Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Fazil Qəzənfər Oğlu Mustafa
Ömür yolu
1965-ci il oktyabrın 19-da Naxçıvan şəhərində anadan olmuşdur. 1982-ci ildə Naxçıvan şəhərində 10 saylı orta məktəbi bitirib. 1982-1984-cü illərdə 5 saylı Naxçıvan tikinti trestində fəhlə işləmişdir. 1984-1986-cı illərdə keçmiş Sovet Ordusunda əsgər kimi həqiqi hərbi xidmət keçmişdir.
1986-cı ildə daxil olduğu Bakı Dövlət Universitetinin Hüquq fakültəsini 1991-ci ildə bitirmişdir.
Milli Azadlıq hərəkatında fəal iştirak etmiş, "Çənlibel", "Yurd", "Şimali Azərbaycan Tələbə İttifaqı" kimi birliklərin rəhbərliyində olmuşdur. AXC Hüquq fakültəsindəki dayaq dəstəsinin sədri, eyni zamanda SSRİ Tələbə-Hüquqşünaslar Assambleyasının İdarə heyətinin üzvü olmuşdur.
1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrində çalısmışdır.
1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-Hüquq Şöbəsinin müdiri vəzifəsində işləmişdir.
1995-1998-ci illərdə Türkiyədə AXC sədrinin özəl təmsilçisi olmuşdur. 1998-2001-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini vəzifəsində çalışmışdır.
2001-2003-cü illərdə ikinci dəfə həqiqi hərbi xidmətə çağırılmış və döyüş bölgəsində baş leytenant rütbəsi ilə tağım komandiri vəzifəsində xidmət keçmişdir.
2003-cü ildə Böyük Quruluş Partiyasını təsis etmiş və ilk qurultayda həmin partiyanın başqanı seçilmişdir. 2006, 2009, 2012, 2016 və 2020-ci illərdə yenidən partiya başqanı seçilib.
2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında "Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü: fəlsəfi aspekt" mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.
2008-ci ildən Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin üzvüdür.
2020-2023-cü illərdə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti olmuşdur.
Üçüncü, dördüncü və beşinci çağırışlarda 26 saylı Birinci Sabunçu seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinə yenə də Birinci Sabunçu seçki dairəsindən deputat seçilmiş və hazırda Milli Məclisin Mədəniyyət Komitəsinin sədridir. F.Mustafa eyni zamanda Milli Məclisin İnsan hüquqları Komitəsinin üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında və TURK Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvüdür.
3 monoqrafiyanın, 27 kitabın və onlarca elmi məqalənin müəllifidir.
Rus və ingilis dillərini bilir.
Evlidir, 2 övladı var.
Giriş sözü
Siyasətə orta məktəb illərindən və milliyətçi dalğadan gəlmişəm. Sonradan universitetdə tələbə hərəkatı və Qarabağda erməni separatizminə qarşı mübarizə prosesində SSRİ-nin dağılması və müstəqil dövlət quruculuğunun zərurətini dərk etməyə başladıq. Ona görə də Azadlıq meydanını dolduranda sevinirdik, "Qalx ayağa millət, boğmasınlar səsimizi, bir bayraq altında birləşdir bizi" oxuyaraq yolları birlikdə addımlayırdıq. Ərazi itkiləri ilə, qaçqın və köçkün əzabları ilə, siyasi təlatümlərlə də olsa, bu dövlət müstəqilliyi əldə olundu və yaxşı-pis dünyanın sayılan dövlətləri ilə bir cərgədə üçrəngli bayrağımızı dalğalandırmaqdan qürur duyduq. İllər sonra müstəqil dövlətimizin güc sahibi olması nəticəsində rəşadətli ordumuz Qarabağda tam və qəti qələbə qazandı və Azərbaycan torpaqları işğaldan azad oldu. Nəticədə bu gün dövlət müstəqilliyimiz üçün əvvəlki təhlükələr arxada qalmışdır.
Azərbaycan insanı üçün dövlət müstəqiliyimizin tamamilə yeni mərhələsi başlayır və daha vacib dəyərlər önə çıxmaqdadır. İnsanlar mülkiyyət sahibi olaraq demokratik, ədalətli cəmiyyətdə zəngin yaşamağı arzulayırlar və bu əhval-ruhiyyədə məhz kommunist rejimlərdə olduğu kimi hamını bir yumruq kimi birləşdirən dövlət anlayışı deyil, sözün əsl mənasında öz sərvətini hamıyla, hər bir Azərbaycan insanı ilə paylaşan, bölüşən dövlət anlayışı əhəmiyyət qazanmağa başlayır. Artıq bir zamanlar əksəriyyətimizin arzuladığı müstəqil dövlətin xidmətçisi olan Azərbaycan insanı bu dövlətin təhlükəsiz mühitdə və rifah içində yaşayan vətəndaşı olmaq istəyir. Bizlər məhz bu istəyi gerçəkləşdirməyə borcluyuq. Bizlər insanı, onun marağını hər şeyin üstündə görürük. Bu gün vətənini sevən milyondan artıq insan öz vətənində tapa bilmədiyi çörəyi başqa inkişaf etmiş ölkədə axtararsa, onları vətəni az sevməkdə günahlandırmaq olmaz. "Qürbətdə xan olunca, vətənində dilən gəz!" fəlsəfəsi bizim üçün cəfəng və mənasız fəlsəfədir. Vətən dilənib gəzmək üçün deyil, vətən azad və rifah içində yaşamaq üçündür. Biz Azərbaycana məhz bu anlayışı, bu düzəni gətirmək istəyirik.
