"Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib. Bizim infrastrukturumuz - dəmir yolları, hava limanları, Ələt Beynəlxalq Dəniz Limanı və digər nəqliyyat infrastrukturu, Xəzərdə ən böyük donanma və eyni zamanda, bizim donanmamız Qara dənizdə də işləyir. Mənim göstərişimlə bizim Qara dənizdəki donanmamızda gəmilərin sayı artırılacaq. Yəni çox böyük nəqliyyat bazarında Azərbaycan ciddi aktora çevrilib". Bu fikirləri yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
Azərbaycan Xəzərdə 260-dan çox gəmisi olan nəhəng donanmaya malikdir. Bu gəmilərin bir hissəsi yüklərin fasiləsiz tranzitinin təmin edilməsi işində əsas rol oynayır. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında respublika ərazisində beynəlxalq yük və sərnişin daşımalarının mexanizmi dünya təcrübəsi əsasında daha da optimallaşdırılır və bu sahədə müvafiq hüquqi baza yaradılır. Azərbaycan yerləşdiyi coğrafiyanın nəqliyyat-tranzit imkanlarının genişləndirilməsinə yönələn bütün təşəbbüsləri dəstəkləyir, eləcə də bu məqsədlə reallaşdırılan layihələrdə fəal iştirak edir. Dünyada ən məqbul variantlardan sayılan Trans-Xəzər marşrutu yüklərin tez, təhlükəsiz və sərfəli tariflərlə daşınmasına imkan yaratdığı üçün bütün tərəflərə sərfəlidir. Üstəlik, bu marşrut texniki parametrlərə görə də etibarlıdır. Yəni Trans-Xəzər nəqliyyat dəhlizi mükəmməl texniki bazaya malikdir. Marşrutun ticarət tərəfdaşları üçün cəlbedici amili güclü dəniz donanması və Ələt Beynəlxalq Ticarət Limanıdır. Belə ki, bu limanın illik yükötürmə qabiliyyəti 25 milyon tondur. Liman vasitəsilə, həmçinin ildə 1 milyon konteyner qəbul edib yola salmaq mümkündür. Artıq qətiyyətlə söyləmək olar ki, Ələt Beynəlxalq Ticarət Limanı dünyanın ən böyük ticarət limanlarından biridir. Elə buna görə son dövrlər bu limana təkcə Şərq ölkələri deyil, Avropa İttifaqı da böyük maraq göstərir.
14 may 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib.
Xatırladaq ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC Prezident İlham Əliyevin 2015-ci il 18 mart tarixli Sərəncamı ilə yaradılıb və həmin vaxtdan yeni hüquqi statusda fəaliyyətə başlayıb. Kompleksin açılışını edən ölkə başçısı yanvar ayında Ro-Ro terminalının, 2014-cü ildə də ilk bərə terminalının açılışlarında da iştirak edib. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Limanda xidməti donanma gəmiləri üçün də şərait yaradılıb, burada eyni zamanda sahilə 11 gəmi yan ala bilər. Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün yükcəmləyici məntəqədir. Bakı Limanının inkişafı 2 mərhələ üzrədir. Belə ki, birinci mərhələnin inkişafı 2019-cu ildə başa çatdırılıb və sonra Bakı Limanında ümumi yükaşırma imkanı artaraq 15 milyon ton ümumi yük və 100 min TEU-ya qədər konteyner olub. Ələtdə liman kompleksinin tikintisinin birinci fazası bərə terminalı, ümumi yük körpüsü, Ro-Ro körpüsü, xidmət körpüsü, dəmiryolu xətləri, inzibati bina, gömrük məntəqəsi, açıq saxlama sahəsi, anbarlar, konteyner meydançası, körpülərə dəmir və avtomobil yol yanaşmaları, Ro-Ro rampaları, ağır yüklərin yerləşmə sahəsi və yük maşınlarının dayanacaq sahəsinin tikintisini əhatə edir. Liman kompleksinin tikintisinin ikinci mərhələsinin başa çatdırılması ilə Bakı Limanının ümumi yükaşırma imkanı artaraq 25 milyon ton ümumi yük və 500,000 TEU-ya qədər konteyner olacaq.
Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola malikdir. Layihənin həyata keçirilməsinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla başlanılıb.
Bakı Limanı öz qlobal şəbəkəsinin və regional və beynəlxalq limanlarla sıx tərəfdaşlıq əlaqələrinin üstünlüklərindən faydalanır. Tərəfdaşlarla imzalanmış əməkdaşlıq sazişləri iqtisadi və kommersiya əlaqələrini möhkəmləndirmiş, beynəlxalq bazarın birgə tədqiqatları sahəsində əməkdaşlığı genişləndirmiş və nəqliyyat kanallarının sabitliyinə və effektivliyinə kömək etmişdir. Bakı Limanı uğurlu ikitərəfli münasibətlər qurmaqla yanaşı, bir sıra beynəlxalq təşkilatların da fəal üzvüdür. Bakıda böyük müvəffəqiyyətlə təşkil olunan IAPH 2018 Dünya Limanlar Konfransında beynəlxalq liman arenasında limanın əhəmiyyəti və onun tərəfdaşlıq və dayanıqlılığa sadiqliyinin qlobal iqtisadiyyatın gələcək inkişafına töhfə verəcəyi bir daha vurğulanmışdır. Bakı Limanı Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdirilir. Burada Avropa İttifaqının ekoloji, iqtisadi və sosial təminatlarla bağlı yeni strategiyasına uyğun olaraq ən son texnologiya və ekoloji standartlar tətbiq edilir. Bu məqsədlə, yeni Bakı Limanında Xəzər hövzəsində neftlə və məişət tullantıları ilə çirklənmiş suları təmizləyən qurğular quraşdırılıb.
Beləliklə, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və yaşıl həllər tətbiq olunduğu Bakı Limanının yükaşırma həcmi hər il artır. 2023-cü ilin yanvar-iyul aylarında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə yükdaşımalar 14 faiz və ya 500 min ton artaraq 3,6 milyon tondan 4,1 milyon tona yüksəlib. Eyni zamanda, dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formalaşıb və bu amil də ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanına cəlb edilən yüklərin həcmini sürətlə artırır.
Mustafa KAMAL,
"Respublika".