26 iyun Silahlı Qüvvələr Günüdür
1918-ci il 26 iyun... 105 il əvvəl bu gündə Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə, yəni əlahiddə Azərbaycan korpusu formalaşdırıldı. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyuldu. Həmin il avqustun 1-də Hərbi Nazirlik təsis olundu, ilk nazir Xosrov bəy Sultanov təyin edildi. Dekabrın 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin olundular.
Hərbi sahədə ilk uğur sentyabrın 15-də qazanıldı. Milli Ordu Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştə göstərdi, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. İlk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirildi.
1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən on beş general Nargin adasında güllələndi, bir çox vətənpərvər hərbçilər repressiyaya məruz qaldı. Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişmədi. Amma bu dəfə çar dövründən fərqli olaraq, azərbaycanlı gənclər hərbi xidmətə çağırılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək idi.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra isə müasir Milli Ordunun yaradılmasına başlanıldı. Lakin müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edən hökumət ordu quruculuğunu həyata keçirə bilmədi. Həmin dövrdə vahid ordu mövcud deyildi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən ermənilərin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. Bu səbəbdən də əminliklə demək lazımdır ki, Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmləndirilməsi ulu öndərin uzaqgörənliyinin nəticəsidir. Ona görə uzaqgörənlik deyirik ki, ulu öndər hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə gələcəyi düşünür, milli zabit kadrların yetişdirilməsinə çalışırdı. Bu prosesin məntiqi davamı kimi 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail olundu. Heydər Əliyev, həmçinin azərbaycanlı gəncləri SSRİ-nin qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərdi. 90-cı illərin əvvəllərində isə Ümummilli Liderin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi. Ordumuz Heydər Əliyevin tapşırığı ilə uğurlu hücum əməliyyatları keçirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan Ordusunun ilk sınağı 1994-cü ilin yanvarında oldu. Yanvarın 5-dən 6-na keçən gecə Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Ordu quruculuğu işinə böyük önəm verən ulu öndərin 1998-ci il 22 may tarixli Fərmanına əsasən 26 iyun Silahlı Qüvvələr Günü elan olundu.
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən və zənginləşdirən Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı istiqamətind