Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində demişdir: "Bir il əvvəl Yeni il bayramı münasibətilə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, əminəm, 2022-ci il də ölkəmiz üçün uğurlu olacaq. Belə də oldu. Qarşımızda duran bütün vəzifələr icra edildi, Azərbaycan daha da gücləndi. İki il əvvəl döyüş meydanında qazandığımız tarixi Qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik. Bu ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Hesab edirəm ki, bundan sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər təmin edildi və Azərbaycan tərəfindən təklif olunmuş məlum beş prinsip əsasında sülh müqaviləsi imzalana bilər. Bu il biz hərbi gücümüzü daha da artırmışıq, bu sahəyə daim böyük diqqət göstərilir. Azərbaycan həm İkinci Qarabağ müharibəsi dövründə öz hərbi gücünü göstərmişdir, eyni zamanda, müharibədən keçən iki il ərzində biz aparılan islahatlar nəticəsində, yeni silahlı birləşmələrin yaradılması nəticəsində, silahlar və müasir texnika ilə ordumuzu təchiz etməyimiz nəticəsində daha da böyük hərbi potensiala malik olduq...
Bu il Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının Qurultayı tarixi hadisə idi. Bu qurultayın məhz Şuşada keçirilməsi çox böyük rəmzi məna daşıyırdı. Necə ki, Azərbaycan cəmiyyəti, Azərbaycan vətəndaşları bir yumruq kimi birləşib, əminəm, dünya azərbaycanlıları, onların mütləq əksəriyyəti də eyni yanaşma göstərəcəklər. Hər halda güclü Azərbaycan dövləti onlar üçün böyük dayaqdır".
Ümummilli lider Heydər Əliyev "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncam imzalamışdır. Sərəncama əsasən, Dünya Azərbaycanlılarının I Qurultayı 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilmişdir. I Qurultayda 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə 406 nümayəndə və 63 qonaq iştirak etmişdi. Qurultay iştirakçıları planetimizin geniş coğrafi məkanını əhatə edən ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Gürcüstan, Avstriya, Rumıniya, İsveçrə, Avstraliya, Özbəkistan, Ukrayna, Estoniya, Latviya, Moldova, Qazaxıstan, Danimarka, Hollandiya, Finlandiya, Belarus, İsrail və s. dövlətləri təmsil etmişdilər.
Azərbaycan Respublikası qurultayda 130-dan çox müxtəlif dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir.
Qurultay xaricdə yaşayan azərbaycanlıların ümumi məqsəd, vahid "azərbaycançılıq" ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin - quruculuq və təşkilatlanma mərhələsinin əsasını qoymuşdur. Qurultay nümayəndələrinin təklifləri nəzərə alınaraq, disaporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdı. 2002-ci ilin dekabrında qəbul olunmuş "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun bu sahədəki prioritet istiqamətləri və hüquqi prinsipləri müəyyən etmişdi.
Ümummilli lider Heydər Əliyev qurultay zamanı öz çıxışında təkcə milli birliyə nail olmağın yolunu deyil, eyni zamanda onu qorumağın yollarını da göstərərək demişdir:
"Sizdən çox şey tələb olunmur. Sadəcə, Siz unutmamalısınız ki, dünyada müstəqil Azərbaycan dövləti var. Unutmamalısınız ki, bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır. Unutmamalısınız ki, Azərbaycan dövləti mümkün olan çərçivədə hər birinizin hüquqlarınızın qorunması üçün lazımi işlər görəcəkdir və bilməlisiniz ki, biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar haqqında daim düşünürük, maraqlanırıq, hər bir həmvətənimizin yaxşı, firavan yaşamasını istəyirik, yaşadığı ölkədə özünəlayiq yer tutmasını istəyirik. Azərbaycanlı həmvətənlərimiz, həmyerlilərimiz gərək yaşadığı hər yerdə digər xalqlara, millətlərə, yaşadıqları ölkənin vətəndaşlarına daim çatdırsınlar ki, bu gün Azərbaycan nədir, Azərbaycanın keçmişi nə olubdur, Azərbaycanın bu günü nədir, Azərbaycanın gələcəyi nədir?!".
2001-ci il noyabrın 9-da, qurultayın ilk iş günündə ümummilli lider Heydər Əliyev geniş nitq söyləyərək, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı bəhs etmişdir. Ulu Öndər dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi haqqında öz fikirlərini söyləmişdir.
Dünya Azərbaycanlılarının tarixi I Qurultayında aşağıdakı 5 sənəd qəbul olunmuşdur:
- Dünya Azərbaycanlılarının I Qurultayının qətnaməsi;
- Dünya Azərbaycanlılarının I Qurultayı nümayəndələrinin bütün dünya azərbaycanlılarına müraciəti;
- Dünya Azərbaycanlılarının I Qurultayı iştirakçılarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciəti ;
- Dünya Azərbaycanlılarının I Qurultayının Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciəti;
- Dünya Azərbaycanlılarının I Qurultayı nümayəndələrinin 2001-ci il sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında törədilmiş qanlı terror hadisələri ilə bağlı Amerika xalqına müraciəti.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il, dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" tarixi qərar qəbul edərək dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi.
