"Vestnik Kafkaza": Xankəndi şəhərinin Azərbaycan enerji sisteminə qoşulması təmin edilib
2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə keçirilmiş görüşdə müzakirə edilən məsələlərin həlli istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.
"Vestnik Kafkaza" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Administrasiyası məlumat yayıb.
Bildirilib ki, növbəti addım olaraq, Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib.
"TurkicWorld": Azərbaycanın sülh təklifini rədd edənlərin uğur qazanmaq şansı yoxdur
"TurkicWorld" xəbər saytı BMT-nin
Təhlükəsizlik Şurasının Qarabağa həsr olunmuş iclası barədə məlumat yayımlayıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iclasda çıxışı zamanı bildirib ki, Azərbaycanın sülh təklifini rədd edənlərin uğur qazanmaq şansı yoxdur:
"Ermənistanın destruktiv mövqeyindən irəli gələn bütün ciddi çağırışlara baxmayaraq, Azərbaycan bir daha Ermənistanla bir-birinin qanuni maraqlarına bərabər və qarşılıqlı hörmət əsasında həqiqi dialoqa və danışıqlara hazır olduğunu təsdiqləyir. Biz qəti şəkildə inanırıq ki, həm Azərbaycan, həm də Ermənistan üçün mehriban qonşuluq münasibətləri qurmaq və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində iki suveren dövlət kimi dinc, yanaşı yaşamaq üçün tarixi imkan var".
Azərbaycan XİN başçısı, həmçinin Ermənistanın revanşist məqsədlərə nail olmaq üçün gələcəkdə daha yaxşı şərait gözləyərək ədalətli və bərabər sülh təklifindən imtina etməsinin məqsədəuyğun olmadığını deyib.
"Militarnyi": Erməni separatçıları Qarabağda silahlarını təhvil verməyə başlayırlar
Azərbaycan Müdafiə Nazirliyi Qarabağdakı ermənilərdən silah-sursatın müsadirə edilməsinin ilk nəticələri barədə məlumat yayıb.
Bu barədə "Militarnyi" xəbər saytı məlumat verib. Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağdakı erməni separatçılarından silah-sursat götürülüb. Separatçılar Bakının bu həftə Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra silahlarını təhvil verməyə razılaşıblar. Siyahıya tanklar, piyadaların döyüş maşınları, haubitsalar, minaatanlar, Osa hava hücumundan müdafiə raket sistemləri, bir ədəd Tor yer-hava raket sistemi, qumbaraatanlar, atıcı silahlar, döyüş sursatı və digər silahlar daxildir.
"Anadolu Agentliyi": Azərbaycan Ermənistan silahlı qüvvələrinin Qarabağdakı şəxsi heyətinin Ermənistana qayıtmasına icazə veriləcəyini bildirir
"Anadolu Agentliyi" Azərbaycan və Ermənistan arasındakı razılıq haqqında xəbər yayımlayıb. Əldə olunmuş razılığa əsasən, tərk-silah edilmiş və tərxis olunmuş Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti Laçın-Xankəndi və Kəlbəcər-Basarkeçər marşrutları ilə Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana keçə biləcək. Keçid avtobuslar və şəxsi nəqliyyat vasitələri ilə həyata keçiriləcək.
Həmçinin Rusiya sülhməramlıları bildirib ki, Qarabağ bölgəsindəki erməni mülki əhali azərbaycanlılar tərəfindən heç bir təzyiqlə üzləşmir. Əlavə edilib ki, Xankəndi şəhərində həyat dinc formada davam edir.
"Euronews": Ermənistan və Azərbaycan liderləri sülh müqaviləsini müzakirə etmək üçün gələn ay İspaniyada görüşəcəklər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 5-də İspaniyanın Qranada şəhərində görüşəcəklər.
Bu barədə "Euronews" nəşri məlumat yayıb. Xəbərdə bildirilib ki, görüş iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını müzakirə etmək məqsədi daşıyır.
Yazıda o da qeyd olunub ki, Azərbaycan və Ermənistan liderlərinin toplantısında Fransa prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də iştirak edəcəklər.
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası,silah və sursat
Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 25-i saat 18:00-ə olan məlumatı açıqlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, siyahıda 797 atıcı silah və qumbaraatan, 42 artilleriya silahı, 165 hava hücumundan müdafiə vasitələri, 175 min 225 döyüş sursatı, 1440 təchizat və ləvazimat, 81 optik və digər cihazlar, 22 zirehli texnika, 75 avtomobil texnikası və 21 qoşqu yer alır.
“Əl-Cəzirə" telekanalında Qarabağda yaşayan ermənilərin reinteqrasiyası tədbirlərindən danışılıb
ADA universitetində İnkişaf və Diplomatiya İnstitutunun tədqiqatçısı, politoloq Anastasiya Lavrina Qətərdən yayımlanan "Əl-Cəzirə" telekanalına müsahibəsində 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb.
AZƏRTAC xəbər verir ki, ADA universitetinin əməkdaşı müsahibəsində Azərbaycan hökumətinin erməni sakinlərinin təhlükəsizliyinin, eləcə də bütün hüquqlarının təminatı üçün ölkə konstitusiyası və qanunları çərçivəsində zəmanətlər verdiyini bildirib. Qarabağın erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüşlərin onların sosial-ictimai məsələlərinin həlli barədə müzakirələrin aparılması üçün yaxşı imkan olduğu vurğulanıb.
Anastasiya Lavrina ermənilərin guya Azərbaycanda sıxışdırılması və təzyiqlərə məruz qalması barədə erməni tərəfinin dediklərinin dezinformasiya olduğunu, həqiqəti əks etdirmədiyini söyləyib. Qeyd edib ki, Azərbaycan tolerant və çoxmillətli ölkədir, burada indi də 30 min erməni yaşayır. Bakıda erməni kilsəsi fəaliyyət göstərir, ermənilərə qarşı heç bir təzyiq yoxdur.