VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

21 yanvar

  • Ağdamda mina partlayıb, bir nəfər xəsarət alıb.

22 yanvar

  • GUAM-ın müşahidə missiyası Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək.
  • Dövlət başçısı Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında tikinti, abadlıq işləri və Ofis binasında yaradılan şərait ilə tanış olub.
  • COP29 ilə əlaqədar Təşkilat Komitəsinin ilk iclası keçirilib.

İqlim dəyişmələri ilə mübarizədə yeni mərhələ

Yanvarın 22-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ilk iclası olub.

İqlim dəyişmələri bu gün kainatı narahat edən qlobal problemlərdən birinə çevrilib və dəyişmələrin canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Bu gün dünyanın bir çox ölkəsi iqlim dəyişmələrindən ciddi şəkildə əziyyət çəkir, nəinki dövlətlərin iqtisadi vəziyyətinə, həmçinin insanların səhhətinə də ziyan vurur. Son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə istilik effekti yaradan qazlardan təşkil olunan antropogen amillərlə əlaqədardır. Bu qazlara karbon, metan, azot oksidi, azot-1 oksid və xlor-flüor birləşmələr daxildir.

Bu problemlərə diqqətin artması isə özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi-praktiki konfransların keçirilməsində büruzə verir. Ölkəmiz bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcək. Bu cür mötəbər toplantının Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən etimadın əyani sübutudur. Çünki iqlim dəyişmələri ilə mübarizə üçün real maliyyələşdirilmələrin aparılması, vəsaitlərin cəlb olunması əsas tələblərdəndir. Respublikamız da bu sahədə böyük təcrübəyə malikdir. Azərbaycanın bugünkü nüfuzuna, ölkəmiz tərəfindən beynəlxalq aləmdə görülən işlərə nəzər yetirsək, doğrudan da bu, real görünür. Bir sıra nüfuzlu ölkələrin liderlərinin, eləcə də bu sahə üzrə mütəxəssislərin Azərbaycanda toplanması yeni təşəbbüslərin, istiqamətlərin müəyyənləşməsinə mühüm töhfə olacaq. BMT-nin ən böyük tədbirlərindən biri olan COP29-un Azərbaycanda keçirilməsi respublikamızın beynəlxalq aləmdəki nüfuzunu daha da artıracaq. Azərbaycan bu cür mötəbər tədbirə evsahibliyi etməklə ölkəmizin nəinki bu istiqamətdə, hətta bütün sahələrdəki inkişafını dünya ictimaiyyətinin diqqətinə çatdıracaq.

23 yanvar

  • Dövlət başçısı Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuku qəbul edib.
  • Azərbaycan XİN Cozef Borrelin səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edib.

24 yanvar

  • Milli Məclisdə Azərbaycan və Özbəkistan parlamentləri arasında əlaqələrə dair müzakirələr aparılıb.
  • Azərbaycan AŞPA ilə əməkdaşlığı və təşkilatdakı iştirakını qeyri-müəyyən müddətə dayandırıb.

AŞPA-nın təməl prinsiplərindən bəzi dövlətləri ləkələmək üçün istifadə olunur

Torpaqlarımız işğaldan azad olunduqdan sonra maskalarını kənara qoyub  əsl simaları ilə məsələləri şərh edən Qərb təsisatları bir daha sübut etdilər ki, onlara beynəlxalq hüququn təmin edilməsi deyil, öz çirkin maraqlarını reallaşdırmaları daha vacibdir. AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi və almaniyalı deputat Frank Şvabe tərəfindən ölkəmizi təmsil edən deputatların səsvermə hüququnun dondurulması təşəbbüsü irəli sürülüb.

Buna səbəb kimi Azərbaycanda çox sayda siyasi məhbusun olması, Qarabağdan 100 mindən çox erməninin zorla qovulması, AŞPA nümayəndələrinin Laçın yolu vasitəsilə Qarabağa buraxılmaması və fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkilərinə dəvət olunmamaları göstərilib. Cavab olaraq AŞPA-da mövcud dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti bu qurumla əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Deyə bilərik ki, ilk baxışdan demokratik təsisat təəssüratı yaradan Avropa İttifaqının və AŞPA-nın bəzi məqamlarda eyni mövqedən çıxış etmələri onların bir mərkəzdən idarə olunduğunu göstərir. Həmin mərkəzlərin də "erməni sevgisi" virusuna yoluxması gözlərinin kor, qulaqlarının kar olmasına səbəb olub. Necə ki, ABŞ uzun illərdir öz əməllərinə BMT vasitəsilə don geyindirməyə çalışıbsa, bu gün eyni hal Fransa, Avropa İttifaqı və AŞPA tərəfindən baş verir. Artıq heç kəsə sirr deyil ki, qitənin nüfuzlu təşkilatları Fransanın diktəsilə, Parisdə yazılmış ssenarilər əsasında hərəkət edir. Təşkilatın kürsülərindən ölkəmizə qarşı səslənən əsassız bəyanatların erməni maraqlarına xidmət etməsinin əsl səbəbi də budur. "İnsan hüquqlarını", "demokratiyanı" və "qanunun aliliyini" özünün əsas prinsipləri hesab edən AŞPA-nın işğalçı ölkəni yox, Azərbaycanı günahlandırması kənardan təəccüblü görünə bilər. Lakin işğalçı Fransanın təsir dairəsinə düşmüş bir assambleyanın uzun illər sonra öz gücü hesabına ərazi bütövlüyünü bərpa edən Azərbaycanı dəstəkləməsi mümkün deyil.

