Brüssel görüşündən gözləntilər nələrdir? - AÇIQLAMA
Siyasət

Brüssel görüşündən gözləntilər nələrdir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, iyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək. Görüşünün yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 15:00-da) başlayacağı planlaşdırılır.

Maraqlıdır, görüşdə hansı nəticələr əldə oluna bilər?

Politoloq Zaur Məmmədov "Respublika"ya verdiyi açıqlamasında qeyd edib ki, görüşdə sülh müqaviləsinin imzalanması gözlənilmir:

"Hazırda Azərbaycan və Ermənistanın baxış bucaqlarında bir sıra məsələlərdə fikir ayrılığı mövcuddur. Amma əsas mövzu olan Qarabağla bağlı, Paşinyanın iradə nümayiş etdirməsi vacibdir. Ümumiyyətlə, ikitərəfli münasibətlərdə Qarabağ hər zaman problemli sahə olub. Hələ 1918-1920-ci illərdəki hadisələrə nəzər salsaq görərik ki, yüz ildən artıqdır, Qarabağ və Zəngəzur məsələsi, eləcə də ermənilərin bu torpaqlara olan iddiası bölgədə sülhə və tərəqqiyə yox, qeyri-sabitliyə gətirib çıxarıb. 2020-ci ilin 44 Günlük Müharibəsi əslində ermənilərə də bir şans idi ki, hadisələr növbəti mərhələyə keçid etsin və Ermənistan ərazi iddialarından əl çəksin. Müharibə bitdikdən sonra, Ermənistan tərəfi ancaq vaxtı uzatmağa cəhd edir, Qarabağdakı ermənilərin hüququ və təhlükəsizliyi adı altında bölgəyə beynəlxalq institutları cəlb etməyə çalışır."

Zaur Məmmədov həmçinin, Ermənistanın əsas hədəfinin gələcəkdə "xilas naminə azadlıq formulası"ndan istifadə edərək, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqləməkdən boyun qaçırmaq olduğunu bildirib:

"Ümumi gedişata nəzər saldıqda isə, vəziyyət Azərbaycanın əleyhinə deyil. Bundan əvvəlki görüşlərdə də Prezident İlham Əliyev böyük üstünlük qazanıb. Həmçinin, baş tutan görüşlərdən sonra Ermənistan hər dəfə üzərinə yeni öhdəliklər götürüb. Bu da Azərbaycanın bütün danışıqlarda mövqeyini möhkəmləndirən əsas amillərdəndir. Ermənistan əgər sənədi imzalamayacaqsa, ona həm daxildən, həm də xaricdən təzyiqlər olacaqsa, Qarabağdakı seperatçılar iyrənc siyasətlərini davam etdirəcəklərsə, vəziyyət düşmən üçün pis olacaq. Çünki, onlar başa düşməlidir ki, regionun siyasi xəritəsi bəllidir".

Politoloq Azərbaycanın Qarabağdakı seperatizmi hansı yolla ləğv edəcəyi məsələsinin maraq doğuran suallardan olduğunu qeyd edib:

"Paşinyan özünə sual verməlidir ki, gələcəkdə Xankəndidə Azərbaycan bayrağının dalğalandırılmasından sonra, ölkəmiz tərəfindən Ermənistana sülh danışıqları üçün hansı şərtlər təqdim ediləcək?! Yaxşı olardı ki, Ermənistan başa düşsün ki, bu gün onlara təklif edilən sülh, firəvan yaşamaları üçün vacibdir. Ermənistan bunu dərk etmək istəmirsə, gələcəkdə vəziyyət heç də yaxşı olamayacaq".

Nəzrin ELDARQIZI,
"Respublika".