Siyasət

"Kauntdaun" yekunlaşır

Azərbaycanın Qarabağda keçirdiyi 19-20 sentyabr tarixli lokal antiterror tədbirlərindən sonra, sentyabrın 28-də qondarma rejimin və onun "müdafiə ordusunun" 1 yanvar 2024-cü ildən etibarən buraxılacağına dair "sonuncu mogikan" olan Samvel Şahramanyan "fərman" imzalamışdı. Onun yeni "fərmanında" deyilir ki, keçmiş xunta rejiminin 2023-cü il oktyabrın 1-dən bu yana bütün "sənədləri" etibarlıdır. Bu sözləri özünü Şahramanyanın "müşaviri" kimi təqdim edən Vladimir Qriqoryan erməni mediasına deyib. O, iddia edib ki, Şahramanyanın 19 oktyabr tarixli başqa bir "fərmanı" ilə qondarma qurumun bütün "hakimiyyət orqanları" - "dövlət naziri", "hökumət üzvləri", "parlament", "hüquq-mühafizə orqanları", habelə Xankəndinin "meri" fəaliyyətlərini maaşsız davam etdirirlər. Məhz həmin şəxslərə "yüksək" xidmətlərinə və çəkdiyi ağır iztirablara görə hər il dünyada qeyri-rəsmi olaraq ən axmaq insanlara verilən "Darvin mükafatı"nı təqdim etmək lazımdır. Guya həmin "sənəd"in legitim olmadığını bildirən separatçılar İrəvanda "zühur etməyi" qarşılarına məqsəd qoyublar. Bu isə təbii ki, sülhə əngəl yaradan amilə çevrilə bilər. Onsuz da ləng şəkildə irəliləyən proses daha da gecikə bilər.

Antiterror tədbirlərindən sonra separatçıların nümayəndələri Yevlaxda görüşə gəldilər. Daha sonra isə "sonuncu mogikan" xunta rejiminin buraxılması ilə bağlı "fərman" imzaladı. Qeyd olundu ki, 1 yanvarın 2024-cü ildən etibarən qondarma qurumun bütün "orqanlarını" buraxırlar. "Sənəd"ə əsasən Qarabağda mövcud olan separatçı rejimin tarixə qovuşduğu ilə özlərinin barışması üçün sayılı günləri qalıb. Lakin İrəvanda getdikcə qızışan separatçılar öz imzaladığı "sənəd"ə xilaf çıxmaq istəyirlər. Bu isə Ermənistanı təhlükəyə atır. Çünki özünü müstəqil hesab edən heç bir dövlət sərhədləri daxilində parçalanma görmək istəmir. Güman ki, onlar Cənubi Qafqaz regionundan çıxmalı olacaqlar. Yeni məkan isə çoxdan bəllidir. Özünü Ermənistanın bacısı hesab edən Fransanın əksəriyyəti erməni əsilli olan Marsilya şəhəri separatçılıq yuvası üçün ən ideal ünvandır. Məhz burada yeni versiya olan "marsax"ı yaradıb inkişaf etdirə bilərlər. 30 il boyunca xuntaya dəstək verən Fransanın yenə eyni qayğını göstərəcəyi şübhə altındadır. Separatçıların heç vaxt vətəni olmur. Onlar işğal etdikləri yerləri vətən hesab edirlər. 50 və ya 100 il sonra ermənilərin Fransız torpaqlarında iddialarının da əsası yaxın zamanda qoyula bilər.

Maraqlı məqam ondan ibarətdir ki, separatçıların İrəvandakı toplantılarına Paşinyan hakimiyyəti müdaxilə etmir. Bəzi dövlət nümayəndələri bu qanunsuz qurumun fəaliyyətini ölkəyə böyük təhlükə hesab etsələr də, hələlik ciddi heç bir addım atılmayıb. Yanvarın 1-də xuntanın İrəvandakı "ofisi" bağlanmalıdır. Beləliklə, "kauntdaun", yəni geri sayım taymeri yekunlaşır. Əgər xunta öz imzaladığı "sənəd"ə əməl etməzsə, Azərbaycan tərəfi Ermənistanı məsələnin həllinə vadar edə bilər. Bu isə ölkədə yeni vətəndaş müharibəsinin başlanacağına işarədir.

Təbii ki, digər variantda rəsmi İrəvan separatçılara sığal çəkməyə davam etsə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesi çətinləşəcək. Rəsmi Bakı heç bir halda Ermənistan ərazisindən yenidən Azərbaycana qarşı ərazi iddialarını qəbul edə bilməz. Hər halda məsələ bu yaxınlarda kökündən həll olunacaq. Sadəcə olaraq, "sonuncu mogikan" Samvel Şahramanyan ondan əvvəlki "rəhbərin" Bakıdakı şəraitindən ruhlanıb və istintaq təcridxanasında çay içmək istəyir. Əks halda, öz imzaladığı "sənəd"i tanımayan Samvel boşuna özünü oda atmaz.

Ötən həftə terrorçu "Daşnaksütyun" partiyasının gənclər qolu İrəvanın mərkəzindəki körpülərdən birində Bakıda həbsdə olan separatçı quldurların şəkillərini asaraq "erməni liderlər Bakıda həbsdədir" yazmışdılar. Bir neçə saatdan sonra həmin şəkillər körpüdən yığışdırıldı. Bu isə onu göstərir ki, hazırda ölkə separatçı məsələsində iki hissəyə bölünüb. Qarabağdan qayıdan erməni sakinlər vəziyyətlərindən narazıdırlar və İrəvan əhalisinin onlara doğma münasibət sərgiləmədiyini bildirirlər. Ermənistan vətəndaşlarının böyük əksəriyyəti isə separatçıların İrəvanda heç bir halda fəaliyyətini davam etdirməsinin tərəfdarı deyillər. Onlar qondarma qurumun başqa bir əraziyə köçürülməsi versiyasını irəli sürürlər. Bu təklif isə təbii ki, qeyri-ciddi qəbul edilir. Çünki Fransa kimi pozuculuq fəaliyyəti ilə məşğul olan dövlət belə öz ərazisində xunta rejiminin saxlanılmasına göz yummaq niyyətində deyil. O zaman "marsax" üçün ən son variant Mars planeti qalır ki, orada da hələ yaşayış mümkün deyil.

30 ildən çoxdur separatçılıqla məşğul olan, təxribatlar törədən, cinayətlərə imza atan separatçılar qəfldən Qarabağdan çıxmalı oldular. Təbii ki, xəbis niyyətli həmin şəxslər prosesi həzm edə bilmirlər. Bu baxımdan, yəqin ki, hələ bir müddət müqavimət göstərməyə çalışacaqlar. Lakin bu amil maksimum yanvarın 1-nə kimi davam etməlidir. Yəni keçmiş separatçı rejim üçün 2020-ci ildən sonra "kauntdaun" başladı. Həmin müddət isə Azərbaycanın xoş niyyəti sayəsində 1 yanvar 2024-cü ilə kimi uzadıldı. Məhz yanvarın 1-nə qədər müqavimət istəyi 0-a enməsə və Azərbaycana qarşı yeni təxribat planları qurulsa, şübhəsiz, artıq legitim addımlar atmaq zərurəti yaranacaq.

Tacir SADIQOV,

"Respublika".