2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır. Son 20 ildə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır.
Hər bir vətəndaşın rifahının davamlı yaxşılaşdırılması
Azərbaycan Respublikasında vətəndaşların rifahının davamlı yaxşılaşdırılması prioritet vəzifə müəyyən edilmiş, həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində bu sahədə mühüm nailiyyətlər əldə olunmuşdur.
2003-2023-cü illərdə dövlətin sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artmış, orta aylıq nominal əməkhaqqı isə 12 dəfə yüksələrək 923,1 manata çatmışdır. Son beş ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunmuş, minimum pensiya məbləği 2,5 dəfə, orta pensiya məbləği 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfəyə yaxın artmışdır.
Ötən dövrdə 2,7 milyondan çox yeni iş yerinin yaradılması sosial siyasətin ən böyük uğurlarındandır. Yüksələn gəlirlər sayəsində banklara qoyulan əmanətlərin həcmi 50 dəfədən çox artaraq 12,9 milyard manatı ötmüşdür.
Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəsi - əlillər, müharibə veteranları, aztəminatlı vətəndaşlar daim diqqət mərkəzində olmuş, şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 14,8 min mənzil və fərdi ev, 7600 avtomobil verilmişdir.
2003-2023-cü illər ərzində qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün ümumilikdə 8,7 milyard manat, o cümlədən dövlət büdcəsindən 5,6 milyard manat vəsait ayrılmışdır.
Özünüməşğulluq proqramının genişləndirilməsi, həssas qrupların kiçik biznesə çıxışının dəstəklənməsi təmin edilmiş, 79 minədək vətəndaş özünüməşğulluq proqramından faydalanmışdır.
2023-cü ildə 2003-cü ilə nisbətən işsiz əhalinin sayı 28,6 faiz, yoxsul əhalinin sayı isə 7 dəfə azalmışdır.
Qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan dayanıqlı iqtisadi artım
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2023-cü illərdə qazanılan iqtisadi uğurlar ölkəmizin ardıcıl yüksəlişini təmin etmişdir. Həyata keçirilən islahatlar nəticəsində yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat qurulmuş, Azərbaycan iqtisadiyyatı 3,6 dəfə artaraq 123 milyard manatı ötmüşdür. Milli iqtisadiyyatın strukturu əhəmiyyətli dərəcədə yaxşılaşmış, qeyri neft-qaz sektoru 3,5 dəfə, qeyri neft-qaz sənayesi 4,3 dəfə, kənd təsərrüfatı isə 2,1 dəfə böyümüşdür. İnformasiya və rabitə sektorunda yaradılmış əlavə dəyər 20,9 dəfə, turizm və ictimai iaşə sektorunda 17,5 dəfə, nəqliyyat sektorunda 4,1 dəfə artaraq qeyri neft-qaz iqtisadiyyatının inkişafına mühüm töhfə vermişdir.
Azərbaycan özünün iqtisadi müstəqilliyini tam təmin edən ölkəyə çevrilmiş, dövlətin maliyyə imkanları əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. 2003-cü ildə 1,6 milyard ABŞ dolları təşkil edən strateji valyuta ehtiyatları 43 dəfə artaraq 68,5 milyard dollara çatmışdır.
Dövlət büdcəsi 29 dəfədən çox artaraq sosial rifahla yanaşı, iqtisadi fəallığın da dəstəklənməsində aktiv rol oynamış, ölkə iqtisadiyyatının müxtəlif sahələrinə 318,9 milyard ABŞ dollarına yaxın investisiya cəlb edilmişdir.
İqtisadiyyat sürətlə şaxələnmiş və daxili istehsalın qlobal dəyər zəncirinə effektiv inteqrasiyası təmin edilmişdir. Xarici ticarət dövriyyəsi 10 dəfəyə yaxın artmış, qeyri neft-qaz ixracı 3,3 milyard ABŞ dollarını üstələmişdir.
Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq enerji və nəqliyyat-logistika layihələri iqtisadi inkişafın sürətləndirilməsinə, ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin güclənməsinə xidmət etmişdir.
Azərbaycanda rəqəmsal texnologiyalara keçid sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. MDB məkanında ilk olaraq məhz Azərbaycanda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Mərkəzi təsis edilmişdir.
Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sənaye, müasir texnologiya və innovasiya sahələrində böyük uğurlara malik ölkəmizin dünya miqyasında nüfuzunun artdığını bir daha nümayiş etdirmişdir.
Azərbaycan öz peyklərini orbitə çıxarmaqla dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer almışdır.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Milli Prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Milli Prioritetinin icrasının təmin olunması məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair l Dövlət Proqramı" qəbul edilmiş və hazırda icra olunur.
Ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən 12 milyard manat vəsait yönəldilmiş, mühüm yol-nəqliyyat, enerji təminatı və digər infrastruktur layihələri gerçəkləşdirilmiş, onlarla yaşayış məntəqəsinin təməli qoyulmuş və artıq bir sıra şəhər, kənd və qəsəbələrdə 1186 ailənin və ya 4691 nəfərin məskunlaşması təmin edilmişdir.
Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34500 ailənin doğma torpaqlarda layiqli şəkildə yaşayışı təmin ediləcək, həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası istiqamətində mühüm addımlar atılacaqdır.
Milli maraqlara söykənən müstəqil xarici siyasət
Ötən illər ərzində Azərbaycanın xarici siyasətində mühüm nailiyyətlər əldə edilmiş, ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlmişdir.
Həyata keçirilən hücum diplomatiyası və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən ölkəmizi dəstəkləyən sənədlərin qəbul edilməsi Azərbaycanın mövqeyini daha da gücləndirmiş və legitim addımlar atması üçün daha əlverişli imkanlar yaratmışdır.
Xalqımızın əbədi fəxarət mənbəyinə çevrilən 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Zəfər təkcə döyüş meydanında deyil, həm də diplomatik cəbhədə Azərbaycanın gücünü və potensialını aydın göstərmişdir.
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və 27 il kağız üzərində qalmış qətnamələrin icrasını Azərbaycan özü təmin etmişdir.
Vətən müharibəsində Qələbə qazanmaqla regionda yeni reallıqlar yaratmış ölkəmiz həm də siyasi müstəvidə bu reallıqların beynəlxalq aləm tərəfindən qəbul edilməsinə nail olmuşdur. Vətən müharibəsindən sonra bəzi xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın qarşısı qətiyyətlə alınmışdır.
Vətən müharibəsində şanlı Zəfər qazanmış Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün beynəlxalq hüquqa əsaslanan 5 əsas prinsipi təqdim etmişdir.
Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınmış, bir çox uğurlu beynəlxalq layihələrə imza atmış, təşəbbüslərlə çıxış etmiş, regional liderliyini daha da möhkəmləndirmişdir. Azərbaycan 155 ölkənin dəstəyi ilə 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, 2019-2023-cü illərdə isə BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik edərək bir sıra institusional yeniliklərin müəllifi olmuş və Hərəkatın beynəlxalq çəkisinin artmasında əhəmiyyətli rol oynamışdır.
Azərbaycan COVID-19 pandemiyası ilə qlobal mübarizədə ön sıralarda olmuş, BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı xüsusi sessiyasının çağırılmasına və "vaksin millətçiliyi"nə qarşı qətnamələrin qəbul edilməsinə nail olmuşdur.
Böyük Türk dünyasının ayrılmaz hissəsi olan Azərbaycan Türk dövlətləri arasında əlaqələrin genişləndirilməsinə və inkişaf etdirilməsinə, Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə dəyərli töhfəsini vermişdir.
Dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un cari ildə ölkəmizdə keçirilməsinə dair yekdil qərarın qəbul edilməsi də beynəlxalq ictimaiyyətin Azərbaycana olan böyük hörmət və etimadının bariz göstəricisidir.
