İkinci Qarabağ müharibəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnməsi Cənubi Qafqazda yeni reallıqların yaranmasına səbəb oldu. Bu reallıqlar isə ölkəmizin bölgədə lider dövlətə çevrilməsini təmin etdi. Belə ki, 30 il torpaqları Qərb qonşusu tərəfindən işğal altında saxlanılan Azərbaycan artıq regionda söz sahibi, irimiqyaslı layihələrin təşəbbüskarı və icraçısıdır. Yalnız Cənubi Qafqazda deyil, bütün dünyada Prezident İlham Əliyevin fikirlərinə hörmətlə yanaşılır, etdiyi təşəbbüslər təqdir olunur. Lakin qarşı tərəf müharibədən iki ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də özünü məğlub, Azərbaycanı isə qalib ölkə olaraq qəbul etmək istəmir. Ermənistanın bu mövqeyi isə regionda sülhün, təhlükəsizliyin bərqərar olmasına mane olur.
Prezident İlham Əliyevin iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar beynəlxalq vasitəçilər tərəfindən də dəstəklənir. Belə ki, 2021-ci il dekabrın 14-də, ötən il isə aprelin 6-da, mayın 23-də və avqustun 31-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşlər keçirilmiş, sülhün əldə olunmasına ciddi səy göstərilmişdir. Azərbaycan və Ermənistan liderlərinin görüşlərinə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də vasitəçilik etmiş, 2021-ci il yanvarın 11-də Moskvada, noyabrın 26-da Soçidə və ötən il oktyabrın 31-də yenə də Soçidə Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin görüşü baş tutmuşdur.
İkinci Qarabağ müharibəsindən sonra iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində aparılan görüşlər ötən il oktyabrın 6-da Praqada, "Avropa Siyasi Birliyi"nin birinci Zirvə Toplantısında davam etdirilmiş, bu dəfə Fransa Prezidenti Emmanuel Makron da vasitəçilər sırasına qoşulmuşdur. ABŞ Dövlət katibi Antoni Blinkenin moderatorluğu ilə keçirilən görüş bu il fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmişdir. Bütün bu görüşlərdə müzakirələr zamanı müəyyən irəliləyişlər əldə olunsa da, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində regionda sülhün təmin olunması məsələsində razılıq əldə olunmamışdır.
Mayın 14-də iki ölkə arasında sərhəddə yenidən gərginliyin artması fonunda Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan görüşüblər. Liderlər arasında məsələlərin müzakirəsindən əvvəl Aİ Şurasının prezidenti həm Nikol Paşinyan, həm də İlham Əliyevlə ikitərəfli görüş keçirib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ikitərəfli görüşlərdən sonra mətbuata bəyanatla çıxış edərək sülh sazişi istiqamətində mühüm irəliləyişlərin əldə edildiyini bildirib. Qeyd edib ki, sülh müqaviləsi üzrə ABŞ-da aparılan son müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qətiyyətli addımların atılması sürəti qorunmalıdır. Tərəflər 1991-ci il "Almatı Bəyannaməsi"nə əsasən Ermənistanın (29,800 kvadratkilometr) və Azərbaycanın (86,600 kvadratkilometr) müvafiq ərazi bütövlüyünə birmənalı öhdəlik götürməklə, qarşılıqlı dövlət sərhədinin demarkasiyası üzrə ikitərəfli danışıqları bərpa etməyə razılaşıblar.
Şarl Mişel Ermənistanın cənubundan keçməklə Azərbaycan və onun Naxçıvan ərazisi arasında əlaqə məsələsində də irəliləyişin olduğunu bildirib və qeyd edib ki, tərəflər Naxçıvandan keçən dəmir yolu əlaqələrinin yenidən açılması məsələsində bir-birinə çox yaxınlaşıblar. İşçi qruplarına dəmir yolu əlaqələrinin açılması ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırılıb, lazımi tikinti işlərinin konkret qrafiklə birlikdə həyata keçirilməsi, həmçinin bu işin dəstəklənməsi üçün Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə razılığa gəlinib.
Aİ prezidenti, həmçinin azaraq qarşı tərəfə keçən əsgərlərin azad ediləcəyinə dair qarşılıqlı anlaşmanın vacibliyinin vurğulandığını bildirib və yaxın günlərdə onların azad ediləcəyinə əminliyini ifadə edib. O, Brüsseldə iyul ayında keçiriləcək üçtərəfli formatda növbəti görüşdən əvvəl, iyun ayının 1-də Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin Moldovada "Avropa Siyasi Birliyi"nin ikinci Sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla da görüşəcəklərini açıqlayıb.
Avropa İttifaqı<