Qürur və ehtiram günü
Gündəm

Qürur və ehtiram günü

2020-ci il 27 sentyabr dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcıdır. Çünki məhz bu tarixdə əks-hücum əməliyyatları nəticəsində otuzillik işğal altında qalan ərazilərimizi azad etdik, əzəli torpaqlarımızda üçrəngli bayrağımızı dalğalandırdıq. Bu, bir xalq üçün olduqca önəmli və əhəmiyyətlidir. 27 sentyabr tariximizdə hər zaman qürur və ehtiram günü kimi qalacaq.

Bir məqamı vurğulamaq yerinə düşərdi: bu, bəlkə təsadüfdür, bəlkə də ilahi ədalət... 27 sentyabr tarixinə nəzər yetirsək, görərik ki, Azərbaycan torpaqlarının bölünməsinə və ermənilərin torpaqlarımıza yerləşdirilməsinə səbəb olmuş birinci Rusiya-İran müharibəsinin nəticələrini müəyyən edən Gülüstan müqaviləsinin danışıqları məhz 1813-cü il sentyabrın 27-də başlanılmışdı. 2 əsr sonra, 2020-ci ildə məhz sentyabrın 27-də Qarabağın və ətraf rayonların işğaldan azad olunması istiqamətində əks-hücum əməliyyatları başladı, tarixi ədalət bərpa olundu. Artıq 27 sentyabr günü bizim üçün Böyük Zəfərin başlanğıcı kimi tarixdə qalacaqdır. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyan "yeni torpaqlar üçün yeni müharibə" çağırışı etdi. Bu bəyanatın verilməsindən çox keçməmiş, Ermənistan silahlı qüvvələri cəbhəboyu hərbi intensivliyi artırdı. Nəticədə 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan şərti sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərdilər, lakin müvəffəq ola bilmədilər.

Sentyabr ayına qədər soyuq müharibə havası hökm sürürdü. Avqust ayında təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmiş, lakin görülən tədbirlər nəticəsində itki verərək geri çəkilmiş və qrupun komandiri, baş leytenant Qurgin Alberyan əsir götürülmüşdür.

Hərbi təxribatlarla yanaşı, Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə çox sayda YPG, PKK terrorçularının, o cümlədən Beyrut limanında baş tutan partlayışlardan sonra minlərlə Livan ermənilərinin köçürülməsi münaqişəni daha da alovlandırdı.

25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında Ermənistanın təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və 76 yaşlı mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. O cümlədən ölkə başçımız iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir. Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yaymışdır. Həmin gün Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamış və respublika ərazisində hərbi vəziyyət elan olunmuşdur.

Vətən müharibəsi xalqımızın qalibiyyət ruhunu oyatdı. 44 günlük müharibədə Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrətə son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrilib və əsrlər boyu yaddaşlara həkk olunacaq. Müstəqilliyimiz, Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizəyə qatılan qəhrəman oğullarımız Azərbaycan xalqının başını uca etdi. Rəşadət rəmzi olan bu qəhrəmanlar bugünkü və sabahkı gəncliyin əbədi amalı və and yeri oldu. Onların uyuduğu məkan müqəddəs ziyarət yerinə çevrildi.

1988-ci ildə başlayan Qarabağ hadisələri zamanı kəndlərimiz, şəhərlərimiz dağılmış, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdi. 1990-cı illərin əvvəllərindən isə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzkar siyasəti daha fəal müstəviyə keçmiş və torpaqlarımızın 20 faizi işğal edilmişdi. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurdu. 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirdi. Lakin rəsmi İrəvan bu döyüşlərdən lazımi nəticə çıxarmadı. 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədildi, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu. Nəticədə, hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhəboyu əks-hücuma keçmək əmri verdi. Əks-hücum əməliyyatları nəticəsində, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüz bərpa olundu.

 

Nurlan ABDALOV,

"Respublika".