İki qitə arasında körpü rolunu oynayan ölkəmiz bir sıra regional nəqliyyat layihəsinin təşəbbüskarı və icraçısıdır
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 30 illiyini qeyd etdi. Ötən illərdə çox şeylər yaşandı, qazandıqlarımız, itirdiklərimiz oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin 19 illik rəhbərliyi dövründə yaratdığı qüdrətli, güvənli Azərbaycan bu gün tam müstəqil siyasət yürüdür. Öz hədəflərini özü müəyyənləşdirir, onları reallaşdırmaq istiqamətində qətiyyətli addımlar atır. Otuz illik işğala da tək, öz gücü hesabına son qoydu. Vətən müharibəsində tarixi qələbəmiz təkcə 30 illik müstəqilliyimizin deyil, 200 illik tariximizin Zəfəri oldu. İkinci Qarabağ müharibəsindən sonra yaranan reallıqlar ölkəmizin həm də beynəlxalq siyasi, iqtisadi-ticari münasibətlərinin daha da şaxələnməsi üçün real zəmin yaratdı. Hazırda Azərbaycan regionda əsas enerji təchizatçısıdır. Asiya və Avropa arasında körpü rolunu oynayan Azərbaycan bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır.
Prezidentin son dövlət səfərləri beynəlxalq münasibətlərdə otuz ilə bərabər intensiv diplomatik dinamikaya təkan verib. Dövlət başçısının qısa zaman fasilələri ilə, Orta Asiya respublikalarına - Qazaxıstana və Qırğızıstana, eləcə də Bolqarıstana rəsmi dövlət səfərləri, son Praqa görüşləri, oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında, yenə də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının sammitində iştirakı, həmçinin müxtəlif ölkə başçılarının qarşılıqlı səfərləri, Avropa Birliyinin yüksək rəhbərləri ilə ardıcıl təmasları yerli və xarici medianın gündəmində özəl xəbərlər sırasında oldu.
Prezidentin son diplomatik fəaliyyəti Avropa və Asiya kimi kontinental coğrafiyanı bütövlükdə əhatə etməkdədir. Brüssel, Sofiya, Praqa, Moskva, Bişkek, Astana və s. paytaxtlarda müzakirə edilən məsələlərin son dərəcə zəngin gündəmi miqyas və əhatəliliyi, ən vacibi taleyüklü məzmunu baxımından geniş tədqiqatların mövzusudur. Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi ilə başlayan diplomatik təqvim bu gün də davam edir.
Prezidentin Qazaxıstana, Özbəkistana, Qırğızıstana səfərləri və çoxşaxəli görüşlərində prezidentlərin mətbuat üçün bəyanatları, ölkələr arasında imzalanan, qarşılıqlı münasibətlərin bütün spektrini əhatə edən çoxformatlı rəsmi sənədlərin sanbalı da diqqətçəkicidir. Dövlətimizin başçısının istər Orta Asiya, istərsə Avropa ölkələrinə son dövrdə həyata keçirdiyi rəsmi səfərlərin tarixi hadisəyə çevrilməsinə təsir edən amillər çoxdur. Reallıq bundan ibarətdir ki, Azərbaycan Prezidentinin kontinental qütblər sayılacaq Avropa və Asiya qitələrində, regional və qlobal təhlükəsizliyin prioritet məsələləri ilə bağlı keçirdiyi görüşlərlə, etdiyi səfərlərlə dünya düzəninin yeni tarixi yazılır.
Bu il oktyabrın 6-da "Avropa siyasi birliyi"nin yeni platforması çərçivəsində Praqada keçirilən görüşlərdə Azərbaycan humanistliyini, bölgədə sülhün tərəfdarı olduğunu bir daha nümayiş etdirdi. Belə ki, Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olundu. Halbuki, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. Prezident İlham Əliyev bu il oktyabrın 14-də Qazaxıstanın Astana şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının sammitində çıxışı zamanı deyib: "...Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi... Bu bəyanatlarda o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, bununla da faktları manipulyasiya edərək Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib... Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb".
Praqa görüşlərinin sonunda qəbul edilən Bəyanatda əksini tapan müddəalardan birinin dövlətlərin ərazi bütövlüyü və suverenliyinin tanınması ilə bağlı olması da Azərbaycan liderinin dönməz fəaliyyətinin nəticəsi idi.
Azərbaycanın bu gün iştirakçısı və təşəbbüskarı olduğu müxtəlif beynəlxalq layihələr geniş regional əməkdaşlıq üçün möhkəm əsas yaradıb. Enerji təhlükəsizliyinə aid olan layihələri isə xüsusi qeyd etmək lazımdır. Bu layihələr Cənubi Qafqazın, həm də daha geniş regionun enerji xəritəsini tam dəyişərək bütün iştirakçılara fayda gətirən çox mühüm əməkdaşlıq nümunəsinə çevrilib. Ölkəmizin neft ixracının 28 faizi Asiyadakı tərəfdaşlarının payına düşür. Bununla Azərbaycan Asiya ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Bu əməkdaşlığın isə daha böyük perspektivləri var.
Tarixən mühüm nəqliyyat qovşağı hesab olunan İpək Yolunun Azərbaycandan keçməsi ölkəmizin logistika sahəsində qədim ənənələrə malik olduğunu göstərir. Tarixi İpək Yolunun bərpası istiqamətində nəhəng qlobal təşəbbüsün mühüm həlqəsi kimi çıxış edən Azərbaycan təkcə tranzit ölkə kimi yox, eyni zamanda, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələrin də təşəbbüskarı və icraçısı kimi çıxış edir. Ölkəmiz coğrafi və iqtisadi mövqeyinə görə xüsusi əhəmiyyət daşıyır və yalnız Şərqlə Qərb arasında qapı rolunda çıxış etmir, həmçinin Şimalla Cənubu da birləşdirən mühüm tranzit rolunu oynayır.
Son illər ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu yaradılıb. Hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib. Bu baxımdan, Prezident İlham Əliyev 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində Beynəlxalq Dəniz Ticarət Limanının ikinci fazasına başlanmasının əhəmiyyətini xüsusi vurğulayıb. İşğaldan azad olunmuş ərazilərdə yeni hava limanlarının tikintisi, gəmilərin inşası, Bakı Beynəxlaq Dəniz Ticarət Limanında görülən işlər, dəmir yolu infrastrukturunun şaxələndirilməsi, beynəlxalq avtomagistralların tikintisi və yenidən qurulması üçün ayrılan vəsaitlər göstərir ki, Azərbaycan nəqliyyat habına çevrilmək istiqamətində ardıcıl addımlar atır, qətiyyətli iradə ortaya qoyur. Dünyanın ən iri 100 layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilib. Artıq 5 ildir ki, BTQ qitələrarası daşımalar üçün geniş imkanlar açıb. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolunun yaratdığı əlverişli şərait bir çox, xüsusilə Şərq ölkələrinin diqqətini cəlb edir. Bu dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox azaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Bütün bunlar isə Azərbaycanın Avropa və Asiya üçün tərəfdaş ölkəyə çevrilməsinə zəmin yaradır.
Z.ABDULLAYEVA,
"Respublika".