Azərbaycan heç kimi Qarabağı tərk etməyə məcbur etmir
Gündəm

Azərbaycan heç kimi Qarabağı tərk etməyə məcbur etmir

Lokal antiterror tədbirlərindən sonra keçirilən Yevlax görüşündə Qarabağda yaşayan etnik ermənilərin istəkləri dinlənilib və müsbət qarşılanıb. Onların yanacaq və humanitar yardım xahişindən sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən ərzaq yardımı və gigiyenik vasitələrlə dolu yük göndərilib. Həmçinin Xankəndi şəhərinin Azərbaycanın enerji sisteminə qoşulması təmin edilib. Qarabağ icmasının nümayəndələri ilə görüşdə erməni əhalisinə növbəti dəfə bildirilib ki, onların təhsil, mədəniyyət, din kimi bütün hüquqları təmin ediləcək. Bütün bunlar ölkəmizin humanist mövqeyinin və məsələnin dialoq yolu ilə həlli üçün əlindən gələni etdiyinin sübutudur.

1990-cı ilin əvvəllərində vətəndaşlarımız əliyalın, heç bir əşyaları olmadan Qarabağdan zorla çıxarılıb. Onlar qışın soyuğunda, gecə vaxtı Xocalıdan qaçmağa məcbur edilib. Günahsız insanlar öldürülüb, əsir götürülüb. Lakin dövlətimiz tərəfindən ermənilərin öz əşyalarını götürüb sərbəst şəkildə şəxsi istəkləri ilə getməsinə şərait yaradılıb. Azərbaycan baş verən hadisələrdə erməni vətəndaşlarını günahlandırmır, onlara ölkəmizin qanunları və bayrağı altında yaşamağı təklif edir. Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bunu bir daha vurğulayıb: "Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik". Qarabağın erməni əhalisinin bizim vətəndaşlarımız olduğunu qeyd edən ölkə başçımız bölgənin "rəhbər"lərinin bu insanları girov götürüb, onların beyinlərini zəhərlədiyini bildirib.

Rəsmi Bakı bildirir ki, Qarabağı tərk etmək orada yaşayan sakinlərin şəxsi və fərdi qərarlarıdır. Azərbaycan heç kimi Qarabağı tərk etməyə məcbur etmir. Ölkəmiz hər zaman humanist prinsiplərə sadiq qalıb və erməni əhalisinin rifahı üçün bütün vacib fəaliyyətləri həyata keçirir.

Erməni əhalisi yerli televiziyalarımızın jurnalistlərinin "Sizi Qarabağdan çıxmağa kim məcbur edir?" sualına cavab olaraq bildiriblər ki, Azərbaycan onları Qarabağdan çıxmağa məcbur etmir. Onlar qeyd ediblər ki, buranı tərk etməklə bağlı təyziqlər xunta rejimi tərəfindən göstərilib. Həmçinin xunta rejimindən qurtulan erməni əsilli sakinlər xoşluqla Azərbaycan vətəndaşlığı üçün müraciət edirlər. Ölkəmiz də öz növbəsində reinteqrasiya prosesinin sürətli və intensiv şəkildə başlanması üçün bütün tədbirləri həyata keçirir.

Lokal antiterror tədbirləri müddətində və sonra da Azərbaycanın hərbçiləri və polislərinin erməni əhalisi ilə rəftarı da cəmiyyətin reiqteqrasiya prosesinə hazır olduğunun göstəricisidir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".