Bu amil səmərəli əməkdaşlığın, qarşılıqlı siyasi əlaqələrin formalaşmasında mühüm rol oynayır
"Beynəlxalq arenada biz müstəqil siyasət yürütməyə davam edəcəyik". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində deyib.
Azərbaycanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına dördüncü ildir sədrlik etdiyini xatırladan dövlət başçısı qeyd edib ki, 120 üzv ölkənin ümumi rəyinə əsasən ölkəmiz Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır. Hərəkatın institusional inkişafı ilə bağlı çoxlu addımlar atdıq, parlament və gənclər platformalarını yaratdıq, qadınlar üçün platformanın yaradılması üzərində işlədik. COVID-19 pandemiyası ilə bağlı 80-dən çox ölkəyə yardım etdik. Beləliklə, Qoşulmama Hərəkatında sədrliyimiz bizə siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaratdı. Sədrliyimiz yekdil qərarla əlavə bir il uzadılmışdır.
Prezident deyib: "120 ölkə, onların heç də hamısı bir-biri ilə yaxşı münasibətdə deyil, lakin Azərbaycana gəldikdə onların hamısı yekdilliklə bizi dəstəklədi. Beləliklə, bu, beynəlxalq dəstəyi ən yaxşı şəkildə nümayiş etdirir. Bəzən bəzi siyasətçilər beynəlxalq birlik haqqında danışdıqda onlar ola bilsin ki, onlarla ölkəni nəzərdə tuturlar. Lakin beynəlxalq birlik 200-dən artıq ölkədən ibarətdir və bu ölkələrin əksəriyyəti Azərbaycanı dəstəkləyir. Bu, yalnız bir istiqamətdir".
Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. Azərbaycan Prezidentinin böyük siyasi bilikləri, təcrübəsi, diplomatiya elmini dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Respublikanın təşəbbüskarı olduğu bütün layihələr əməkdaşlığın inkişafına yönəlib, ordumuz dünyanın ən güclü orduları sırasındadır. Bütün dünyaya sübut etmişik ki, müstəqil, firavan həyat sürürük. Gələcəkdə də bu yol davam edəcək. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, iqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır. İqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edilib. Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır.
Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdən bu günə kimi ilk növbədə Azərbaycanın müstəqil iqtisadiyyatını qurdu. Sabitlik olmasa, investisiya, iqtisadi inkişaf və təhlükəsizlik olmaz. SPECA Proqramına üzv olan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var. Azərbaycanın Mərkəzi Asiyada investisiyaları və Mərkəzi Asiyanın Azərbaycanda investisiyaları durmadan artır. Müstəqil iqtisadi siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində mühüm rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar qismində çıxış edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, milli dövlətlərin demək olar ki, hamısı Azərbaycanın yüksək beynəlxalq nüfuza malik olmasını xüsusi olaraq diqqətə çatdırmaqdadırlar. Azərbaycanın müstəqil xarici siyasət kursuna malik olması ölkəmizin yüksək beynəlxalq nüfuzunu şərtləndirən başlıca amildir. Bu, bir həqiqətdir ki, müasir dünya siyasətində milli dövlətlər əməkdaşlıq kriteriyası kimi ilk növbədə, müstəqil xarici siyasət kursuna malik olmaq etibarilə suveren subyekt kimi təmsil olunmaq qabiliyyətini və tərəfdaş dövlətin yerləşdiyi geostrateji bölgənin təhlükəsizliyinə nə dərəcədə təsir etmək imkanlarını əsas götürürlər. Bu baxımdan, Azərbaycan yüksək beynəlxalq reytinqə malik olan milli dövlət kimi tanınır. Bu siyasət milli maraqlara, ədalətə əsaslanır və bizə çoxlu dostlar qazandırıb.
Ölkəmiz hər zaman beynəlxalq münasibətlərdə balanslaşdırılmış, müstəqil siyasət həyata keçirir, ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirir. Xarici siyasətdə prioriteti qonşu ölkələrlə yüksək əməkdaşlıq münasibətləri qurmaq, mehriban qonşuluq şəraitində yaşamaqdır. Ermənistan istisna olmaqla, bütün qonşular, həmçinin digər xarici tərəfdaş ölkələrlə iqtisadi müstəvidə qurulan səmərəli əməkdaşlıq qarşılıqlı siyasi əlaqələrin formalaşmasında və möhkəmlənməsində mühüm rol oynayır. Bu gün həm də dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan qonşu ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmlənir. Burada Azərbaycan-Türkiyə-Gürcüstan və Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq platformalarını xüsusi qeyd etmək lazımdır. Bununla yanaşı, Avropa İttifaqına üzv ölkələrin bəziləri ilə qurulan strateji tərəfdaşlıq əlaqələrini də vurğulamaq olar.
Azərbaycan regionun aparıcı ölkəsi olmaqla yanaşı, dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir, qlobal məsələlərin həllinə cəlb olunur. Azərbaycanın suveren hüquqlarının, milli maraqlarının təmin edilməsi, ölkənin ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişaf etdirilməsi, Avropa üçün mühüm əhəmiyyət kəsb edən nəhəng transmilli enerji layihələrinin davam etdirilməsi qarşıdan gələn dövrdə də diqqət mərkəzində olacaq. Dövlətimizin milli maraqlara əsaslanan diplomatiyası, demokratikləşdirmə, hüquqi prinsiplərin reallaşdırılması istiqamətlərində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik olaraq tam gerçəkləşdirilməsini təmin edib. "Bu gün beynəlxalq münasibətlərdə kim güclüdür, o da haqlıdır" prinsipini öz bəyanatlarında dəfələrlə vurğulayan Prezident İlham Əliyev siyasi iradəsi ilə güclü dövlət konsepsiyasını həyata keçirməklə iqtisadi, siyasi və hərbi güc yaratmağa nail oldu.
Möhkəm təməl üzərində yaradılan güclü iqtisadi potensial, toplanmış maliyyə resursları cəmiyyət həyatının bütün sahələrinin dinamik tərəqqisinə, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin uğurlu həllinə imkan yaradır. Müasir dövrün qlobal çağırışlarına dəstək verən Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malikdir, dünya birliyinin ayrılmaz hissəsinə çevrilib. Ölkəmiz dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi məqsədilə BMT, ATƏT, Aİ kimi nüfuzlu beynəlxalq təşkilatlar, habelə ABŞ, Rusiya, Almaniya, Türkiyə, İngiltərə və digər dövlətlərlə sıx əməkdaşlıq edir. Strateji əməkdaşlıq imkanlarını yüksək səviyyədə dəyərləndirərək, son dövrdə Avropa Birliyi və institutları Birləşmiş Millətlər Təşkilatı və müvafiq qurumları ilə sıx əməkdaşlıq imkanlarını və perspektivlərini genişləndirmək istiqamətində addımlar atmaqdadır. Azərbaycan dövləti həyata keçirdiyi layihələrdə, xarici siyasətində milli amili mühüm faktor kimi ön planda tutmaqdadır.
Mustafa KAMAL,
"Respublika".