ÜDM istehsalı artıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında ölkədə 80096,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Qeyri neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz artmışdır.
ÜDM istehsalının 42,4 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,8 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17,6 faizi digər sahələrin payına düşmüşdür.
Əhalinin hər nəfərinə düşən ÜDM 7895,0 manata bərabər olmuşdur.
Əsas kapitala yönəldilmiş vəsait
2023-cü ilin yanvar-avqust aylarında əsas kapitala 10 milyard 864,8 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,4 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 12,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 17,1 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 6199,6 milyon manatı və ya 57,1 faizi məhsul istehsalı sahələrinə, 4116,1 milyon manatı (37,9 faizi) xidmət sahələrinə, 549,1 milyon manatı (5,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 8336,5 milyon manatını və ya 76,7 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milyard 928,4 milyon manatı və ya 73,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
45,1 milyard manatlıq sənaye məhsulu
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-avqust aylarında 45,1 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 1,4 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 6,0 faiz artmışdır.
Sənaye məhsulunun 68,6 faizi mədənçıxarma sektorunda, 26,2 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Dünyanın 190 ölkəsi ilə ticarət əməliyyatları
Cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişlər. 111 ölkəyə məhsul ixrac olunmuş, 181 ölkədən isə idxal olunmuşdur. Gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2023-cü ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 26 milyard 333,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 16776,7 milyon dollarını və ya 63,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 9556,5 milyon dollarını (36,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmişdir. Nəticədə 7 milyard 220,2 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.
"Respublika".