Azərbaycana qarşı təxribatlar aparan Paris meri erməni lobbisinin sədəqəsindən yararlanır
Siyasət

Azərbaycana qarşı təxribatlar aparan Paris meri erməni lobbisinin sədəqəsindən yararlanır

COP29-un gələn il ölkəmizdə keçirilməsi dünya birliyinin Azərbaycana növbəti dəfə böyük etimad və hörmətinin ifadəsidir.

Dekabrın 15-də keçirilmiş müşavirədə Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, "biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı".

Reallıq bundan ibarətdir ki, məhz cənab İlham Əliyevin qətiyyəti nəticəsində Azərbaycan regionda haqlarını müdafiə edə bilən hərbi-siyasi güc kimi özünü təsdiq edib. Üstəlik, güc və imkanları artdıqca Azərbaycanın beynəlxalq hüququn aliliyinə sədaqəti dəyişməz qalıb.

COP29-un evsahibliyinin 135 ölkənin yekdil dəstəyi ilə Azərbaycana həvalə olunmasında heç şübhəsiz ki, bu meyar həlledici amillərdən biridir. Digər tərəfdən, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü dövründə uğurlu fəaliyyəti, eyni zamanda Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, eləcə də digər çoxsaylı tədbirlərə təhlükəsiz, etibarlı evsahibliyi etməsi COP29-un uğurla baş tutacağına heç kimdə şübhə yaratmır. Xüsusən, cənab İlham Əliyevin 10 may 2023-cü ildə Şuşadakı tarixi çıxışında da ifadə etdiyi kimi, "Azərbaycanda təhlükəsizlik təmin edilir, Azərbaycanda əmin-amanlıq hökm sürür. İndi bir daha demək istəyirəm ki, dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır". Həqiqətən də qlobal qeyri-sabitlik zəminində Azərbaycanda təhlükəsiz mühit ölkəmizi beynəlxalq tədbirlər üçün ideal məkana çevirir.

Azərbaycan Respublikası özünün ənənəvi enerji öhdəliklərinə sadiq qalmaqla neft hasilatından tədricən qaz istehsalına strateji keçidi təmin etmək üzrədir. Azərbaycan Prezidentinin zamanında uzaqgörənliklə reallaşdırdığı infrastrukturlar, həmçinin reallaşan Cənub Qaz Dəhlizi layihəsi bu gün faktiki olaraq Avropa üçün alternativsiz enerji təchizatçısı rolunda çıxış edir. Lakin buna baxmayaraq, Azərbaycan özünün gələcəyini neft-qaz sferasında deyil, alternativ enerjidə görür. Azərbaycan Prezidentinin Serbiyaya səfəri çərçivəsində, Serbiya-Bolqarıstan İnterkonnektorunun açılışı zamanı da bəyan etdiyi kimi, "Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır". Digər tərəfdən, məlumdur ki, Azərbaycan beş milli prioritetdən birini "təmiz ətraf mühit və yaşıl artım ölkəsi" olmaq formasında müəyyən edib. Ölkəmiz Kioto protokolu ilə karbon qazlarının emissiyasının kəskin azaldılması üzrə çox cəsarətli hədəflər müəyyən edib. Yəni iqlim dəyişikliyi mövzusunda Azərbaycan faktiki olaraq BMT-nin müvafiq Çərçivə Konvensiyasının Şərqi Avropa Qrupu üzrə ən həssas praktik yanaşma nümayiş etdirən üzvüdür. Bütün bunların fonunda, beynəlxalq subyektin, yaxud qərəzli psevdo siyasətçinin, o cümlədən Paris meri Ann İdalqonun proseslə bağlı bəyanatlar verməsi absurddur və artıq qəbul olunmuş qərarın mahiyyətinə təsir edə bilməz.

Ümumiyyətlə, İdalqonun qlobal müstəvidə alınmış qərarlarla bağlı bəyanatlar verməsi özlüyündə heç bir siyasi-diplomatik etiketə sığmır. Paris müstəqil dövlət deyil və bu mənada, suveren subyekt kimi davranmaqla əslində şəhər meri Fransa dövlətçiliyinin daxildən çürümək üzrə olduğunu göstərir. Aydındır ki, İdalqo özü də verdiyi bəyanatın heç bir siyasi-hüquqi nəticə doğurmayacağını bilir, bununla mer çox güman ki, Fransadakı erməni milyarderlərin mərhəmətinə, daha dəqiq desək, sədəqəsinə ümid edir.

Lakin hər kəs, o cümlədən İdalqo özü də daxil Fransa rəsmiləri anlamalıdırlar ki, Fransa sərt və yaramaz ritorika ilə yalnız özünü gülünc duruma salmaqdadır.

Bu gün dünyanın mədəniyyət və incəsənət mərkəzlərindən biri olan Paris Avropanın ən çirkli, ekoloji cəhətdən ən çox mənfi təsirə məruz qalmış şəhəridir. Hətta mərkəz küçələrdə antisanitariya hökm sürür. Siyasi deqredasiyaya məruz qalmış Paris meri bu mənada yaxşı olar ki, bir ASALA üzvündən fərqlənməyən fəaliyyətə yox, parislilərin ona həvalə etdiyi öhdəliklərinə vaxt ayırsın.

Artıq Vətən müharibəsindən sonra, xüsusən antiterror tədbirlərinin ardınca Azərbaycana əsassız ittihamlar irəli sürmüş bəzi Qərb ölkələri cənab İlham Əliyevin qətiyyəti qarşısında öz ədalətsiz mövqelərindən geri çəkilib. Artıq dünya ölkəmizin öz suveren ərazisində separatçılığa qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini təmin etməsini ölkəmizin suveren haqqı kimi qəbul edir. Cənab İlham Əliyevin 15 dekabr müşavirəsində də ifadə etdiyi kimi, artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. İndi Fransanın, yaxud İdalqo kimi ləkələnmiş muzdlu fiqurun reallıqla barışmamasının bizim üçün önəmi yoxdur. Azərbaycanın bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etdiyi antiterror tədbirlərindən cəmi 2 ay yarım sonra COP28-də 135 dövlətin Azərbaycana dəstək verərək 29-cu konfransın Bakıda keçirilməsi qərarı alması haqlı mövqeyimizə verilən qiymət olaraq Fransanın və bir sıra Qərb subyektlərinin qeyri-adekvat və ədalətsiz yanaşmalar fonunda Azərbaycanın qələbəsidir. Heç şübhəsiz ki, möhtərəm Prezidentin dediyi kimi, Fransa özü də vəziyyətlə barışmağa məcbur olacaq.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.