Avropa Şurasının işğalçı ilə işğala məruz qalan ölkələri eyniləşdirməsi qəbuledilməzdir
Siyasət

Avropa Şurasının işğalçı ilə işğala məruz qalan ölkələri eyniləşdirməsi qəbuledilməzdir

Avropa Şurasının insan hüquqları üzrə komissarının 16-23 oktyabr 2023-cü il tarixlərində Ermənistan və Azərbaycana səfəri ilə bağlı hesabatı əslində tərəflərin qarşılıqlı maraqlarına hesablanmış və bir növ, hər iki tərəfi də qane etmək məqsədi güdən, reallıqda isə həqiqəti təhrif edən bəyanatdır. Burada etnik təmizləmə və məcburi köçkünlüklə bağlı əsassız iddialar qeyd olunmasa da, Azərbaycanın reinteqrasiya məsələləri qabardılsa da, təəssüf ki, bir sıra aktual məsələlər vurğulanmayıb. Bunların ən önəmlisi də Qarabağdan məcburi köçürülən azərbaycanlıların taleyi, Ermənistanın bu ərazidə törətdiyi vandallıqlar nəticəsində buradakı tarixi abidələrin dağıdılması məsələsidir. Yəni Ermənistanın Azərbaycanı ittiham etdiyi etnik təmizləməni əslində o ölkənin özü edib.

Heç bir halda işğalçı ilə işğala məruz qalan ölkələri eyniləşdirmək olmaz və Avropa Şurasının bəyanatında təəssüf ki, bu, aydın ifadə edilir. Düzdür, Azərbaycan işğala son verib. Amma tarixi həqiqətləri unutmaq, təhrif etmək və ya ona cəhd etmək də özü-özlüyündə elə baş verən hadisəni törədənlərlə eyni məsuliyyəti daşımaqdır. Avropa Şurası yaxşı olardı ki, tərəfləri eyniləşdirmək yerinə, ədaləti bərpa etsin və reallıqları olduğu kimi təqdim etsin. Azərbaycan hər zaman bütün beynəlxalq təşkilatları Qarabağa səfər etməyə çağırıb: "Buyurub gələ, baş verən dağıntıları yerindəcə görə bilərlər".

Bu gün Azərbaycan bərpa prosesi çərçivəsində mühüm işlər görsə də, reallıq ondan ibarətdir ki, minalanmış ərazilərin sayı kifayət qədər çoxdur və bu ərazilərin tam təmizlənməsi bəlkə də on illər çəkəcək. Ölkəmiz bu reallıqlar çərçivəsində Ermənistanla sülh müqaviləsini imzalamağa hazırdır. Amma beynəlxalq təşkilat olaraq, Avropa Şurasının ümumiyyətlə, belə bir bəyanat səsləndirməsi və orada ədalət naminə eyniliyi təmin etməsi düzgün deyil. Rəsmi Bakının reaksiyası haqlıdır və təhrif edilən, yaxud eyniləşdirilən məqamlara mütləq şəkildə Azərbaycan tərəfinin iradlarına uyğun düzəlişlər edilməli və bu, növbəti bəyanatlarda öz əksini tapmalıdır. Bundan başqa, Avropa Şurası Azərbaycanın əleyhinə o qədər ədalətsiz bəyanatlar verib ki, rəsmi Bakı da artıq bunu, bir növ, təbii qarşılayır. Lakin bu, o demək deyil ki, biz Ermənistanla eyniləşdirilə bilərik.

Turan RZAYEV,

politoloq.