Milli təhlükəsizlik və müasir ordu quruculuğu
Dəyişən qlobal və regional təhlükəsizlik mühitinə müxtəlif amillərin artan təsiri ilə əlaqədar Azərbaycanın milli maraqlarına mümkün təhdidlərin adekvat cavablandırılması və ölkənin davamlı inkişafı üçün zəruri şəraitin təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət bu sahədə qarşıda duran vəzifələrin yüksək səviyyədə həllini təmin etmiş, Azərbaycan qlobal və regional təhlükəsizliyə, sülhün və ədalətin qorunmasına, davamlı inkişaf üçün əməkdaşlığa mühüm töhfə verən ölkəyə çevrilmişdir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həyata keçirilən quruculuq fəaliyyəti nəticəsində Azərbaycan Ordusu dünyanın güclü orduları sırasına daxil olmuşdur. Ölkənin xarici hərbi-texniki asılılığının azaldılması məqsədilə qurulmuş milli müdafiə sənayesi ildən-ilə inkişaf etdirilir. Milli təhlükəsizlik sahəsində ölkəmizin qarşısında duran kompleks vəzifələrin son 20 il ərzində tam və effektiv həllinin nəticəsi olaraq Azərbaycan Ordusu 44 gün ərzində Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyaraq torpaqlarımızı işğaldan azad etdi. Bununla da xalqımıza, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı ən böyük təhdid aradan qaldırıldı.
Bu gün milli təhlükəsizlik siyasətinin bütün istiqamətləri üzrə - xarici siyasət, hərbi, ictimai, iqtisadi, sosial, ekoloji, informasiya, milli, dini və digər sferalarda vəzifələrin tam yerinə yetirilməsi dövlətimizin və cəmiyyətimizin mümkün təhdidlərdən etibarlı müdafiəsini təmin edir. Buna görə də Azərbaycanda daxili təhlükə mənbələri mövcud deyildir, əsas təhdid və təhlükələr ölkə sərhədləri xaricində formalaşır.
İnnovativ və müasir təhsil, qabaqcıl səhiyyə
Azərbaycanda elm, təhsil və səhiyyə sahələrinin davamlı inkişafına dövlət qayğısı əhəmiyyətli dərəcədə artırılmışdır. Sözügedən sahələrdə infrastruktur müasirləşdirilmiş, insan kapitalı inkişaf etdirilmiş, bu məqsədlə dövlət əsaslı maliyyələşmə mexanizmi yaradılmışdır.
Dövlət büdcəsindən təhsilə ayrılan xərclər 17,6 dəfə artırılmış, müəllimlərin ortaaylıq əməkhaqqı 830 manata çatdırılmışdır. Ölkədə məktəbəqədər təhsilin əhatə dairəsi davamlı olaraq genişləndirilmiş, bütün məktəb fondunun 80 faizi tam müasirləşdirilərək təhsilin maddi-texniki bazası gücləndirilmiş və 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılmış, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və yüksəkixtisaslı kadrların yetişdirilməsi məqsədilə gənclərin dünyanın ən qabaqcıl ali məktəblərində təhsil almasına dəstək göstərilmişdir.
Vətəndaşların sağlamlığının qorunması, göstərilən tibbi xidmətlərin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi, əhalinin tibbi xidmətlərə və dərmanlara əlverişli şərtlərlə çıxışının təmin edilməsi ölkəmizdə həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindəndir. 2003-2023-cü illərdə dövlət büdcəsindən səhiyyə xərcləri 31,1 dəfə artırılmış, 70 faizdən çoxu regionlarda olmaqla 700-dən artıq səhiyyə müəssisəsində təmir və tikinti işləri aparılmış, 300-dək yeni Ailə Sağlamlıq Mərkəzi yaradılmışdır. Hazırda icbari tibbi sığorta üzrə xidmətlər zərfi 3300-dən artıq tibbi xidmət ilə hər bir vətəndaşı əhatə edir.
