşamaq haqqı qazanmış nadir şəxsiyyətlər var ki, onlar həm öz ölkələrinə, həm də geniş mənada bəşəriyyətə aid olan tarixi şəxsiyyətlərdir. Öz xalqı və dövləti qarşısında misilsiz xidmətləri ilə əbədiyyət qazanmış görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev dünya miqyasında XX əsrin müdrik liderlərindən biri kimi qəbul olunur. Azərbaycan xalqının XX əsrin ortalarından sonrakı tarixində mühüm rol oynamış Heydər Əliyev parlaq əməlləri ilə cəmiyyətin tərəqqisinə xidmət göstərmişdir. O, tarixin ən çətin və mürəkkəb ictimai-siyasi şəraitində mənsub olduğu xalqı zamanın qasırğalarından qoruyub saxlamağı və irəli aparmağı bacarmışdı.
Uzaqgörən tarixi şəxsiyyətin keçdiyi məsuliyyətli və şərəfli yol, apardığı mübarizə, qazandığı nailiyyətlər başqa xalqlar üçün də düşündürücü və ibrətamiz nümunə olmuşdur. Beləliklə, Azərbaycanın çoxəsrlik tarixi salnaməsinə öz adını yazmış görkəmli dövlət xadimi Heydər Əliyev digər xalqlar üçün də liderlik nümunəsi kimi qəbul edilmişdir.
Heydər Əliyev dünya dövlətçilik təcrübəsində və Azərbaycan dövlətçiliyi tarixində əvəzolunmaz şəxsiyyətdir. Nəinki Azərbaycan dövlətçiliyində, hətta dünya miqyasında universal qabiliyyətlərə malik olmaq baxımından Heydər Əliyevlə müqayisə edilə biləcək dövlət xadimi göstərmək çətindir.
Dövlət idarəçiliyində və böyük siyasətdə hər şeydən əvvəl mənsub olduğu xalqa arxalanan Heydər Əliyev dövlətə xidmət etməyin xalqa xidmət etmək olduğunu əyani şəkildə nümayiş etdirmiş, dövlətçiliklə xalqa xidmətin sarsılmaz vəhdətini təsdiq etmişdir. Görkəmli dövlət xadimi Azərbaycan dövlətçiliyinə və xalqına sədaqətlə xidmət etmişdir. Sovet Azərbaycanının çətin və mürəkkəb siyasi-ideoloji şəraitində o, hakim kommunist partiyasının ideyalarının deyil, Azərbaycan xalqının milli maraqlarının həyata keçirilməsinə nail olmuşdur. Bu cəhətdən Heydər Əliyev bütün məqamlarda, ən çətin zamanlarda xalqına yol göstərmək vəzifəsini öz üzərinə götürmüşdür.
Ulu öndər istedadı, dərin zəkası, bilik və bacarığını Azərbaycan xalqının firavan yaşamasına həsr etmiş, dövlətini və xalqını zamanın ən çətin sınaqlarından uğurla çıxarmışdır. Vətənə məhəbbət, xalqına və dövlətinə bağlılıq onu bütün həyatı boyu fərqləndirib. Heydər Əliyev istər sovet hakimiyyəti dövründə, istərsə də müstəqillik illərində daim öz doğma xalqına və ölkəsinə ləyaqətlə xidmət edib. Xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinə aparan təhlükəli proseslərin, vətəndaş qarşıdurmasının, ölkədə baş alıb gedən xaos və anarxiyanın, hakimiyyətsizliyin qarşısını aldı. Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına, müstəqil dövlət quruculuğuna, sosial-iqtisadi dirçəlişə, dövlətimizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyinin gücləndirilməsinə imkan verdi. Sosial ədalət, milli həmrəylik təmin edildi. Belə bir dönəmdə ulu öndər öz həyatını belə təhlükə altında qoyaraq baş verə biləcək hadisələrin qarşısını almaq üçün məsuliyyəti öz çiyinlərinə götürdü və bütöv bir xalqın, millətin xilaskarına çevrildi.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı kimi ən mühüm missiyanı gerçəkləşdirərək yeni tariximizi yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. Heydər Əliyev özünün şərəfli fəaliyyətində həmişə xalqa arxalandığı kimi, xalq da həmişə ona arxalanır, etibar edir və ən ağır günlərində ona pənah aparırdı. Dahi öndərimiz xalqının səsinə səs vermiş və onu hər zaman inkişaf və tərəqqi yoluna çıxarmışdı. Heydər Əliyev sanki bu dünyaya xalqının xoşbəxt gələcəyinin təmin olunması, səadəti, tərəqqisi üçün gəlmişdi. Ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi, Azərbaycanın dünya miqyasında inkişaf etmiş ölkələr sırasında yüksəlməsi üçün göstərdiyi fədakar fəaliyyəti onun taleyi, ömür yolu olmuşdur. Qısa bir zaman kəsiyində ulu öndər respublikamızın iqtisadi yüksəlişinə nail olmuş, beynəlxalq nüfuzunu yüksəltmişdir. Ümummilli lider ölkəmizə rəhbərlik etdiyi bütün zamanlarda xalqımızın taleyində, dövlətimizin həyatında elə bir rol oynayıb ki, xalq onu əsrlər boyu unutmayacaq. Ulu öndər bütün həyatı və fəaliyyəti boyu xalqa arxalanmışdı: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".
Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. "İqtisadiyyatı güclü olan xalq hər şeyə qadirdir", - deyən ulu öndərin rəhbərliyi ilə ölkə iqtisadiyyatında taleyüklü dəyişikliklərin əsası qoyuldu. Qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, Dövlət proqramları qəbul edildi, islahatlar aparıldı. Böyük siyasətçi Heydər Əliyevin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi 1994-cü ilin sentyabr ayının 20-də dünyanın ən böyük dövlətlərinin aparıcı şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanmasına nail olunması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş, həmçinin Azərbaycanın qapılarını bütün dünyaya açdı. Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutunun diversifikasiyasına nail olundu. Neft-qaz sənayesi iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul olunmuş Azərbaycanın ilk milli Konstitusiyası ölkəmizin gələcək inkişaf yolunu müəyyən etdi. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ölkəmizin demokratik inkişaf yolunda əldə etdiyi ən böyük dəyərlərdəndir. Konstitusiyada mənəvi sərvətlərimizə, tarixi irsimizə hörmət dövlət səviyyəsinə qaldırıldı. Bununla da milli dövlətçilik, demokratiya və dünyəvilik kimi ümumbəşəri dəyərləri özündə ehtiva edən yeni bir ideologiyanın əsası qoyuldu.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu tarixi qurultay milli diasporumuzun təşəkkül tapmasında, soydaşlarımızın bir bayraq altında birləşərək, monolit qüvvəyə çevrilməsində mühüm rol oynadı.
Beləliklə, 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə görülən nəhəng işlər nəticəsində ölkəmizin qarşısında duran taleyüklü vəzifələr uğurla icra edildi.
Biz böyük dövlət xadimi, müasir, müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindən danışarkən onun özündən sonrakı dövrdə də Azərbaycanı yüksək səviyyədə inkişaf etdirərək ölkəmizə tarixi zəfərlər qazandıran layiqli varis, qətiyyətli lider yetişdirməsini mütləq şəkildə vurğulamalıyıq. Ulu öndərin Azərbaycan xalqına xitabən "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyə təqdim etdiyi yeni əsrin yeni lideri, möhtəşəm Prezident İlham Əliyev Azərbaycana uğurlu rəhbərliyi ilə həm ümummilli liderimizin, həm də ona böyük ümidlər bəsləyən xalqımızın etimadını layiqincə doğrultdu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət həm Azərbaycanın qüdrətlənməsində, həm də ölkəmizin dünya miqyasında öz layiqli yerini tutmasında ifadəsini tapır.
Prezident İlham Əliyevin ümummilli liderin siyasi kursunu müasir dövrün çağırışlarına uyğun zənginləşdirərək davam etdirməsi sayəsində Azərbaycan dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan, etibarlı tərəfdaş, mühüm qlobal təşəbbüsləri yüksək məharətlə həyata keçirən dövlətə çevrilmişdir.
Bəli, indi Azərbaycanın qarşısında yeni üfüqlər açılmış, yeni vəzifələr dayanmışdır. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş şəhər və rayonlarımız Şuşanın timsalında yenidən qurulur, müasirləşir. Böyük Qayıdışın reallaşması insanlarda qürur və inam yaradır.
Sentyabrın 19-da ölkəmizdə erməni separatçılarına qarşı lokal antiterror tədbirləri aparıldı, Qarabağ ərazisindəki terrorçu dəstələr zərərsizləşdirildi. Düşmən təslim oldu, ağ bayraq qaldırdı. Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Ağdərədə, Xocavənddə, Xocalıda və digər ərazilərdə üçrəngli Azərbaycan Bayrağını ucaltdı. Tarixi zəfərimizin 3-cü ildönümü Xankəndidə qeyd olundu. Hərbi paradda cənab İlham Əliyevin dərin və məzmunlu çıxışı xalqımıza, bütün türk dünyasına böyük sevinc, fərəh bəxş etdi.
Zəfər bizə yaraşır. Bu zəfəri bizlərə yaşadan ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi, qətiyyətli sərkərdə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevdir.
Turab CANBAXIŞOV,
Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının şöbə müdiri.