Demokratiya, liberalizm, sərbəst bazar iqtisadiyyatı, insan haqları, informasiya çağı, birdən dördəcən irəliləyən sənaye çağı kimi anlayışları biz kəşf etməmişik. Bununla belə, bizim digərlərindən fərqimiz dünyada yaxşı olan nə varsa onu alıb özümüzünküləşdirərək, dünya ilə aramızdakı fərqi azaltmaqdır. Azərbaycanın təbii sərvətinə arxayın olub tənbəlləşən bir insan zümrəsini, istehsal edən, düşünən və yaradan insana çevirməliyik. Dövlətdən asılı olmayan, istehsalla məşğul olan insan daha azad və sərbəst ola bilir, rəqabətə girməyə daha dözümlü olur. Bu isə həm insanımızın, həm də dövlətimizin zənginləşməsinə səbəb olacaq.
Azərbaycanın əsas problemi tədricən siyasi dövlətdən liberal dövlətə istiqamətlənməklə həll oluna bilər. Buna görə də dövlətin funksiya və güclərinin məhdudlaşdırılmasının, fərdin hər şeydən üstün tutulmasının vacibliyini vurğulayaraq, eyni zamanda bütün milli azlıqların və etnik qrupların hüquqlarının qorunmasını diqqətə alaraq xalqın qeyd-şərtsiz hegemon olduğu liberal-demokrat sistemə keçid zəruridir. Liberal dəyərlərə əsaslanan dövlət olmadan, demokratiya və azadlığı mənimsəmədən, dünyadakı zənginlikdən kifayət qədər pay almaq mümkün deyildir. Bilinən həqiqətdir ki, dünyanın ən inkişaf etmiş ölkələri insan hüquqlarına, sərbəst bazar iqtisadiyyatına və demokratiyaya ən çox sahib çıxan ölkələrdir. Qloballaşan dünyada özümüzü dünyadan təcrid etməmək üçün Azərbaycanın dəyişməsi, IV Sənaye İnqilabı çağının tələblərini anlayan, məhz bu dəyərlərə söykənən bir ölkəyə çevrilməsi qaçılmaz bir reallıqdır.
Əziz seçicilər! Bir prezidentliyə namizəd olaraq bu yığcam platforma "1 həyati və 50 vacib məsələ" adlanır. Müstəqillik dövrümüzdə böyük uğurlara imza atdığımız məqamlar yetərincədir. Mənim üçün həyati məsələ TƏHSİLdir. Bütün problemlərin düyün nöqtəsinin təhsillə əlaqəli olduğunu nəzərə alaraq bu sahədə problemlərə daha çox diqqət ayırmağı zəruri sayıram. Digər tərəfdən də cəmiyyət həyatımızı əhatə edən digər vacib problemlərin həlli yollarını göstərərək dəstəyinizi qazanmağa çalışacağam.
PREZİDENTLİYƏ NAMİZƏDİN SEÇKİ PLATFORMASI
(1 Həyati + 50 vacib MƏSƏLƏ)
Təhsilin keyfiyyətinə nəzarət - bu təhsil müfəttişlərinin yoxlaması demək deyil!
Mənim üçün həyati məsələ təhsildir. Həm də Siam ekizləri kimi bir-birindən ayrılmaz təlim və təhsil.
Bu gün ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsindən çox danışılır. Amma necə? Şübhəsiz ki, təhsilin keyfiyyətinin yüksəldilməsi, ümumilikdə, bir çox amillərlə bağlıdır. Ancaq bu amillərdən mühüm olanlarından biri də keyfiyyətə nəzarət mexanizmləri ilə bağlıdır.
Artıq müəllimlik şagirdi bazar şərtlərinə və rəqabətə hazırlayan texniki bir iş səviyyəsinə salınmışdır. Bu müəllim tipi ictimai məsuliyyətlərdən uzaqlaşmış, vəzifəsi şagirdləri mərkəzi imtahanlara hazırlamağa bərabər olan mexaniki bir texnik-müəllim olaraq tanına bilir. Etik və ədalət cavabdehliyi daşımayan bir müəllimlik modeli ortaya çıxmışdır.
