İkinci Qarabağ müharibəsindən keçən üç il ərzində Azərbaycanın bütün istiqamətlərdə sülh təşəbbüslərinə, həmçinin postmünaqişə dövründə mövcud olan bəzi problemlərin danışıqlar yolu ilə həllinə maneə törədildi. Bu maneələr Ermənistan və ona dəstək göstərən Fransa kimi ermənipərəst dövlətlərin səyləri və o cümlədən də onların hərtərəfli dəstəyi nəticəsində regionda qanunsuz cinayətkar ünsürlər tərəfindən həyata keçirilirdi.
Bu müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əlindən gələni etdi ki, həmin o problemlərin həlli güc tətbiq etmək yolu ilə deyil, danışıqlar yolu ilə həyata keçirilsin. Məsələn, ötən ilin avqust, sentyabr və bu ilin iyun ayında Ermənistanın təxribat xarakterli addımlarına layiqincə cavab versək də, çox təəssüflər olsun ki, Ermənistan, ona dəstək göstərən qüvvələr və oradakı cinayətkar ünsürlər hər vasitəyə əl atdılar ki, Azərbaycan antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qalsın. Beləliklə, 19 sentyabrda cəmi 24 saata yaxın bir müddət ərzində Azərbaycan lokal xarakterli, eyni zamanda zərgər dəqiqliyi ilə hesablanmış antiterror tədbirləri həyata keçirdi.
Biz İkinci Qarabağ müharibəsində, yalnız hərbi hədəfləri, hərbi obyektləri zərərsizləşdirirdiksə, bu antiterror tədbirlərində də eyni hal təkrarlandı. Bununla bağlı bizim kifayət qədər sübutlarımız, dəlillərimiz və konkret görüntülərimiz oldu ki, beynəlxalq ictimaiyyət də bunu izlədi. Məhz ona görə də, indiki vəziyyətdə Azərbaycana qarşı real, təsirli və əsaslı bir dəlil ortaya qoya bilmədilər. Sadəcə dövlətimizin əleyhinə hər zaman olduğu kimi, ermənipərəst ölkələrdən əsassız ittihamlar gəlsə də, onlar da sadəcə söz səviyyəsində qaldı. Və bu hadisədən sonra Ermənistanın, Fransanın və digər ermənipərəst qüvvələrin səfərbər olunması nəticəsində BMT Təhlükəsizlik Şurası çərçivəsində Azərbaycana qarşı növbəti addımların atılması, qətnamənin və yaxud digər sənədlərin qəbul edilməsinə cəhd edildi.
Əslində Fransa və Ermənistanın bütün resurslarını səfərbər edərək bu iclasın keçirilməsinə nail olmasının özü belə BMT-nin mahiyyətinə və məzmununa zidd bir addım idi və eyni zamanda bu, təşkilatın nüfuzuna ciddi xələl gətirib. Hətta bu müzakirələrin həyata keçirilməsi belə BMT kimi böyük bir təşkilatı gülünc vəziyyətdə qoydu. Çünki hər kəsə məlum olduğu kimi, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal altındakı ərazilərində mövcud olan erməni silahlı birləşmələrinin qeyd-şərtsiz ərazidən çıxarılması ilə bağlı dörd qətnamə qəbul etmişdi. Buna baxmayaraq, həmin qətnamələr 27 il ərzində kağız üzərində qaldı və icra edilmədi. Silahlı Qüvvələrimiz 2020-ci il 27 sentyabr tarixində başladığı əks-hücum əməliyyatlarında məhz həmin o qətnamələrin icrasını həyata keçirdi ki, Azərbaycan ərazilərində olan qanunsuz silahlı birləşmələri bölgədən çıxarsın. Dövlətimizin 19-20 sentyabr tarixlərində keçirdiyi lokal xarakterli antiterror tədbirləri də həmin qətnamələrin icra edilməmiş hissəsinin tamamlanmasına yönəlmişdi. Lakin biz burada da BMT-nin məsələyə qərəzli yanaşdığının şahidi olduq. Baxmayaraq ki, Ordumuz beynəlxalq hüquq çərçivəsində addımlar atsa da, BMT ölkəmizə qarşı qətnamə qəbul edilməsi ilə bağlı iclas keçirdi. Onu da söyləməliyəm ki, belə ziddiyyətli və təzadlı məqamlar bu cür nüfuzlu qurumun reputasiyasına xələl gətirən amillərdir.
