"...Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha, qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir". Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində belə deyib.
Sentyabrın 19-da başlanan antiterror tədbirləri, əslində, heç də gözlənilməz deyildi. Çünki Vətən müharibəsi başa çatdıqdan sonra imzalanan üçtərəfli Bəyanata əsasən Ermənistan Qarabağdakı silahlı qüvvələrinin qalıqlarını bölgədən çıxarmamışdı. Separatçıların fəaliyyəti genişlənmişdi, terror hadisələri səngimək bilmirdi. Azərbaycan tərəfinin çağırışlarına məhəl qoyulmurdu. Bir sözlə, Ermənistanın dərsini vermək üçün real şərait yaranmışdı.
Laçın sərhəd nəzarət-buraxılış məntəqəsi qurulmazdan əvvəl İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilir, müxtəlif yerlərdə basdırılırdı. Bir müddət əvvəl Azərbaycan Silahlı Qüvvələri tərəfindən aşkarlanmış minalar Rusiya sülhməramlı kontingentinin və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrinə göstərilmiş və onlardan ciddi tədbir görülməsi tələb edilmişdi. Lakin sentyabrın 18-də daha bir terror baş verdi, mina partlaması nəticəsində 5 vətəndaşımız həlak oldu. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhəri iriçaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutuldu. Törədilən terror hücumu nəticəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qətlə yetirildi.
Lokal antiterror tədbirlər bundan sonra başladı. Sentyabrın 19-da Azərbaycan tərəfinin Qarabağdakı erməni sakinlərinə etdiyi çağırışda deyilirdi: "Cinayətkar rejim sizi və doğmalarınızı Azərbaycan əsgərləri ilə döyüşməyə çağırır, amma onlar öz ailə üzvlərini müxtəlif yollarla Qarabağdan çıxarırlar. Övladlarınızı mənasız ölümdən xilas edin. Azərbaycan sizə dostluq və sülh arzulayır. Heç kimin, heç bir xarici ölkənin yalan vədlərinə inanmayın. Təhlükəsizlik zəmanətini sizə Azərbaycan dövləti verir. Ölkəmizin digər sakinləri kimi, siz də barış və rifah içərisində yaşamalısınız".
Bu çağırış da cavabsız qaldı. Erməni yalanı da işə düşdü. Belə ki, elə ilk dəqiqələrdən Ermənistanın bəzi sosial media hesablarında guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən Laçın yolu ilə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkət edən mülki kolonun atəşə tutulması barədə yalan məlumat yaydılar. Daha sonra guya təcili tibbi yardım maşınına atəş açılması yalanını uydurdular. Lakin antiterror tədbirlərinə ara verilmədi...
Sentyabrın 20-də Qarabağın erməni sakinlərinin nümayəndələri Rusiya sülhməramlı kontingenti vasitəsilə döyüşün dayandırılmasını təklif etdi. Bu müraciət nəzərə alınaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu: Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Azərbaycan Prezidenti sentyabrın 20-də xalqa müraciətində bu barədə deyib: "Bu gün səhər saatlarında artıq bizə bildirildi ki, bizim şərtlərimiz qəbul edilib. Üstəgəl, bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bizimlə dediyimiz yerdə -- Yevlax şəhərində görüşməyə hazırdırlar. Mənim cavabım belə oldu ki, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da bilir, düşmənlərimiz də bilir. Bizim sözümüz imzamız qədər dəyərlidir və bizim şərtlərimiz qəbul olunarsa, təbii ki, tədbirlərimiz, hərbi tədbirlərimiz dayandırılacaq və bu gün saat 13:00-da atəşkəs elan edildi".
Bununla da Azərbaycanın daha bir antiterror tədbiri uğurla başa çatdı, suverenliyimiz tam təmin edildi. Bu böyük qələbə 35 illik mübarizəmizin zirvəsi idi. Azərbaycan əsgəri bu dəfə də nəyə qadir olduğunu dünyaya göstərdi. 44 günlük Vətən müharibəsində Zəfərimizi təmin edən Silahlı Qüvvələrimiz üç il sonra öz missiyasını tamamilə yerinə yetirdi. Ali Baş Komandana son raport yeri Xankəndi oldu: "Cənab Prezident, Xənkəndinin mərkəzi üçrəngli bayrağımızın sancılması üçün hazırdır!".
Azərbaycan əsgəri uğurlu antiterror tədbirilə hərb tariximizə daha yeni bir səhifə yazdı. Düşməni diz çökdürüb tutduğu mövqeləri qoyub qaçmağa məcbur etdi. Tədbir zamanı Ermənistan silahlı qüvvələri birləşmələrinin 60-dan çox döyüş mövqeyi nəzarətə götürüldü. Ermənilərə məxsus 20-dək hərbi təyinatlı avtomobil, 40-dan çox artilleriya qurğusu, 30-dək minaatan, 2 ədəd zenit-raket qurğusu, 2 ədəd "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirildi. Nəticədə Qarabağ separatizmdən təmizləndi. Azərbaycan əsgərinin dəmir yumruqları ilanın başını əzdi... Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ bizimdir!
Zümrüd QURBANQIZI,
"Respublika".