Milli Məclisin sədri Sahibə Qafarova iyunun 22-də ölkəmizdə səfərdə olan Çex Respublikası Parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb. Qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən Milli Məclisin sədri bu səfərin iki ölkənin qanunvericilik orqanları arasında münasibətlərin genişlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu söyləyib. Görüşdə parlamentlərimizin dostluq qrupları arasında təmasların, qarşılılqlı səfərlərin əhəmiyyəti ilə bağlı fikirlər səsləndirilib. Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı və mühüm iqtisadi tərəfdaş ölkə olaraq əldə etdiyi nailiyyətləri diqqətə çatdırılıb.
22 iyun Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilir ki, Milli Məclisin sədri Azərbaycanda və regionda mövcud olan vəziyyət barədə qonaqlara geniş məlumat verib.
Çex Respublikası Parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yan Kubik Azərbaycana, o cümlədən, işğaldan azad olunmuş Ağdam rayonuna səfərləri, keçirdiyi görüşlərlə bağlı təəssüratlarını bölüşüb. O, ölkələrimiz haqqında həqiqətlərin, məlumatların ictimaiyyətə doğru çatdırılması, parlamentlərimiz arasında əlaqələrin genişləndirilməsi baxımından bu cür səfərlərin önəmini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
“Respublika”.