Cənubi Qafqaz səhnəsində Qərb marioneti
Siyasət

Cənubi Qafqaz səhnəsində Qərb marioneti

Qərb bloku artıq bütün cəbhələrdə hegemonluq edir. Baş verən geosiyasi proseslərə nəzər yetirsək görərik ki, Yaxın Şərq, Orta Asiya və Cənubi Qafqazda şəxsi mənafelər naminə beynəlxalq hüququn norma və prinsipləri qəti şəkildə pozulur. İnkişaf və tərəqqi naminə fəaliyyət göstərməli olan güc mərkəzləri bu gün hərbi-siyasi sferada bir-birilərinə zərbə endirməklə məsğuldurlar. Regional müstəvidə isə onların marionetləri bu missiyanı yerinə yetirir.

Rusiya-Ukrayna müharibəsilə müasir dövrün hegemonluq savaşı bu gün dünyanın bütün qaynar nöqtələrində vəziyyəti olduqca gərginləşdirib. Rusiyaya qarşı qütbləşən qərb bloku bütün cəbhələrdə bu ölkənin nüfuzunu azaltmağa çalışır.

Azərbaycanın 30 ildən sonra öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, Cənubi Qafqazda yeni reallıq yaratması qərbin diqqətindən yayınmır. Çoxüzlü yanaşma sərgiləyənlər qəti şəkildə bu məsələ ilə barışmır və Fransanın forpostu qismində iştirak edən Ermənistandan maşa olaraq istifadə edirlər. Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan, soyqırımı cinayətləri törədən, mülki infrastrukturu məqsədyönlü şəkildə kütləvi surətdə dağıdan, mədəni irsimizi məhv edən, ətraf mühitə və biomüxtəlifliyə ziyan vuran Ermənistana hərtərəfli dəstək göstərməyi başqa cür izah etmək mümkün deyil.

Qərbin çirkin maraqları bu gün Cənubi Qafqazı təhdid etməkdədir. Ermənistanın revanşist addımları məsələni bu nöqtəyə gətirib. Məğlub düşmən Rusiyaya qarşı atılan addımlarda istifadə edilir. Belə ki, Ermənistanın baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sessiyasında iştirak etməyəcək. Bu barədə N.Paşinyan Belarus lideri Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı deyib. Ermənistanın KTMT ilə əlaqələrinin qopma səviyyəsində olması əslində daha öncədən məlumdur. Xüsusilə Ermənistanın KTMT-dəki səlahiyyətli nümayəndəsinin Niderlanda göndərilməsi üzv dövlətlərə (başda Rusiya olmaqla) mesaj xarakteri daşıyırdı. Ermənistan bu yolla yeni dayaq axtarışında olduğunu bildirir. Keçmişə nəzər salsaq görərik ki, Gümrüdəki Rusiya hərbi bazaları önündə aksiyalar təşkil edən Paşinyan rejimi məhz bu prosesi artıq KTMT-dən ayrılmaq həddinə qədər gətirib. Bununla yanaşı, Rusiya sülhməramlılarına daş atan, müqavimət göstərməyə çalışan da elə Ermənistanın özü idi. Maraqlısı budur ki, bu prosesə paralel olaraq Ermənistanda birdən-birə NATO hərbi bazalarının yerləşdirilməsi məsələsi ortaya çıxdı. Heç şübhəsiz, bütün bu addımlar bir növ qərbdə Rusiyanın savaşdığı qüvvələri Cənubi Qafqaza daşımaq cəhdidir.

Qərb bloku xüsusilə bu məsələdə öz aktivliyini qoruyub saxlayır. Fransanın Gürcüstan üzərindən Ermənistana göndərdiyi hərbi texnika və silah-sursat bir daha sübut edir ki, regionda gərginlik qəsdən artırılır. Digər tərəfdən, Avropa Sülh Fondunun Ermənistana hərbi yardım ayırması məsələsi bu baxımdan olduqca kritikdir. Aİ diplomatiyasının rəhbəri Jozep Borrelin: "Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardım göstərilməsi və vətəndaşları üçün viza rejiminin liberallaşdırılması imkanlarını dəqiqləşdirir" açıqlaması Ermənistanın Cənubi Qafqaza qarşı açıq xəyanətini göstərir. Bununla yanaşı, Borrelin Brüsseldə Xarici Əlaqələr Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan əleyhinə səsləndirdiyi regiondakı reallıqları qəsdən təhrif edən ittihamları isə bir daha sübut edir ki, yeni havadarları Ermənistanı Rusiyaya qarşı çıxmağa ruhlandırır. Azərbaycana qarşı üstünlük əldə edə biləcəyini düşünən Ermənistan məhz bu səbəbdən qərb blokunun yeni marioneti rolunda iştirak edir. Azərbaycanın mövqeyi isə qətidir. Belə ki, Borrelin böhtan dolu çıxışına rəsmi Bakı cavab verib: "Avropa Sülh Təşəbbüsündən istifadə edilməsi planları bölgədə gərginliyin artmasına xidmət edir. Bir daha xatırladırıq ki, Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir və hər hansı qeyri-dost hərəkət müsbət nəticələnməməklə yanaşı, adekvat şəkildə cavablandırılacaqdır".

Əfsuslar olsun ki, Qərb blokuna okeanın o biri tərəfindən də qoşulanların sayı artmaqdadır. ABŞ və Kanadanın hay sevdasının məhz bu dövrdə qabarması onu deməyə əsas verir ki, bütün dünyanın gözü Cənubi Qafqazda Rusiyaya qarşı açılacaq yeni cəbhəyə dikilib. Artıq İrəvan və Vaşinqton arasında razılaşmalar da mövcuddur. Bu, bir növ Ermənistanı Rusiyadan qorumaq cəhdidir. Çünki Ermənistan və Rusiya dövlət rəsmilərinin sözlü atışmaları hər keçən gün daha da kəskinləşməkdədir. Əminliklə qeyd edə bilərik ki, Rusiya Ermənistana təzyiq göstərərsə və ya embarqo tətbiq edərsə, ABŞ-ın İrəvana yardım kampaniyasının əyani şahidi olacağıq. Rəsmi Vaşinqton Ermənistan üçün yarana biləcək hər hansı "təhlükə"də lazımi dizel yanacağı və enerji ehtiyatları, ərzaqla, hətta mümkün xarici valyuta ilə Ermənistanı təchiz etməyə hazırdır. Bununla yanaşı, Ermənistan silahlı qüvvələri lazımi hərbi texnika, uniforma və silahları təhlükəsizlik orqanları, o cümlədən polis lazımi texniki dəstəyi məhz ABŞ-dan ala biləcək.

Ermənistan regiona xəyanət etməklə bir növ öz sonunu yaxınlaşdırır. İki güclü regional oyunçunun - İran və Rusiyanın qərbin mövcudluğunu Cənubi Qafqazda istəməməsi qarşıdurmanın miqyasını əyani şəkildə göstərir.

Kilometrlərlə uzaqdakı Fransa, okeanın o biri tayındakı ABŞ bu gün hər vəchlə hayların gözünü boyayırlar. Ermənistan başa düşmür ki, Qərb bloku öz məqsədinə nail olsa da, olmasa da, xarabazarlığa çevrilən, "ofsayt"da qalan məhz yenə özü olacaq.

Nurlan ABDALOV,

"Respublika".