Nəticədə, ölkə əhalisinin sağlamlığı yaxşılaşmış, ana və uşaq ölümünün davamlı azalmasına nail olunmuş, ömür uzunluğu 76 yaşa yüksəlmişdir.
Müasir, milli köklərə bağlı, vətənpərvər gəncliyin inkişafı
Son 20 ildə Azərbaycan gəncliyinin fiziki və mənəvi inkişafı, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində dövlət tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir. Bu sahədə normativ hüquqi baza müasir dövrün tələblərinə uyğun və dünyada mövcud müsbət təcrübəyə əsaslanaraq təkmilləşdirilmiş, gənclərə xidmət göstərən, müasir standartlara cavab verən infrastrukturun yaradılması və inkişaf etdirilməsi təmin olunmuşdur.
Bu dövr ərzində 32 "Gənclər evi" sosial xidmət müəssisəsi tikilmiş, ölkənin bütün inzibati ərazi vahidlərində Gənclərin İnkişaf və Karyera Mərkəzi nümayəndəliklərinin fəaliyyəti təşkil olunmuş, 30 Olimpiya İdman Kompleksi və onlarla digər idman qurğusu gənclərin və idman həvəskarlarının istifadəsinə verilmişdir. İdmana, idmançılara göstərilən diqqət və qayğı sayəsində təkcə Olimpiya medalçılarının sayı 47 nəfər olmuşdur.
Gənclərin məşğulluğu, biznes fəaliyyətinin təşkili və karyera quruculuğuna xüsusi diqqət yetirilmişdir. Azərbaycanın və dünyanın aparıcı universitetlərində müxtəlif sahələrdə dövlət vəsaiti hesabına təhsil almış gənclərimiz Azərbaycan dövlətinin davamlı inkişafına öz töhfələrini verirlər.
İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə "Yüksəliş" müsabiqəsi təsis edilmişdir və hər il müntəzəm olaraq keçirilir.
Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində əldə edilmiş nailiyyətlər Vətən müharibəsində şanlı Zəfərimizi şərtləndirən əsas amillərdən biri olmuşdur.
Dövlətin xüsusi diqqəti nəticəsində könüllülük gənclərin həyat tərzinə çevrilmiş və institusionallaşdırılmışdır. Bu gün Azərbaycanda könüllülük hərəkatına qoşulmuş yüz minlərlə gənc cəmiyyətə təmənnasız xidmət göstərir.
Demokratik inkişaf, insan hüquq və azadlıqlarının təmin edilməsi
İnsan hüquq və azadlıqlarının təmin edilməsi sisteminin səmərəliliyinin daha da artırılması, bu istiqamətdə məqsədyönlü ardıcıl siyasətin aparılması ölkəmizdə hər kəsin hüquq və azadlıqlarının qorunmasını yeni səviyyəyə qaldırmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş insan hüquq və azadlıqları əsas meyar kimi rəhbər tutulmaqla, müvafiq milli qanunvericiliyin təkmilləşdirilməsi və hüquqi təminatların genişləndirilməsi prosesi uğurla davam etdirilir.
Məhkəmə-hüquq sistemində qabaqcıl beynəlxalq standartlara uyğun islahatlar aparılmış, ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi, məhkəmələrin kadr potensialının inkişaf etdirilməsi, insanların keyfiyyətli hüquqi yardım almaq imkanlarının artırılması ilə bağlı təsirli tədbirlər görülmüşdür. Eyni zamanda, insan hüquq və azadlıqlarının təmin edilməsi üçün məhkəmədənkənar mexanizmlər də gücləndirilmişdir.
Qeydə alınmış namizədlərin bu ödənişsiz təşviqat materialları Seçki Məcəlləsinə və MSK-nın müvafiq təlimatına əsasən dərc edilir.
Seçkiqabağı təşviqat materiallarındakı fikirlərə görə redaksiya məsuliyyət daşımır