Qeyd etmək lazımdır ki, bu prosesdə Almaniya təşəbbüsü ələ almaq niyyətindədir. Qərəzli qüvvələr Azərbaycana qarşı olan cəbhələri genişləndirirlər. Müasir səlibçi ideyaları ilə hərəkət edənlər tarixən törətdikləri bəşəri cinayətləri yenidən reallaşdırmağa çalışırlar. Bir məqamı qeyd etmək lazımdır ki, əsrlər boyu bir-birinə düşmən kəsilən Fransa və Almaniyanın bu qəbildən birləşməsi olduqca maraqlıdır. "Xaç qardaşlığı"nın yeganə hədəfi antitürk ideologiyasının reallaşdırılmasıdır.

  • Prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.

25 yanvar

  • Azərbaycan XİN Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ölkəmizə mina xəritələrinin təqdim olunması niyyəti barədə 2024-cü il 25 yanvar tarixli bəyanatını qeydə alıb.
  • Azərbaycan ilə Belarus arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.
  • Qərbi Azərbaycan İcması AŞPA-dakı son təxribatın qurumun islamofob mahiyyətini bir daha üzə çıxardığını bildirib.

26 yanvar

  • Milli Məclisin sədri Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinə məktub ünvanlayıb.
  • Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Argentinanın xarici işlər, beynəlxalq ticarət və ibadət üzrə naziri Diana Mondino arasında telefon danışığı baş tutub.
  • Füzulidə daha 30 ailəyə evlərinin açarları təqdim edilib.

27 yanvar

  • XİN İrandakı səfirliyə qarşı terror hücumunun birinci ildönümü ilə bağlı bəyanat yayıb.

Səfirliyimizə hücum ölkəmizə qarşı qərəz idi

Ötən il yanvarın 27-də Tehranda baş vermiş hadisə dövlətimiz və xalqımızda kəskin qəzəb doğurdu. Həmin gün Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə hücum oldu. Hadisə nəticəsində mühafizə xidmətinin rəisi qətlə yetirildi, iki nəfər isə yaralandı. 44 gün davam edən Vətən müharibəsindən sonra qələbəmizi həzm edə bilməyən qüvvələr qisaslarını xaricdəki diplomatik korpuslarımızdan və müdafiəsiz soydaşlarımızdan almağa başladılar. Artıq son iki ildə xarici ölkələrdə səfirliklərimizə bir neçə dəfə hücum təşkil edilib. Səfirliklərin ərazisi dövlətlərin ərazisi hesab olunur. Bu da suverenlik və səfirliyin fəaliyyət göstərdiyi ölkənin beynəlxalq və daxili hüquqla məsuliyyəti məsələsini önə çıxarır.

Şübhəsiz, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin təhlükəsizliyinin təmin edilməsi ev sahibi olan ölkənin öz üzərinə götürdüyü öhdəliyidir. Təəssüflər olsun ki, bəzi ölkələr öz öhdəliklərinə əməl etmirlər. Baş verən hadisələr diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsini bir daha diqqət mərkəzinə gətirir. Səfirliklərimizə ard-arda hücumların olması Azərbaycan dövlətinin siyasi iradəsinə təsir göstərmək cəhdləri kimi başa düşülür. Elə bu səbəbdən Livanda, Böyük Britaniyada, Fransada və İranda eyni hallar baş vermişdi.

Hadisədən bir neçə gün öncəyə nəzər salsaq, əslində hər şeyin planlı olduğu ortaya çıxır. İranda bir çox terror qrupları var. Bunlardan biri də "Hüseyniyyun" qruplaşmasıdır. Sözügedən terror qruplaşması səfirliyimizə edilən hücumdan bir neçə gün öncə "Hüseynçilər 1979" kanalında hücumun ola biləcəyinə dair şifrəli mesajlar veriblərmiş. Həmin kanalda "Böyük Cihada hazır olun" adlı süjet yayımlanıb. Süjetin tərkibi isə bundan ibarətdir: "Azərbaycanda şəriət rejiminin qurulmasının vaxtı çatıb...". Həmçinin bu kimi məlumatları öz teleqram qruplarında da yayımlayıblar. Hücumdan 10 saat əvvəl isə "hüseyniyyun himni" adlı mahnı paylaşılıb. Bu hadisələr onu göstərir ki, hücumun arxasında Azərbaycanın uğurlarına sevinməyən qüvvələr dayanır.

  • "Environmental Protection First" Koalisiyası Amuldağ qızıl yatağında monitorinq aparmağa hazır olmasına dair bəyanat yayıb.

Respublika”.