Bu toplantıda xarici işlər naziri Ceyhun Bayramovun konkret faktları qarşısında aciz duruma düşən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iclası tərk etdi. Təsəvvür edin, iclası çağırmaqdan ötrü bütün imkanlarını səfərbər edirlər, sonra da toplantıdan qaçırlar. Necə ki, onların generalları, əsgərləri, ümumilikdə ordusu döyüş meydanında Azərbaycan əsgər və zabitinin qarşısından qaçdı, gizləndi. İndi də elə eyni proses siyasi və diplomatik müstəvidə də davam etdirildi. Bu da onlar tərəfindən Azərbaycana qarşı hazırlanmış siyasi və diplomatik hücumda elə özlərinin məğlub olması demək idi. Döyüş meydanında məğlub olduqları kimi siyasi və diplomatik müstəvidə də kapitulyasiyaya uğrayıb meydandan qaçdılar.
Bütün bu proseslər Azərbaycanın təkcə düşməndən deyil, düşmənin bütün dəstəkçilərindən, himayədarlarından, dəfələrlə güclü olmasının bariz sübutudur. Çünki biz haqlıyıq. Biz haqlı olduğumuza görə həm döyüş meydanında, həm də siyasi və diplomatik müstəvidə düşmənə qalib gəlirik. Bu da bir ədalətdir. Necə ki, Azərbaycan Cənubi Qafqazda tarixi ədaləti bərpa etdi. Hazırda bu istiqamətdə son addımlarımızı atırıq.
Artıq Yevlax və Xocalı şəhərlərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədovun Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüşü baş tutub. Buna qədər biz dəfələrlə belə təmasların olması üçün erməni icmasının nümayəndələrinə təkliflər etmişdik. Xatırladım ki, cari il martın 1-də ilk görüş Xocalıda olmuşdu. Bundan sonra onlar iki dəfə Bakıya dəvət olunsalar da, bundan imtina etmişdilər. Hətta daha sonra Ağdam və Yevlaxda müzakirələrin keçirilməsi məqsədilə razılıq əldə olunmuş, son anda bundan da imtina etmişdilər. Çünki separatçı rejim imkan vermirdi ki, Qarabağda yaşayan erməniəsilli mülki insanlar Azərbaycanla dialoqa getsinlər və reinteqrasiya prosesi reallaşsın. Bu antiterror tədbirlərinin müsbət nəticələrindən biri də ondan ibarət oldu ki, Azərbaycan bir daha bütün dünyaya Fransa kimi ermənipərəst dövlətlərə və digər təşkilatlara göstərdi ki, Qarabağ bizim daxili məsələmizdir. Biz bu kimi sərt, prinsipial və qətiyyətli mövqeyimizdən zərrə qədər də olsun geri addım atmarıq. Bu, bizim qırmızı xəttimizdir.
Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra reinteqrasiya prosesini heç kimin çağırışı ilə deyil, öz təşəbbüsü ilə reallaşdırıb. Ona görə də beynəlxalq ictimaiyyət, təşkilatlar və dövlətlər belə mövzularda Azərbaycana məsləhət vermək əvəzinə, Ermənistana, onun iqtidarına, əsas da Nikol Paşinyana çağırışlar etsinlər ki, o, Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın Ermənistan cəmiyyətinə inteqrasiya edilməsi ilə bağlı addımlar atsın.
Xəyal BƏŞİROV,
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq.