Çoxtərəfli əlaqələr tərəfdaşlıq səviyyəsinə yüksəlir
Siyasət

Çoxtərəfli əlaqələr tərəfdaşlıq səviyyəsinə yüksəlir

Azərbaycanın Balkan yarımadası ölkələri ilə münasibətləri səmimi dostluq zəminində daha da inkişaf etməkdədir

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir. Bu baxımdan, respublikamızın Balkan yarımadası ölkələri ilə ikitərəfli münasibətləri getdikcə daha çox səmimi dostluq zəminində inkişaf etməkdədir. Qeyd etmək lazımdır ki, Azərbaycanın əksər ölkələrlə dostluq əlaqələrinin qurulması bu ölkələrin dövlət başçıları ilə Prezident İlham Əliyevin şəxsi münasibətləri əsasında formalaşır.

Ölkə başçısının səfərləri də bunu təsdiq edir. Ölkəmiz özünün milli maraqlarını diqqət mərkəzində saxlamaqla yanaşı, bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələrin inkişafına da xüsusi önəm verir.

Balkan yarımadası Mərkəzi-Şərqi Avropa regionunu əhatə edir. Avropanın cənub-şərq hissəsi olan Balkanlara Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya Respublikası, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Xorvatiya və Monteneqro daxildir. Azərbaycan fiziki-coğrafi cəhətdən həm Avropa, həm də Asiya ölkəsi sayılsa da, siyasi-coğrafi nöqteyi-nəzərindən Şərqi Avropa ölkəsidir. Politoloqlar qeyd edirlər ki, Qərbi Avropa ölkələrindən fərqli olaraq Balkan ölkələri xarici siyasətə ideoloji prizmadan yanaşmırlar. Oxşar tarix həmçinin ümumi çağırışlar qarşılıqlı inteqrasiyanın əsasını təşkil edir. Azərbaycan üçün Balkan yarımadası Qara dəniz, Egey dənizi və Adriatik dənizinə çıxışı olan bir regiondur. Belə ki, açıq dənizə çıxışa malik olmayan Azərbaycana logistika imkanlarının artırılması baxımından Balkan ölkələri ilə tərəfdaşlıq çox vacibdir.

Perspektivdə Azərbaycan Gürcüstan və Türkiyə limanları sayəsində ixrac və tranzit yüklərini Balkan ölkələri limanlarına və daha da uzağa daşımağı hədəfləyir.

Bununla yanaşı, Balkan yarımadası Türkiyədən sonra qazın tədarük ediləcəyi Avropanın əsas istiqamətidir. Trans-Anadolu (TANAP), Trans-Adriatik (TAP) və Cənubi Qafqaz qaz boru kəmərləri üzrə Azərbaycan qazının Avropa və Türkiyə alıcılarına tədarükü nəzərdə tutulmuş vaxtda həyata keçirilməkdədir. TAP və TANAP layihələri bir-biri ilə əlaqəlidir və onların həyata keçirilməsi paralel gedir. Cənub Qaz Dəhlizi iki boru kəmərindən ibarət sistemdir. 2019-cu ildə istifadəyə verilmiş Trans-Anadolu qaz kəməri Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Türkiyə ərazisi vasitəsilə Yunanıstan sərhədinə qədər mavi yanacaq tədarük edir. Orada, Yunanıstan və Albaniya ərazisindən keçərək, hazırda fəaliyyətdə olan Trans-Adriatik Boru Kəməri ilə birləşir. Artıq Cənub Qaz Dəhlizi tamamlanıb, Azərbaycan neft kəmərləri vasitəsilə Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirib. Bu, tarixdə ilk dəfə ölkəmiz sayəsində mümkün oldu. Hazırda Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Albaniya, Yunanıstan və İtaliyanı birləşdirən nəhəng qaz kəməri layihəsi həyata keçirilir. Bundan sonra faydalı əməkdaşlıq "yaşıl enerji" sahəsində tərəfdaşlıq əlaqələrinin qurulması ilə davam edəcəkdir. Bu da layihənin daha böyük coğrafiyaya şaxələnməsi deməkdir. İlk növbədə, yeni bazarlar olaraq Qərbi Balkan ölkələrini qeyd edə bilərik. Bu ölkələr əlavə qaz tədarükü üçün çox böyük maraq göstərir.

"İndi vaxt itirmədən Trans-Balkan boru kəmərini cəlb etmək imkanı var, xüsusilə keçən ay Yunanıstan və Bolqarıstan arasında interkonnektorun açılışını nəzərə alaraq. Biz hazırıq. Bu boru kəmərinin tutumu 3 milyard kubmetrdir. Beləliklə, biz ola bilsin bir ay müddətində zəruri həcmləri təchiz etməyə hazırıq". Bu fikirləri Prezident İlham Əliyev ötən ilin noyabrında Bakıda, ADA Universitetində "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda bildirib. Hazırda enerji beynəlxalq güclərin nüfuz və hakimiyyət uğrunda mübarizəsində əsas təsir alətlərindən birinə çevrilib. Belə şəraitdə iqtisadi maraqları siyasi maraqlardan ayırmağı bacaran Azərbaycan Balkan yarımadası ölkələrinə qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanan əməkdaşlıq təklif edir. Yeni perspektiv istiqamətlər Yunanıstan-Bolqarıstan İnterkonnektorunun istifadəyə verilməsindən sonra daha da aktuallaşıb. Bolqarıstana nəql olunan Azərbaycan qazı 2023-cü ildən Rumıniya bazarına da daxil olur. Hazırda Serbiyanı da ümumi sistemə birləşdirəcək interkonnektor üzərində iş gedir. İonika-Adriatik dənizi layihəsinin yaxın gələcəkdə reallaşması isə hazırda Azərbaycan qazını almayan daha üç Balkan dövlətlərinə ölkəmizin enerji resurslarının nəql edilməsinə imkan verəcək.

Energetika sahəsində əməkdaşlıq neft-qaz ilə məhdudlaşmır. Mövcud çağırışlar, qlobal tendensiyalar, Azərbaycanın alternativ enerji potensialı elektrik enerjisinin tədarükünə dair danışıqları aktuallaşdırır. Qara dənizin dibi ilə 1195 kilometrlik elektrik kabelinin çəkilməsi məqsədilə Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupu yaradılmışdır. Hazırda ölkəmizin ixrac imkanları orta hesabla 1000 meqavat ətrafındadır. Lakin Azərbaycan külək və günəş stansiyaları layihələrindən savayı üçüncü layihəni də reallaşdırmaq üzrədir. Bu üç layihə yaxın aylarda Azərbaycanın yaşıl enerji ixracı imkanlarını 700 meqavat artıracaq.

Ötən il dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizə işgüzar səfərə gələn Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə görüşdə mətbuata verdiyi bəyanatda bu əlaqələrin inkişafında müsbət tendensiyanı qeyd edərək bildirmişdir ki, Serbiya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalamışdır. Ölkə başçısı Azərbaycanın Serbiyada bir sıra yatırımlar etdiyini və müəyyən layihələrdə iştirakını qeyd etmiş, bu münasibətlərin genişlənəcəyini bildirmişdir. Prezident İlham Əliyev də münasibətlərin genişlənməsi, yeni səviyyəyə qalxması üçün Serbiyaya səfər etmiş və səfər çərçivəsində müəyyən sənədlər imzalanmışdır. Daha əvvəl cənab Prezidentin Bolqarıstan səfərində də Serbiyanın dövlət rəhbəri Azərbaycanın qərbdə oynadığı rol haqda yüksək fikirlər söyləmişdir. Növbəti dəfə Belqradda gerçəkləşən səfərdə də Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyev haqqında yüksək fikirlər səsləndirmiş, onun Avropada nüfuzunun xeyli yüksək olduğunu söyləmişdir. Azərbaycanın Balkan ölkələri ilə əlaqələrinin genişlənməsi, dövlət başçımızın Albaniyaya, Bolqarıstana, Serbiyaya səfərləri ölkəmizin Şərqi və Mərkəzi Avropada mövqelərinin xeyli gücləndiyini göstərir.

Ümumiyyətlə, Azərbaycan iqtisadiyyat, diplomatiya və ticarət sahələrində özünün dinamik inkişaf dövrünü yaşayır. Enerji böhranı və mövcud geosiyasi vəziyyət ölkəmizə dünya ticarətində mühüm tranzit qovşağı, Avropa üçün həyati əhəmiyyətli enerji mənbəyi kimi mövqeyini möhkəmləndirməyə imkan verir. Azərbaycan energetika və ticarət sahəsində avropalılar üçün əsas tərəfdaşa çevrilib. İkitərəfli əlaqələrin yüksək intensivliyi də bunu sübut edir. Gələcəkdə bu əməkdaşlıqdan həm Balkan ölkələri, həm də Azərbaycan xeyli iqtisadi dividendlər əldə edəcək.

Mustafa KAMAL,

"Respublika".