Avropa Parlamenti öz mogikanını seçməkdə çətinlik çəkir
Siyasət

Avropa Parlamenti öz mogikanını seçməkdə çətinlik çəkir

Aqoniya vəziyyətində olan işğalçı Ermənistana dəstək AP-ni deqradasiyadan çıxara biləcəkmi?

Oktyabrın 17-də Avropa Parlamentində "sülh şousu"nun məntiqi davamı kimi Ermənistanın baş naziri Nikol Paşinyanın ayaqüstü alqışlanması bəzi sualların cavabını dəqiqləşdirdi. Avropa Parlamenti daha bir riyakarlıq nümunəsi sərgilədi.

Yarandığı gündən ayrı-ayrı ölkələrin, daha uzun müddət ərzində isə sovet Rusiyasının əlində oyuncaq olan Ermənistan adlı terrorçu dövlət öz ağasını dəyişdirmək üçün dəridən-qabıqdan çıxır. Baş nazir Nikol Paşinyanın Avropaya bu qədər çevik dönüşü və qoca qitənin bəzi qütblərində ona göstərilən isti münasibətin Qərbin demokratiya istəyi ilə heç bir bağlılığı yoxdur. Bu, o Paşinyandır ki, Ermənistandakı bütün rəqiblərini ya həbsxanalara atıb, ya da ölkəsindən didərgin salıb. Belə bir vəziyyətdə işğalçı Ermənistanın baş nazirinə göstərilən "doğma münasibət" özündə çox qaranlıq məqamları əks etdirir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin may ayında Avropa Parlamentində çıxışı zamanı alqışlanması başa düşüləndir. Çünki Zelenski öz xalqının firavan həyatı uğrunda mübarizə və müharibə aparır. Bəs Paşinyan? Yoxsa, Avropa Parlamenti öz mogikanını seçməkdə çətinlik çəkir? Xalqının azadlığı üçün savaşan Zelenskidən fərqli olaraq, reverans (təzim) yolunu seçən Paşinyan daha cəlbedici görünürmü? Yoxsa, Avropa Parlamentinin özlərinin də etiraf etdiyi kimi, aqoniya dövrünü yaşayan işğalçı Ermənistana dəstək verməsi onun deqradasiyasından (tənəzzülündən) xəbər verir?

Əgər Paşinyanın məlum səfəri Ermənistan-Avropa Birliyi əməkdaşlığını xarakterizə etmiş olsaydı, bunu təbii qəbul etmək olardı. Belə olan halda baş nazirin çıxışının motivləri də fərqli olmalı idi. Məsələn, o deyə bilərdi ki, Ermənistanın işğalçılıq siyasəti keçmiş SSRİ-nin süqutu dövründən başlayaraq Cənubi Qafqazda müharibə qaynağı olub. Bu bölgənin infrastruktur imkanları Avrasiya üçün həyati əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi məhz Ermənistan tərəfindən 1991-ci ilin dekabrında bağlanıb və bununla Naxçıvan Muxtar Respublikası tam blokadaya salınıb. Bununla da, Cənubi Qafqazda münasibətlər iflic vəziyyətə düşüb. Paşinyan Avropa Parlamentinin tribunasında bu ifadələri səsləndirsə idi, tamamilə başqa mənzərə yaranardı. Amma təəssüf ki, Paşinyanın və yeni ağalarının məqsədi başqa olduğu üçün onu tamamilə başqa bir mətn üzərində danışdırıblar.

Çıxışı başdan sona ziddiyyətli məqamlarla dolu olan Paşinyan Avropa Parlamentinin tribunasında bir tərəfdən Azərbaycanı ittiham edib, digər tərəfdən Azərbaycanla mümkün sülhdən danışıb. Bir tərəfdən, azərbaycanlıların guya ermənilərə təzyiq göstərməsi barədə cəfəng ifadələr dilə gətirib, o biri tərəfdən isə Azərbaycanın şərtlərini qəbul etməyə hazır olduqlarını deyib. Bütün bunlar bir daha göstərir ki, müstəmləkəçilik iştahası ilə alovlanan Fransa regiondakı faktiki sabit vəziyyəti gərginləşdirmək istiqamətində fəaliyyətini davam etdirir. Paşinyanın Avropa Parlamentindəki çıxışının mətni də Parisdə hazırlanmış böhtan kampaniyalı cızma-qaralardan biridir. Bundan sonra Qafqazda baş verə biləcək növbəti xoşagəlməz vəziyyətə görə Fransa prezidenti Makron və Ermənistanın baş naziri Paşinyan birbaşa və eyni dərəcədə məsuliyyət daşıyırlar. Avropa Parlamenti isə Ermənistanın baş nazirinə birtərəfli qaydada tribuna verməklə bu məsuliyyətə şərik çıxır. Bir müddət sonra beynəlxalq mətbuatda Paşinyanın Avropa Parlamentindəki çıxışına şərait yaratmaq üçün erməni lobbisinin bu qurumun məsul şəxslərinə külli miqdarda rüşvət verməsi ilə bağlı məlumat yayılsa, bu, o qədər də təəccüblü görünməyəcək. Çünki son vaxtlar beynəlxalq təşkilatlardakı korrupsiya hallarına görə Avropa Parlamenti öncüllüyünü qoruyur. Ötən ilin sonlarında Avropa Parlamentinin sədr müavini Eva Kaylinin Brüssel polisi tərəfindən saxlanılması ilə bağlı yaranan qalmaqal buna bariz nümunədir.

T.SADIQOV,

"Respublika".