Ölkəmiz enerji istehsalında “yaşıl enerji
İqtisadiyyat

Ölkəmiz enerji istehsalında “yaşıl enerji"nin payının artırılmasını hədəfləyir

Prezident İlham Əliyev ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir və  Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Məlumdur ki, hər il dövlət başçısı gələcək illə bağlı mühüm hadisələri nəzərə alaraq sərəncam imzalayır. 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması, COP29 beynəlxalq konfransının Bakıda keçirilməsilə əlaqədardır. Bildiyimiz kimi, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP29-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. 1995-ci ildən bəri hər il dünyanın müxtəlif yerlərində keçirilən belə bir qlobal tədbirin paytaxtımıza üz tutması Azərbaycanın beynəlxalq müstəvidə qazandığı qələbələrdən biridir. Bu, onu göstərir ki, hər nə qədər bəzi dairələrdən dövlətimiz əleyhinə xoş olmayan bəyanatlar səslənsə də, ümumilikdə beynəlxalq ictimaiyyət həm Azərbaycanın ərazi bütövlüyü ilə bağlı atdığı addımları hüquqi cəhətdən düzgün hesab edir, həm də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması işinə verdiyi töhfəni layiqincə qiymətləndirir.

Dekabrın 15-də COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə səsləndirdiyi fikirlər bir daha Azərbaycanın qlobal çağırışlara dərhal reaksiya verməsindən xəbər verib: "Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək".

Azərbaycan dünyada ənənəvi enerjinin istehsalçısı və ixracatcısı kimi tanınsa da iqlim dəyişmələrinin qarşısının alınması məqsədilə "yaşıl enerji"nin inkişaf etdirilməsində olduqca maraqlıdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunmuşdur. Həmin ərazilərdə həyata keçirilən "ağıllı şəhər", "ağıllı kənd" layihələri onu göstərir ki, ekoloji tarazlığın qorunması ölkəmizdə ən ali məqsədlərdən biridir. Artıq nəinki ölkə daxilində yaşıl enerjidən istifadə olunur, hətta ekoloji cəhətdən təmiz enerjinin ixrac olunması yolunda da Azərbaycan praktiki müstəvidə səmərəli işlər görüb. Xatırladaq ki, hələ ötən il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanmışdı. Bununla da Azərbaycan öz üzərinə Avropanın neft və təbii qazla yanaşı, yaşıl enerji ilə də təminatına dair öhdəlik götürmüş oldu. Həmçinin bu saziş yerləşdiyimiz regionla qoca qitə arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addım sayılır.

Avropaya yaşıl enerji körpüsünü salan ölkəmizin qitənin mühüm elektrik enerjisi, əsasən yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırması heç də səbəbsiz deyil. Çünki Azərbaycanın bərpaolunan enerji potensialı olduqca çoxdur. Quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan artıq olduğu təqdirdə, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etmək nəzərdə tutulub ki, bunun da 80 faizi ixrac olunacaq. 2037-ci ilə qədər isə ən azı 6 qiqavatlıq əlavə güc yaratmaq planlaşdırılıb.

Faktlardan da aydın olur ki, karbohidrogen resursları ilə zəngin olan Azərbaycan elektrik enerjisi istehsalında yaşıl enerjinin payının artırılmasını hədəfləyir. Ümumilikdə isə son dövrlər dünya üzərində neft və təbii qaz kimi hidrogenlərin istifadəsi nəticəsində atmosferə buraxılan istixana qazları ətraf mühitin normadan artıq çirklənməsinə səbəb olur. Məhz buna görə də emissiyaları azaltmaq üçün istifadə edilən enerji mənbələrini ekoloji cəhətdən daha təmiz olanlarla əvəz etmək bütün dövlətlərin qarşısında mühüm vəzifə kimi durmalıdır.

Musa BAĞIRLI,

"Respublika".