Sivil dünya təcrübəsinə görə təhsilin keyfiyyətinə ən effektiv nəzarət müstəqil ekspertlər və bütövlükdə vətəndaş cəmiyyəti tərəfindən həyata keçirilənidir. Belə ki, dövlət tərəfindən müəyyən edilən standartlar əsasında apanlan təhsil prosesinin keyfiyyətinin konkret nəticələr əsasında obyektiv şəkildə qiymətləndirilməsi üçün heç bir tərəfdən asılı olmayan müstəqil qiymətləndirməyə ehtiyac var. Yalnız dövlət tərəfindən təhsilin keyfiyyətinə nəzarət edilməsi iki səbəbə görə effektiv deyil. Birincisi, təhsil standartlarını dövlət özü müəyyən edir ki, əgər təhsilin keyfiyyətsizliyi bununla bağlı olsa obyektiv və subyektiv olaraq bu ortaya çıxarılmayacaq. İkincisi, dövlət nəzarəti heç də şəffaf olmadığından, bu nəzarətin təhsilin keyfiyyətinə də real olaraq heç bir müsbət təsiri olmur.
Bir sözlə, ölkədə təhsilin keyfiyyətinin təmin edilməsinin zəruri şərtlərindən biri kimi keyfiyyətə müstəqil nəzarət mexanizmləri formalaşdırılmalıdır. Təcili olaraq aşağıdakı işləri görməliyik:
- 2005-ci ildən qoşulduğumuz Boloniya prosesindən ya imtina etməliyik, ya da ciddi şəkildə onun prinsiplərinə əməl etməliyik.
- Dövlətin böyük vəsaiti hesabına xarici ölkələrin ali məktəblərində təhsil alan tələbələr mütləq qayıdıb 5 il Azərbaycanda çalışmalıdırlar. İKT, fundamental elmlər, kənd təsərrüfatı, qida təhlükəsizliyi və s. sahələrdə kadr çatışmazlığını aradan qaldırmalıyıq.
- Müəllimlik peşəsini seçən, yüksək bal toplayan tələbələr stimullaşdırılmalıdır.
- Bölgələrimizdə müəllim çatışmazlığı danılmaz faktdır. XXI əsrdə belə hallar aradan qaldırılmalıdır. Coğrafiya müəllimi fizika, biologiya müəllimi riyaziyyat dərsini keçir. Fənlərin qeyri-ixtisas müəllimləri tərəfindən tədris olunması qəbul imtahanlarında öz mənfi təsirini göstərir. Müəllimlərin regionlara həvəslə dərs deməyə getməsi üçün əlavə stimullaşdırıcı tədbirlər hazırlanmalıdır.
Bizdə bilərəkdən təhsilin metodoloji, pedaqoji problemlərindən deyil, epizodik detalları gündəm etməyə çalışılır. Sertifikasiyadan, müəllimin uşaq döyməsindən, uşağın tik-tokda nəsə paylaşmasından bəhs edilir. Buna görə də mən istəyirəm ki:
- bir uşaq belə təhsildən kənarda qalmasın;
- uşaqların azı 70 faizi məktəbəqədər təhsilə cəlb olunsunlar;
- çağımızın tələbinə uyğun tərbiyəçi - müəllim hazırlığı üçün Proqram qəbul olunsun;
- şagirdlər repetitorsuz fənn proqramlarını mənimsəsinlər;
- müəllimlər dərs deməklə yanaşı, həm də tərbiyələndirsinlər;
- müəllim şagirdi döyməsin;
- şagirdin əlində telefon yox, kitab olsun;
- bütün məktəblərimiz keyfiyyətli təhsil versin, keyfiyyətdə coğrafiya faktoru götürülsün;
- məktəblərə direktor seçimi tanışlıq, qohumluq və maddi maraqla olmasın;
- elə dərsliklər yazılsın ki, şagirdlərin başqa mənbələrdə (test kitabçalarında) gözü qalmasın;
- məktəb məzunlarının azı 40 faizi keyfiyyətli təhsil və peşə öyrədən peşə məktəblərinə üz tutsunlar;
- internat məktəblərində uşaqların payına göz dikilməsin;
- azı ölkədə 20 müasir peşə təhsili məktəbi qurulsun;
- bütün ixtisaslar üzrə ali təhsil alanlar özlərinə asanlıqla iş tapa bilsinlər;
- ali məktəb müəllimləri o qədər maraqlı mühazirə oxusunlar ki, kənardan da dinləyicilər mühazirəni dinləməyə meyil etsinlər;
- müəllimlə tələbə oxuduqları kitabı müzakirə etsinlər;
- pullu özəl orta məktəblər hər il kasıb istedadlı uşaqlara 10 faiz yer ayırsınlar;
- məktəblərə əsasən kitabı bilən və intellektual şəxslər rektor təyin olunsun;
- mən istəyirəm ki, azı 3 universitetimiz Dünyanın aparıcı reytinqlərində əhəmiyyətli yer alsınlar.
Qeydə alınmış namizədlərin bu ödənişsiz təşviqat materialları Seçki Məcəlləsinə və MSK-nın müvafiq təlimatına əsasən dərc edilir.
Seçkiqabağı təşviqat materiallarındakı fikirlərə görə redaksiya məsuliyyət daşımır