İş adamları işğaldan azad edilmiş bölgələrin yenidən qurulmasında iştiraka cəlb olunur
İqtisadiyyat

İş adamları işğaldan azad edilmiş bölgələrin yenidən qurulmasında iştiraka cəlb olunur

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş torpaqlarımızın milli iqtisadiyyata sürətli inteqrasiyası, bu ərazilərdə biznesin canlanması məqsədilə tədbirlər davam etdirilir. Dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş, işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, bu ərazilərdə əhalinin dayanıqlı məskunlaşması, davamlı iqtisadi aktivliyin təmin olunması prioritet istiqamətlərdəndir.

Antiterror əməliyyatı nəticəsində işğaldan azad olunmuş ərazilərdə yaşayan sakinlərin, burada təmsil olunan dövlət qurumları, podratçı təşkilatlar və onların işçi heyətinin bir sıra xidmətlərlə təmin olunmasına zərurət yaranmışdır. Bununla əlaqədar, bu ərazilərdə ticarət, ictimai iaşə, məişət xidməti və digər istiqamətlərdə bəzi müəssisə və obyektlərin fəaliyyətinin (hotel, aptek, çörəkbişirmə, avtomobil servis mərkəzi və avtoyuma, çamaşırxana və quru təmizləmə, təmizlik xidməti, yükdaşıma xidməti, mobil operator məntəqələri, inşaat malları mağazası və s.) bərpası planlaşdırılır. Bu məqsədlə aşağıda qeyd olunan tələblərə cavab verən kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olan sahibkarlara və hüquqi şəxslərə əməkdaşlıq təklif edilir.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iş adamlarına müraciətində vergi güzəştləri, əmək haqqının birgə maliyyələşdirilməsi ilə bağlı maliyyə yardımı, sosial sığorta və kommunal güzəştləri barədə ətrafiı məlumat verilir.

Nəriman Cavadov,

“Respublika”.