Azərbaycan daim Türkiyənin yanındadır
Digər xəbərlər

Azərbaycan daim Türkiyənin yanındadır

Bildiyimiz kimi, fevral ayının 6-da bütün türk dünyasını sarsıdan 7.7 və 7.6 bal gücündə zəlzələ baş vermişdi. Rəsmi açıqlamalara əsasən, zəlzələ nəticəsində ölənlərin sayı 38 044 nəfərə çatıb. Bəli, 38 min can, ümid, arzular bir neçə saniyə içində puç olub getdi. İnsanlar evsiz-eşiksiz qaldılar. Yaralıların da sayı çoxdur. Necə deyərlər,  canımızın bir parçası olan Türkiyə öz ağır günlərini yaşayır.  Zəlzələ baş verən andan bütün Azərbaycan xalqı ayağa qalxıb, hər kəs əlindən gələn köməyi edir. Hər zaman olduğu kimi, bu acı gündə də xalqımız qardaşlarının dayağında durdu. Böyükdən-kiçiyə hər kəs hadisə baş verən andan bəri səfərbər olub və yardım kampaniyalarına başlayıblar. Bu isə bizim qardaşlıq borcumuz idi. Təkcə Bakıda yox, həmçinin rayonlarımızda da yardımlar toplanmağa davam edir. Yardımlar arasında gödəkcə, şalvar, əlcək, corab, çadır, yorğan, əl fənəri, generator, poverbank, təmizlik alətləri və uşaqlar üçün lazımi ləvazimatlar da var.

Prezident İlham Əliyevin tapşırığı ilə fəlakətin nəticələrinin aradan qaldırılması üçün qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü. Göstərişə əsasən, axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 725 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşdü. Bura Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki Müdafiə Qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyətləri də daxildir. Bununla yanaşı, xüsusi təlim görmüş itlər və axtarış üçün zəruri vasitələr də buraya daxildir. Bundan başqa, tibbi ləvazimatlar, həmçinin mobil səhra hospitalı göndərilib. Bu hospital ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün tam formada hazırlanmışdır. Dost dosta təkcə xoş günündə yox, həm də dar günündə də dəstək olmalıdır. Elə bu baxımdan da bütün xalqımız qardaşlarımızın yanındadır.  Göz yaşları içində öz qızının cehizlərini, evində olan tək isti yorğanını, ən sevdiyi gödəkcəsini və s. göndərir.  Hər gecə qucaqlayıb yatdığı oyuncağını gətirən minlərlə kiçik vətəndaşımız var. Çünki heç biri evində isti yatağında rahat yata bilmir. Hər kəs soyuq havada qutuların toplanmasına, hazırlanmasına və çeşidlənməsinə canla-başla kömək edir.

Zəlzələdə ölənlərin xatirəsini anmaq məqsədilə xalqımız Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısında yaradılan xatirə guşəsinin önünə gül dəstələri düzür. Bu guşəni Prezident İlham Əliyev də ziyarət etmiş və orada olan matəm kitabına öz ürək sözlərini yazmışdı: “Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik”. Türkiyə mediasında da görülən bu işlər əsl qardaş dəstəyi adı altında yayımlanıb: “Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir” sözləri xüsusi qeyd olunub. Bununla yanaşı,  Azərbaycan xalqının həm maddi-mənəvi, həm də sosial şəbəkələr üzərindən verdiyi dəstəklər də xüsusi ilə vurğulanıb. Heydər Əliyev Mərkəzinin binasının Türkiyənin Dövlət Bayrağı rəngində işıqlandırılmasına da xüsusi yer verilib.

Bununla da bütün dünyaya bir daha məlum oldu ki, nə olursa olsun biz daima bir-birimizə dayağıq. Türkiyənin sevinci sevincimiz, kədəri isə kədərimizdir.

Töhfə SƏMƏDOVA,

“Respublika”.