“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu çərçivəsində iyulun 23-də Şuşada Türkiyənin Anadolu Agentliyinin əməkdaşları tərəfindən "Böhran vəziyyətində, o cümlədən hərbi münaqişə zamanı jurnalistika" mövzusunda təlim keçirilib.
"Respublika" xəbər verir ki, əvvəlcə vəzifə borcunu yerinə yetirən jurnalistlərin qorunmasının vacibliyi ilə bağlı videoçarx nümayiş etdirilib.
Təlimdə iştirakçılara şəxsi təhlükəsizlik, ilk yardım, müharibə zamanı davranış qaydaları, suda sağ qalma, kimyəvi və bioloji silahların tətbiqi zamanı qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət və digər mövzularda məlumat verilib.
Jurnalistlər üçün həmçinin böhran, təbii fəlakət və müharibə bölgələrində fəaliyyət göstərən media nümayəndələrinin qarşılaşa biləcəkləri çətinliklər və təhdidlərin dəf olunması mövzularında da təlimlər keçirilib.