Azərbaycan parlamenti 1992-ci il dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmasına dair qərar qəbul etdi. 1993-cü ildə isə Azərbaycan Prezidentinin fərmanı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmi bayram günü elan edildi.
Azərbaycanda başlayan milli-azadlıq mübarizəsinin ən gərgin vaxtında ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsinin Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm daşıdığını uzaqgörənliklə qeyd edirdi. Həmin dövrdə ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüş "azərbaycançılıq" ideyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından biri kimi müəyyənləşdirildi.
Beləliklə, Dünya Azərbaycanlılarının tarixi I Qurultayında dünyanın 70-dən çox ölkəsinə səpələnən 50 milyondan çox azərbaycanlının vahid "azərbaycançılıq" ideyası ətrafında birləşdirilməsinin və milli diasporumuzun formalaşdırılmasının əsası qoyuldu.
31 dekabr Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları arasında artıq bir zərurətə və mənəvi tələbata çevrilmişdir. Ulu öndər Heydər Əliyevin "azərbaycançılıq" ideyasının dünya azərbaycanlılarının həmrəyliyinin təmin edilməsində güclü diaspor təşkilatının formalaşdırılmasına və onların Azərbaycan dövləti ətrafında daha sıx birləşməsinin vacibliyinə diqqəti cəlb edərək, Dünya Azərbaycanlılarının I Qurultayında dediyi: "Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!!!",- dahiyanə fikirləri gündən-günə daha çox önəm daşıyır.
Dünya Azərbaycanlılarının tarixi I Qurultayının xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyi ən yüksək səviyyəli tədbir idi.
Dünya Azərbaycanlılarının II Qurultayı Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III Qurultay 2011-ci ildə, IV qurultay 2016-cı ildə Bakı şəhərində keçirilmişdir.
2006-cı il martın 16-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının II Qurultayı diaspor quruculuğu prosesində irəliyə doğru növbəti addım olmuşdur. Qurultayda qəbul olunmuş sənədlər - Dünya Azərbaycanlılarının II Qurultayının qətnaməsi, qurultayın Azərbaycan Respublikası Prezidentinə və dünya azərbaycanlılarına müraciətləri, keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatına (YUNESKO), Azərbaycan və türk diaspor təşkilatlarına müraciətləri xaricdə yaşayan azərbaycanlıların qurultaydan sonrakı müddətdə konkret fəaliyyət proqramı olmuşdur. Qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilmişdir.
Dünya Azərbaycanlılarının II Qurultayına ümumilikdə 1231 nümayəndə qatılmışdır. Qurultayda 49 xarici ölkədən 593 nümayəndə və 388 nəfər qonaq iştirak etmişdi. Tədbirdə Azərbaycan Respublikası 27 dövlət və hökumət qurumlarından, ictimai təşkilatlardan, elm, təhsil, mədəniyyət müəssisələri və yaradıcı təşkilatlardan, siyasi partiyalardan 638 nümayəndə və 625 qonaq ilə təmsil olunmuşdu.
Dünya Azərbaycanlılarının III Qurultayı 2011-ci il iyul ayının 5-6-da Bakı şəhərində keçirilmişdir. III Qurultayın dünya azərbaycanlılarına, keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici ölkə parlamentlərinə müraciətləri qəbul olunmuşdu. Qurultayda Azərbaycan Respublikasının bütün bölgələrindən olan nümayəndələr də iştirak etmişdir. Azərbaycan Respublikasının tarixində mühüm rol oynayan qurultayın işini 21 xarici ölkədən respublikamızda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin 163 nümayəndəsi işıqlandırmışdır. Bu mötəbər tədbirdə xarici ölkələrdən nümayəndə və qonaq qismində 102 nəfər gənc iştirak etmişdi.
Azərbaycan Prezidenti İlham Əliyev yenidən Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədri seçilmişdir. Əlaqələndirmə Şurası üzvlərinin sayı 107 nəfərdən 115-ə çatmışdır.
Dünya Azərbaycanlılarının IV Qurultayı 2016-cı il 3-4 iyun tarixində növbəti dəfə Bakı şəhərində keçirilmişdir. Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak etmişdir. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksəkvəzifəli şəxsləri, parlament üzvləri də olmuşdur. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, Qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurultayın açılış mərasimində iştirak etmiş və nitq söyləmişdir. Daha sonra Qurultay "Müasir dövrdə informasiya müharibəsi - müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri", "Keçmişin təcrübəsi və müasir düşüncə - Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya", "Lobbi quruculuğu: dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar kontekstində", "Cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirak" mövzularında panel iclasları ilə davam etmişdir.
İştirakçılar qurultayın qətnaməsini, qurultay nümayəndələri adından Prezident İlham Əliyevə müraciəti, dünya azərbaycanlılarına ünvanlanan müraciəti, qurultay nümayəndələri adından keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət başçılarına və parlamentlərinə müraciəti, qurultayın Ermənistanda yerləşən "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə müraciətini yekdilliklə qəbul etmişlər.
Ağalar ABBASBƏYLİ,
İsmayıl ƏLİYEV,
Bakı Dövlət Universitetinin professorları.