ABŞ-ın xarici siyasətində son günlərdə canlanma müşahidə edilir. Lakin bu canlanmanın "taym-aut"a hesablanmış siyasət olduğunu söyləyə bilərik.
Belə ki, dövlət katibi Antoni Blinkenin ötən gün münaqişə baş verən bölgələrə səfəri zamanı söylədiyi fikirlər bunu göstərir ki, ABŞ siyasi gedişlərində fasilə, münaqişə ocaqlarında isə toqquşmaların davam etməsində maraqlıdır. Ermənistana maddi yardım göndərməyə hazırlaşan bu ölkənin "haylara hay verməsi" bütün dövrlərdə olduğu kimi, bu dəfə də "istənilən münaqişədə qazanan tərəf ABŞ-dır" fikirlərinə təkan verir.
İsrail, İordaniya, İordan çayının qərb sahilləri, İraq və Türkiyəyə səfərlər edən ABŞ-ın dövlət katibi Antoni Blinkenin bəzi mesajları xüsusi diqqət çəkdi. Məhz İordan çayının qərb sahilində ərəb ölkələri ilə görüşən Blinkenin qəti fikirləri rəsmi Vaşinqtonun açıq siyasətini göstərdi: "Siz savaşın, biz qazanaq". Belə ki, üzünü ərəb ölkələrinə tutan dövlət katibi ötən həftə Prezident Co Baydenin fikirlərinə dəstək verərək İsrail-HƏMAS qarşıdurmasında atəşkəsin əleyhinə olduğunu bildirdi. Münaqişənin dayandırılmasının HƏMAS-ı yenidən gücləndirəcəyini deyən Blinken atəşkəs əvəzinə sadəcə "taym-aut"un mümkünlüyünü bildirdi. Əslində bu fasilə isə münaqişə üçün yox, ABŞ-ın özü üçün lazımdır. Son dönəmlərdə qarışıq siyasət yürüdərək özünü labirintə salan rəsmi Vaşinqton xarici diplomatiyasını nizama salmaq istəyir. Ötən əsrdə dünyada baş verən 2 böyük müharibə zamanı da qısa fasilələrlə dövlətlərə borc pul və silah satışı təmin edən ABŞ yenə özü üçün əlverişli yollar axtarır.
Nəticə etibarilə son dövrlərdə ölüm ayağında olan siyasətini süni tənəffüs vasitəsilə həyata qaytarmağı bacarmayan rəsmi Vaşinqton "reinkarnasiya", yəni öldükdən sonra yenidən dirilməklə durğunluq dövrünü atlatmaq və münaqişələrə qısa "taym-aut" elan edərək rəqibləri ilə müqayisədə həmin bölgələrdə üstünlük əldə etmək istəyir. Dövlət katibi Antoni Blinkenin ardıcıl səfərləri də bunu sübut edir. İraqa səfəri zamanı zirehli gödəkçə ilə media qarşısına çıxan Blinken "soyuq müharibə" şəraitində olduğu İrana da təhdidedici mesajlar verməkdən çəkinməyib. İranla İraqın da arasının qənaətbəxş olmadığını və ötən əsrin 80-ci illərində müharibə vəziyyətinin olduğunu nəzərə alsaq, ABŞ-ın rəsmi Bağdada səfəri "tortdan pay almaq" cəhdini göstərir.
Son günlər isə hayların səsinə hay verən ABŞ Ermənistana maddi yardım paketi ayırmağı nəzərdə tutur. Baş nazir Nikol Paşinyanın Qarabağdan köçüb gələn erməni sakinlərinə "qaçqın" statusu verməklə məsələni beynəlxalq səviyyəyə çıxarmaq istəyi ABŞ-ı da bu "dərdə şərik" edib. "Qaçqın" sözünün mənasını bilməyən Nikol bu statusu qəbul etməklə Ermənistanın işğalçı dövlət olduğunu qəbul etmiş olacaq. ABŞ isə bəzi qərb dövlətləri kimi 30 illik siyasəti davam etdirir. İkinci dünya müharibəsinin əvvəllərində, 1939-cu ilin sentyabrından 1940-cı ilin mayına kimi faşistlərin hücumlarına cavab verməyən qərb dövlətlərinin bu siyasəti sonradan tarixdə özünə maraqlı adla yer tapdı: "Qəribə müharibə". Bəli, sözdə müharibə edən dövlətlərin heç birinin 8 ay ərzində faşistlərə qarşı çıxmamasını Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlaya bilərik. Rəsmi Vaşinqton Birinci Qarabağ müharibəsi dövründə doğma yerlərindən deportasiya edilmiş azərbaycanlılara qarşı yardım haqqında qətnamə qəbul etmiş, lakin erməni lobbisinin əli ilə həmin qətnaməyə "907-ci düzəliş" edərək onu ləğv etmişdir. Beləliklə, Ermənistanın işğalına göz yuman ABŞ "Qəribə müharibə" dövrünün əsas iştirakçılarından olaraq bu gün öz fəaliyyətini münaqişə bölgələrində davam etdirir. Dünyada getdikcə öz təsir gücünün azaldığını hiss edən ABŞ "reinkarnasiya" vasitəsilə yenidən 2-ci raunda başlayıb. Bu dəfə isə qısa "taym-aut"larla...
Tacir SADIQOV,
"Respublika".